Yerevanda parlament binası qarşısında Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilir

Çap edildi

Yerevanda parlament binası qarşısında, artıq 5-ci gündür ki, müxalif qüvvələr tərəfindən bağlanmış Marşal Bağramyan prospektində Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq başlanıb.

Mitinqi 17 siyasi partiyanın təmsil olunduğu "Vətənin Xilası Hərəkatı" təşkil edib.

Hərəkatda cəmləşən qüvvələr Paşinyanın dərhal istefaya çıxmasını tələb edir, həmçinin Baş nazirin istefası tələbilə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargahına tam dəstəyini bildirir.

Mitinqin əsas şüarları: "Ermənistan Nikolsuz", "Nikol - satqın" və "Millət, ordu, qələbə"dir.

Ermənistan TŞ Prezidenti Baş qərargah rəisinin istefası haqqında fərmanı imzalamağa çağırıb

Ermənistan Milli Təhlükəsizlik Şurası Ermənistan Prezidentini Baş qərargah rəisinin istefası haqqında fərmanı imzalamağa çağırıb.

Ermənistan Milli Təhlükəsizlik Şurası bəyanat yayaraq, ordunu "siyasi proseslərə cəlb etmək" cəhdlərini pisləyib və Prezident Armen Sarkisyanı Baş nazir Paşinyanın Baş qərargah rəisi Onik Qasparyanın istefası haqqında fərmanını imzalamağa çağırıb.

Bu gün səhər saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Ermənistan hökumətinin mətbuat xidmətindən aldığımız məlumata görə, Təhlükəsizlik Şurasında "daxili və xarici təhlükəsizlik gündəliyi, təhdidlər və onların aradan qaldırılması yollarına aid məsələlər müzakirə olunub".

İclasda Təhlükəsizlik Şurasının üzvləri olan Silahlı Qüvvələrin Baş qərargah rəisi Onik Qasparyan və Ermənistan Prezidenti Armen Sarkisyan iştirak etməyiblər.

Prezident administrasiyası mətbuat xidmətinin məlumatına görə, Prezident Sarkisyan səhhəti səbəbindən iclasda iştirak edə bilməyib.

Baş qərargah rəisinə gəlincə, Təhlükəsizlik Şurasının protokoluna əsasən, Onik Qasparyana iclasa dəvət göndərilib, lakin hazırda onun istefası ətrafında yaranmış vəziyyətlə bağlı, o, iclasa gəlməyib, yerli KİV-də ehtimal olunur.

Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, Konstitusiyaya görə, Silahlı Qüvvələr siyasi proseslərə cəlb oluna bilməz və vətəndaş nəzarəti altında olmalıdır.

Qanuna əsasən, hökumət başçısı ali hərbi vəzifəli şəxs olan Baş qərargah rəisinin vəzifəyə təyin və ya vəzifədən azad edilməsi üçün vəsatət verir, ölkə Prezidenti isə Konstitusiyaya əməl edilməsinə nəzarət edən önəmli təsisat olaraq, müvafiq münasibət göstərməlidir, bəyanatda deyilir.

Buna əsaslanaraq, Təhlükəsizlik Şurası respublika Prezidentini Baş nazirin Baş qərargah rəisini vəzifədən azad etmək barəsində vəsatətini təmin edib imzalamağa çağırır.

Gərginliyə Baş nazir Paşinyanın Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı istefaya göndərmək əmri səbəb olub.

Xaçatryan Baş nazir Paşinyanın "İsgəndər" raket komplekslərinin səmərəliliyinə dair bəyanatını istehza ilə şərh etmişdi.

Bundan sonra Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazirin və nazirlər kabinetinin istefasını tələb edən bəyanatla çıxış edib.

Bunun cavabında Paşinyan Baş qərargah rəisinin istefasına sərəncam verib, lakin Prezident Armen Sarkisyan müxalif və parlament siyasi qüvvələri və hərbi rəhbərliklə məsləhətləşmələrdən sonra, sənədi imzalamayıb və geri qaytarıb.

Baş nazir yenidən Onik Qasparyanın istefası haqqında vəsatətini Prezident Armen Sarkisyanın təsdiqinə göndərib.

Eyni zamanda "Mənim addımım" iqtidar partiyasından Prezident Sarkisyana impiçment elan etmək təklifləri haqqında fikirlər səslənir.

Paşinyanın partiyası Prezidentə impiçment elan etmək ehtimalını dilə gətirib.

Bu barədə "Mənim addımım" hakim parlament fraksiyasının üzvü Vahan Hovakimyan öz Facebook səhifəsində yazıb.

Hovakimyan yazır ki, qanuna görə, Prezident fərman layihəsini öz qeydləri ilə qaytara bilər. İlk baxışdan, Sarkisyan öz konstitusiya hüququndan istifadə edib, lakin əslində bu, belə deyil, o yazır.

Hovakimyan Prezidentin "ixtiyari" hərəkətində "dövlət təhlükəsizliyini təhlükə altına qoyan və vəziyyətin sabitsizləşməsinə gətirə bilən elementlər" müşahidə olunduğunu və impiçment elan etmək üçün əsas olduğunu bildirib.

Ermənistan Prezidenti Baş qərargah rəisinin istefası ilə bağlı öz qərarına qeyri-adekvat reaksiya göstərildiyini bildirib.

