Kanada "Cavad Zərifin səs yazısını" araşdırır, Azərbaycanda koronavirusla mübarizəyə 2 milyard manata yaxın pul xərclənib

Çap edildi
Oxuma vaxtı: 4 dəq

İran ölkənin xarici işlər naziri Cavad Zərifin adının hallandığı səs yazısının həqiqiliyini inkar edir, Azərbaycanda pandemiya ilə mübarizəyə ayrılan vəsaitin həcmi açıqlanıb, Rusiya xarici işlər nazirinin müavini ATƏT-in Minsk Qrupu və həmsədrlərinin gələcək işlərindən danışıb, Vağarşak Harutyunyan Rusiya sülhməramlı kontingentin komandanı Rüstəm Muradovla görüşüb, Türkiyə Milli Müdafiə Nazirliyi "Qış təlimi-2021" adlı birgə təlimlərdən görüntülər yayıb, Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edəcək - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

İran ölkənin xarici işlər naziri Cavad Zərifin adının hallandığı səs yazısının həqiqiliyini inkar edir.

Kanadanın CBC saytı yazır ki, Kanada hökuməti və təhlükəsizlik qurumları Cavad Zərifin danışdığı ehtimal olunan səs yazısını araşdırır.

Sözügedən səs yazısında Cavad Zərifin ötən il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin Tehran səmasında uçarkən vurulmasının "min ehtimalı ola biləcəyi", onlar arasında təyyarənin "iki üç casusun iştirakı ilə qəsdən vurula biləcəyinin" yer alması haqda danışılır.

Danışan şəxsin İran hökuməti və ordusunun həqiqəti "heç vaxt açıqlamayacağını" dediyi də eşidilir, media yazıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə səs yazısının həqiqiliyini inkar edib və "Kanadanı bu cür hərəkətlər və şayiələrlə itkin ailələrin kədərini dərinləşdirməməyə çağırırıq" deyib, BBC News Farsca yazır.

Bundan başqa, səs yazısında danışan şəxs itkin ailələrinə verilən kompensasiya barədə bir neçə dəfə "məsələni bağlamaq üsulu" kimi danışır və deyir ki, İran digər ölkələrin hadisəni "beynəlxalq cinayətə" çevirməsinin qarşısını almaq üçün qurbanların ailələrinə təzminat vermək istəyir.

Üzərindən bir ildən çox vaxt keçən qəzada 176 nəfər həlak olub.

Azərbaycanda koronavirusla mübarizəyə 2 milyard manata yaxın pul xərclənib

Azərbaycanda koronavirus pandemiyasına mübarizə üçün 2020-ci ildə dövlət büdcəsindən 1 mlrd. 985,6 mln. manat istifadə olunub.

Bu barədə Maliyyə Nazirliyinin 2020-ci il dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatda deyilir.

Bu vəsaitdən 612,5 mln. manatın o cümlədən, mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsi, lazımi tibbi ləvazimat, avadanlıqlar və dərmanların alınmasına ayrıldığı deyilir.

Vəsait həmçinin ixtisaslaşmış xəstəxanaların fəaliyyətinin təmin edilməsinə yönəldilib.

Məlumata əsasən, pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən "kəskin dalğalanmaların" mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1334,1 mln. manat vəsait sərf olunub.

Ermənilərlə azərbaycanlılar arasında "etimadın gücləndirilməsi"

ATƏT-in Minsk Qrupu və həmsədrləri hazırda ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsində fəal ola bilər, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafı bölgədəki vəziyyətin ümumi yaxşılaşdırılmasına və siyasi yolda gələcək addımlar üçün ilkin şərtlərin yaradılmasına kömək edəcək".

Rusiya rəsmisi Tass agentliyinə müsahibəsində söyləyib ki, Qarabağda atəşkəsə nəzarət üçün yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda vəziyyətin normallaşması istiqamətində həyata keçirilən birgə səylərin "çox yaxşı nümunəsidir".

O hesab edir ki, Minsk qrupunun həmsədrləri fəaliyyətlərini davam etdirməlidirlər.

"Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir çoxunun 9 noyabr tarixli bəyanatda yer aldığı əsas prinsiplərin inkişafına mühüm töhfə veriblər. Buna Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, qaçqınların qaytarılması, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin qorunması, təhlükəsizliyin təmin olunması, sülhməramlı əməliyyatları, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması aiddir".

Ermənistan naziri Qarabağda rus sülhməramlılarının komandanı ilə görüşüb

Ermənistan müdafiə naziri Vağarşak Harutyunyan çərşənbə günü Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentin komandanı Rüstəm Muradovla görüşüb.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətindən alınan məlumata görə, Harutyunyan general-leytenant Muradovu əsirlərin mübadiləsində fəal iştirakı və itkin düşənlərin axtarışında yardımına görə təşəkkür edib və Rusiya kontingentinin fəaliyyətinin səmərəliliyini qeyd edib.

Görüş zamanı nazir qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlərə toxunub və əldə edilən razılaşmaların qorunub saxlanmasının zəruriliyini vurğulayıb, məlumatda deyilir.

Çərşənbə axşamı gecəsi Bakıdan Yerevana təyyarə ilə 5 erməni hərbi əsiri qayıdıb.

Azərbaycan hərbçiləri "Qış təlimi-2021"-də

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi "Qış təlimi-2021" adlı birgə təlimlərdən görüntülər yayıb.

Nazirlik tankçı və topçuların "hədəfləri dəqiq zərbələrlə məhv etdiyini" qeyd edib.

Hərbi qulluqçuların bir qrupunun Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb edildiyi bildirilir.

Kosmik sahədə əməkdaşlıq

Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edəcək.

Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank açıqlama verib

Mustafa Varank Türkiyənin üç ölkə ilə əməkdaşlıq barədə sənədi artıq imzaladığını, Azərbaycanla isə razılaşmanın hazır olduğunu bildirib, Anadolu Agentliyi yazır.

"3 ölkə ilə müqavilə imzaladıq. Pakistan və Azərbaycanla müqavilələrimiz hazırdır, imzalanma mərhələsindədirlər", - o deyib.

Müqavilələrin detalları barədə ətraflı məlumat hələ ki, verilmir.

Uşaq bağçalarında karantin rejiminin tələbləri

Bakıda uşaq bağçaları xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) açıqlayıb.

Qurum bildirib ki, bağçaların açılması üçün idarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb, işçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.

"Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq", - BŞİH-nın məlumatında deyilir.

İcra Hakimiyyəti qeyd edib ki, paytaxtdakı uşaq baxçalarında sanitar-gigiyena və karantin qaydalarına əməl olunmasına Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi nəzarət edəcək.

Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları işinə fevralın 15-dən icazə verilir.

Azərbaycan-Ermənistan arasında hərbi əsirlər dəyişdirilib

Çərşənbə axşamı günü Azərbaycan-Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

Bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov açıqlama verib.

Məlumatda deyilir ki, Bakıya bir, Yerevana isə beş əsir çatdırılıb.

Ermənistan-Azərbaycan arasında sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı ilə başa çatıb. Bəyanata əsasən, Rusiya sülhməramlıları sülhün qorunmasına nəzarət etmək üçün Qarabağa yerləşdirilib.