Cəsədləri tapılan 13 Türkiyə vətəndaşı: Azərbaycan Türkiyəyə başsağlığı verir

Çap edildi
Oxuma vaxtı: 3 dəq

Azərbaycan İraqda cəsədləri aşkarlanan 13 Türkiyə vətəndaşının ölümü ilə bağlı Türkiyəyə başsağlığı verib, Ermənistanın Fövqəladə Hallar Nazirliyi "güclü zəlzələnin" gözlənildiyi barədə məlumatları "rəsmən təkzib" edib, Rusiyada razılaşdırılmamış etiraz aksiyaları keçirilib, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Azərbaycan Türkiyəyə başsağlığı verir

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövlət başçısı Recep Tayyip Erdoğana İraqda cəsədləri aşkarlanan 13 Türkiyə vətəndaşının ölümü ilə bağlı başsağlığı verib.

Türk Silahlı Qüvvələrinin Pençe Kartal-2 əməliyyatı vaxtı İraqın şimalındakı mağarada 2015-ci ildə qaçırılan mülki şəxslərin cəsədləri tapılıb.

Türkiyənin müdafiə naziri deyib ki, onlar "terrorçular tərəfindən" qətlə yetirilib. Hulusi Akarın sözlərinə görə, hadisə "PKK-nın məkrli" üzünü göstərib.

Türkiyə mətbuatı əməliyyat zamanı 50-dən çox PKK üzvünün öldürüldüyünü bildirdi.

PKK təşkilatı 1984-cü ildə kürdlərin sıx yaşadığı Türkiyənin cənub-şərqində partizan müharibəsinə başladığını elan edib. O zamandan bəri davam edən qarşıdırma nəticəsində on minlərlə insan həlak olub.

Avropa İttifaqı və ABŞ PKK təşkilatını terrorçu təşkilat sayır.

Ermənistanda "gözlənilən güclü zəlzələ" barədə məlumatları "rəsmən təkzib" edib

Ermənistanın Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində və xüsusən də, Yerevanda güclü zəlzələnin gözlənildiyi barədə internetdə yayılan məlumatların əsassız olduğunu deyib.

"Ermənistan Fövqəladə Hallar Nazirliyinin ərazi seysmik mühafizə xidməti bu xəbəri rəsmi olaraq təkzib edir və rəsmi məlumatları izləməyə çağırır," - bazar günü nazirliyin mətbuat xidməti bildirib.

Ermənistanda şənbə günü baş verən zəlzələ ardınca təkrar yeraltı təkanlar olub. Seysmologiya xidməti bu səhər 2-3 bal gücündə zəlzələnin qeydə alındığını bildirir.

BBC News Azərbaycancanın Yerevandakı müxbirinə əsasən, zəlzələdən sonra yaşanan həyəcan demək olar ki, artıq hiss olunmur və həyat öz normal axarına qayıdıb.

Ötən gün baş verən yeraltı təkanlar Azərbaycanda da hiss olunub.

"Zəlzələ Azərbaycanın sərhəd rayonlarında və Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunmuşdur", - şənbə günü Azərbaycan Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərdə deyilir.

Şənbə günü baş verən zəlzələ barədə məlumatı buradan izləyin:

Rusiyada razılaşdırılmamış aksiyalar keçirilir

Rusiya şəhərlərində həbsdə olan müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları keçirilir. Axşam çağlarında etiraza qatılan iştirakçılar mobil telefonlarının işıqlarını yandırmaqla siyasi məhbuslara dəstəklərini ifadə edirlər.

Bu gün Aleksey Navalnının xanımı - Yuliyanı dəstəkləyən 200-dək qadın Moskvanın mərkəzində keçirilən "Həmrəylik zənciri" aksiyasına qatılıb. Hakimiyyət razılaşdırılmamış aksiyalara yol verilməyəcəyini bildirib.

Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.

23 və 31 yanvarda Rusiya boyunca Aleksey Navalnının həbsinə qarşı keçirilən nümayişlər son illərin ən izdihamlı aksiyaları sırasında yer alıb.

Aleksey Navalnı hakim dairələri korrupsiyada ittiham edir və prezident Vladimir Putinin ən sərt tənqidçilərindəndir.

Ötən ilin avqust ayında sinir-iflic maddəsinin istifadəsiylə həyata keçirilən hücumdan sonra, Almaniyada müalicə olunan Aleksey Navalnı 18 yanvarda Moskvaya qayıdarkən 30 gün müddətinə həbsə alınıb. Daha sonra məhkəmə onun şərti çəzasını real cəza ilə əvəzləyərək həbsə göndərib.

Navalnı öz zəhərlənməsində Rusiya rəsmilərini ittiham edirlər - rəsmilər bu iddianı rədd edirlər.