Prezident Armen Sarkisyanın bazar ertəsi yaydığı bəyanatda deyilir ki, Onik Qasparyanın vəzifədən azad edilməsi haqqında fərman layihəsinin qaytarılması "yolverilməz spekulyasiya və qeyri-adekvat reaksiyalar doğurub".

Armen Sarkisyan qeyd edir ki, öz səlahiyyətlərini sırf Konstitusiya tələblərinə uyğun, milli və dövlət maraqları əsasında icra edir.

Onun sözlərinə görə, Prezidentin dövlət başçısı kimi, ən əsas vəzifəsi Konstitusiya tələblərinə riayət edilməsinə, vəziyyətdən çıxmaq məqsədilə prezidentlik təsisatını dialoq və danışıqlar meydanı kimi istifadə etməkdir.

"Prezident olaraq, mən dəfələrlə siyasi qüvvələr arasında fikir ayrılığının aradan qaldırılması və qarşılıqlı məqbul qərarlar axtarışı üçün danışıqlar masası ətrafında birləşdirməyə hazır olduğumu bildirmişəm", - bəyanatda deyilir.

Baş nazir Paşinyan Prezident Armen Sarkisyanla görüşüb

Bu gün Baş nazir Nikol Paşinyan prezident Armen Sarkisyanla görüşmək üçün Prezident iqamətgahına gedib, çünki Sarkisyanın səhhəti ilə problemləri var, Ermənistan Prezidentinin mətbuat xidməti bildirir.

Məlumata görə, Sarkisyan və Paşinyan ölkədə yaranmış daxili siyasi vəziyyəti müzakirə ediblər.

Armen Sarkisyanın mətbuat xidməti bəzi yerli kütləvi informasiya vasitələri tərəfindən guya Paşinyanın Baş qərargah rəisinin vəzifədən azad edilməsi fərmanını imzalatmaq məqsədilə Prezidentə təzyiq cəhdi etdiyi haqqında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirir.

Ermənistan Prezidentinin mətbuat xidməti ölkədə vəziyyəti daha da gərginləşdirə biləcək "bu kimi dezinformasiyalar" yaymaqdan çəkinməyə çağırıb.

Kreml Paşinyanın sözçüsünün "İskəndərlə" bağlı açıqlamasından "məmnundur"

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ermənistan Baş Naziri Nikol Paşinyanın sözçüsü Mane Gevorgyanın İskəndər raket sistemləri ilə bağlı açıqlamasından məmnun olduğunu bildirib, Ermənistanın Armenpress agentliyi Ria Novostiyə istinadən yazır.

Xəbərdə bildirilir ki, Dmitri Peskov "bu məsələdə həqiqətin bərpa olunmasının çox vacib olduğunu" deyib.

Bazar ertəsi günü Paşinyanın mətbuat katibi Mane Gevorqyan açıqlama verib ki, "Paşinyana "İskəndər" haqqında səhv məlumat verilib," Sputnik Armenia agentliyi yazıb.

Yerevanda bir qrup şəxs hökumət binasına "basqın edib"

Ermənistanın Baş naziri Nikol Paşinyana müxalif olan bir kəsimin Yerevanın mərkəzindəki hökumət binasına "basqın etdiyi bildirilir", bu barədə Rusiyanın RİA Novosti agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, şəxslərin daxil olduğu binada bir neçə nazirliyin ofisi var.

"Müxalifətçilər birinci mərtəbədəki foyedə mitinq keçirərək departament rəsmilərini Paşinyan tərəfdarlarının mitinqində iştirak etməməyə çağırdılar. Nazirlər Kabineti rəhbərinin istefasını tələb edən şüarlar səsləndirərək binanı tərk etdilər", - məlumatda qeyd olunur.

"İşimizi tamamlayırıq. Məqsədimiz hər hansı bir nazirliyə girə biləcəyimizi göstərmək idi," - agentlik iştirakçılardan birindən sitat gətirib.

Ermənistanda Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Yerevanda Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda "daxili və xarici təhlükəsizlik gündəliyi, təhdidlər və onların aradan qaldırılması yollarına aid məsələlər müzakirə olunub".

Ermənistanda son vaxtlar Nikol Paşinyanın vəzifədən getməsi üçün çağırışlar səsləndirilir, mitinqlər təşkil olunur.

Paşinyan vətəndaşları bu gün mitinqə çağırıb

Ermənistan Baş naziri Nikol Paşinyan vətəndaşları bu gün mitinqə çağırıb.

Nikol Paşinyan ölkə vətəndaşlarını 2008-ci il mart hadisələrinin növbəti ildönümü münasibətilə bazar ertəsi saat 18:30-da keçirilən mitinqdə iştiraka səsləyib.

"İlk növbədə bu, simvolik gündür. Və sabahkı mitinqimizlə xalqımızı demokratik və konstitusiya quruluşunu, eləcə də xalq hakimiyyətini dəstəkləməyə hazırlığını təsdiq etməlidir," - Paşinyan fevralın 28-də Facebook vasitəsilə müraciətində deyib.

Bu gün həmçinin Ermənistanda bütün ictimai-siyasi qüvvələr "2008-ci il ixtişaş qurbanlarını" yad edib yürüş keçirəcəklər, BBC News Azərbaycancanın Yerevan müxbiri xəbər verir.

Sputnik Armenia yazır ki, Ermənistanda 2008-ci ilin martın 1-də baş verrmiş ixtişaşlar zamanı 10 nəfər ölüb, 200-dən çox şəxs yaralanıb.