You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Çovğunla bağlı xəbərdarlıq və tövsiyələr
Çovğunla bağlı sürücülərə xəbərdarlıq və tövsiyələr, Ermənistanın Metsamor AES-ində saxlanılan bəzi cəsədlərin kimliyi "müəyyənləşdirilməyib", Azərbaycan Rusiyanın "Sputnik V" və Avropanın "AstraZeneca" vaksini alır, bu gündən Azərbaycanda hava şəraiti pisləşməyə başlayacaq. Təhsil naziri Emin Əmrullayev deyib ki, şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da "vacib məsələdir" - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Çovğunla bağlı sürücülərə yeni xəbərdarlıq və tövsiyələr
Azərbaycanda gözlənilən çovğunla bağlı sürücülərə müraciət edən Bakı Nəqliyyat Agentliyi "xüsusən enişli-yoxuşlu yollarda" yarana biləcək qəza və "digər xoşagəlməz" halların qarşısının alınması üçün diqqətli olmağa səsləyir.
"Sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar".
Qurum cümə axşamı günü yaydığı bəyanatında qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermək tövsiyə olunur.
Sərnişinlərdən isə xahiş olunur ki, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər.
Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək ciddi zərurət olmadan güclü küləkli və çovğunlu havada bayıra çıxmamağı tövsiyə edib.
Milli Hidrometeorologiya Xidməti bildirib ki, martın 12-də çovgun gözlənir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Milli Hidrometeorologiya Xidməti bildirib ki, martın 11-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənir.
Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək 15-20 m/s, arabir 23-28 m/s sürətlə şimal-qərb küləyinin əsəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi, martın 11-də arabir yağış yağacağı, 12-də gündüz yağışın sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir, qurum bildirib.
Milli Hidrometeorologiya Xidməti martın 12-də günün ikinci yarısında çovğun olacağının gözlənildiyi, havanın temperaturunun 3-5 dərəcə enəcəyini, martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacağını qeyd edib.
Fövqəladə Hallar Nazirliyi ki, insanlar həmin günlərdə çöldə olarkən yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmalı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamalıdırlar.
Ölənlərin cəsədləri Metsamorun "soyuducularında saxlanılır"
Qarabağ müharibəsi vaxtı həlak olanlara məxsus bəzı cəsədlər Metsamor Atom Elektrik Stansiyasının xüsusi morqunda saxlanılır. Bu barədə Ermənistanın Səhiyyə naziri bildirib.
"Bəli, Metsamorda morqumuz var və cəsədlər orada saxlanılır. Bunlar bu kimi hallar üçün nəzərdə tutulmuş xüsusi soyuduculardır", - nazirin sözləri Ermənistan mediasında iqtibas olunur.
Anahit Avanesyanın sözlərincə, müharibə vaxtı ölən hərbçilərdən bəzilərinin qalıqları o qədər zədələnib ki, onların kimliyini müəyyənləşdirmək olmur.
"Bəzi hallarda DNT analizini aparmaq olduqca çətindir. Əlbəttə, müəyyənləşdirilməsi mümkün olmayan bəzi qalıqlar var. Bəzi cəsədlər o qədər zədələnib ki, onların müəyyənləşdirilməsini başqa ölkələrdə də aparmaq mümkün deyil ".
Anahit Avanesyan, hazırda 210-a yaxın nümunənin öyrənilməsi ilə bağlı "çətin işlərin" aparılmasına ehtiyac olduğunu bildirib.
Ermənistan rəsmisinə görə, indiyədək 2200-dən çox cəsəd və qalığın kimliyi müəyyən olunub.
Azərbaycan daha 732 min doza vaksin alır
Bu barədə Baş nazir Əli Əsədov cümə axşamı günü sərəncam imzalayıb.
Sənəddə deyilir ki, Rusiya istehsalı "Sputnik V" vaksinindən 300 min doza, İsveç istehsalı olan "AztraZeneca" vaksinindən 432 min doza vaksin alınır.
Bunun 180 gün ərzində həyata keçiriləcəyi qeyd olunur.
Azərbaycanda peyvəndlənmə dövlət hesabına və könüllü aparılır.
Ölkədə indiyədək Çinin Sinovac şirkətinin "CoronaVac" vaksini vurulur.
Məktəbdaxili qısnama və şagirdlərə qarşı zorakılıq
Azərbaycanda məktəbdaxili qısnama və şagirdlərə qarşı zorakılıq əleyhinə "mexanizmlər tətbiq olunacaq," təhsil naziri Emin Əmrullayev açıqlayıb.
Nazir söyləyib ki, şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da "vacib məsələdir".
"Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsinə dair profilaktika mexanizmləri də hazırlanıb və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək," - Emin Əmrullayev Facebook hesabında yazıb.
Onun sözlərinə görə, antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 məktəb rəhbərinə təlim keçirilib.
Nazir məsələnin "bir şəxs və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan" asılı olduğuna inandığını, məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində "xüsusi rolunun" olduğunu bildirib.