"Deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil" - İlham Əliyev, Ter-Petrosyan Paşinyanı istefaya və ölkədən getməyə çağırıb

Şəklin mənbəyi, President.az
İlham Əliyev deyib ki, "deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil", Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanı istefa verib ölkədən getməyə çağırıb, ordu sıralarından ötən ay ehtiyata buraxılan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov həbs edilib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə martın 15-də Füzuli və Xocavənd rayonlarında olub.
O, səfər zamanı Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoyub.
Prezident təməlini qoyduğu Füzuli-Hadrut yolunun inşasının azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
"Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir... Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır," - o deyib.
Uzunluğu 13 kilometr olan bu yol Hadrut-Cəbrayıl-Şükürbəyli (uzunluğu 43 kilometr) avtomobil yoluna birləşir və 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.
İlham Əliyev çıxışı zamanı Hadrut qəsəbəsinin oktyabrın 9-da işğaldan tam azad edildiyini deyib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan deyildiyi kimi 7 rayonu yox, daha çox ərazisini işğaldan azad edib.
"Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik," - İlham Əliyev deyib.
Cənab Əliyev "Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin böyük əhəmiyyətə malik olan bir əməliyyat" adlandırıb.
"Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir - oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik".
O vurğulayıb ki, Şuşaya istiqamət götürmək üçün "məhz Hadrutun azad edilməsi önəmli" olub.
Daha sonra Azərbaycan Prezidenti işğaldan azad olunmuş Tuğ kəndindəki bəzi alban məbədlərində olub, Azıx kəndinə, burada yerləşən Azıx mağarasına baş çəkib,
Levon Ter-Petrosyan Paşinyanı istefa verib ölkədən getməyə çağırıb

Şəklin mənbəyi, Getty Images
Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan hesab edir ki, ölkədə yaranmış vəziyyətdə dövlət və xalq maraqlarından irəli gələn yeganə çıxış yolu Baş nazir Paşinyanın gecikdirmədən və könüllü istefa verməsi ola bilər.
O hesab edir ki, parlament tərəfindən Paşinyana hüquqi toxunulmazlıq zəmanəti verilməli və müvəqqəti də olsa, xaricdə sığınacaq imkanı təmin olunmalıdır.
Bu barədə Levon Ter-Petrosyan rəhbərlik etdiyi Erməni Milli Konqresinin mətbu orqanı "ilur.am" saytında dərc etdiyi məqaləsində yazıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə dəfələrlə bəyan edib ki, istefa vermək niyyətində deyil. O, istefa məsələsini yox, amma "həll variantı" kimi növbədənkənar parlament seçkilərini Ermənistanın Prezidenti Armen Sarkisyanla müzakirə edib.
Ter-Petrosyanın sözlərinə görə, bu halda Baş nazir səlahiyyətləri partiyasız Baş nazir müavininə həvalə olunmalıdır və o bitərəf olaraq ədalətli seçkilər keçirilməsini təmin edə bilər.
Levon Ter-Petrosyan Paşinyanın istefasını tələb edən "Vətənin xilası" hərəkatı tərəfindən Baş nazir namizədi təklif edilən Vazgen Manukyanın böhrandan çıxış yoluna dair bəyanatını da şərh edib.
Vazgen Manukyan hərəkatın adından bəyan edib ki, mövcud iqtidarın iştirakı ilə növbədənkənar seçkilərin keçirilməsi qəbuledilməzdir. Manukyan hesab edir ki, dinc mitinqlər və vətəndaş itaətsizliyi aksiyaları ilə ümummilli hərəkat formalaşdırıb mövcud hakimiyyəti istefaya məcbur etmək olar.
Onun sözlərinə görə, bu ssenariyə əsasən, ordu hakimiyyəti ələ keçirir, müvəqqəti administrasiya yaradılır və müəyyən vaxtdan sonra parlament seçkiləri keçirilir. Hərəkat Baş nazir Paşinyan hakimiyyətinin iştirakı ilə keçirilən seçkiləri "təhlükəli və Ermənistana xələl vura bilən" hesab edir.
Levon Ter-Petrosyan hərbçilərin müdaxiləsini qəti yolverilməz hesab edir.
"Bu, Konstitusiyaya ziddir və bunu anlayan ordu da, müxalifətin təzyiqinə baxmayaraq, bu variantı rədd etdi," - Levon Ter-Petrosyan deyib.
Ter-Petrosyan hesab edir ki, "Vətənin xilası" hərəkatının "dörd aylıq kütləvi tədbirləri və daxili fikir ayrılıqları onun geniş kütləvi dəstəyə malik olmadığını, tamamilə tükəndiyini göstərdi".
Ötən ilin sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsi baş verib və döyüşlər 44 gün davam edib. Hərbi əməliyyatlar 2020-ci ilin noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə atəşkəs bəyənatının imzalanması ilə dayanıb.
Razılaşmaya görə, Rusiya sülhməramlı qoşunları Qarabağa gələrək Ermənistan Ağdam, Kəlbəcər rayonlarını və Laçının isə böyük hissəsini Azərbaycana döyüşsüz qaytarıb.
Müharibə bitəndən sonra Ermənistanda onlarla müxalifət partiyasını birləşdirən "Vətənin xilası" hərəkatı Nikol Paşinyanı və onun hökümətini məğlubiyyətə görə istefaya çağırır. Bir neçə aydır ki, müxalifət qüvvələri kütləvi aksiyalar keçirir, hökümət binalarını əhatəyə alır, mərkəzi meydanlarda mitinqlər keçirir.
General-leytenant Rövşən Əkbərov həbs edilib

Şəklin mənbəyi, AZERTAG
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov həbs edilib.
Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.
Onun hansı səbəbdən həbs olunması barədə Baş Prokurorluq məlumat verməyib. Qurum bildirib ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Yerli mətbuatda gedən xəbərlərə görə, Rövşən Əkbərov dörd ay müddətinə həbs olunub.
Rövşən Əkbərov müdafiə naziri Zakir Həsənovun əmriylə ötən ay ordu sıralarından ehtiyata buraxılıb.
Rövşən Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub. İki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə, bir neçə dəfə isə müxtəlif orden və medallarla təltif edilib.
2016-cı ilin iyununda Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
İkinci Qarabağ müharibəsi müddətində onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.




























