Yanacaq tariflərinin dəyişməsindən sonra "əsassız qiymət artımına" nəzarət ediləcək, Ermənistan Qarabağda daha 4 hərbçisinin cəsədini tapıb

Çap edildi
Oxuma vaxtı: 3 dəq

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlara müraciət edib, Ermənistan Qarabağda daha 4 hərbçisinin cəsədini tapıb, 16 minə yaxın tələbənin təhsil haqqı ödənilib, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında. - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Yanacaq tariflərinin dəyişməsindən sonra "əsassız qiymət artımına" nəzarət ediləcək

Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı sahibkarlara müraciət edib.

Qurum bildirib ki, tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımın yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə mütəmadi aparılan monitorinqlərin intensivliyi artırılıb.

Dövlət xidməti qeyd edib ki, qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Bu barəd Tarif Şurasının 4 yanvar iclasında qərar verilib.

İndiyədək bu markalı benzinin 1 litrinin qiyməti 90, dizel yanacağınkı isə 60 qəpik idi.

Qiymət artımı barədə təklifi Azərbaycan Dövlət Neft Şirkəti SOCAR verib.

Ermənistan Dağlıq Qarabağda daha dörd hərbçisinin meyitinin tapıb

Ermənistan Dağlıq Qarabağda "44 günlük müharibə" nəticəsində həlak olan daha dörd hərbçisinin meyitinin tapıldığını bildirir. (Xəbər) Bu barədə Dağlıq Qarabağ Fövqəladə Hallar Xidmətinin ictimai əlaqələr şöbəsinin rəhbəri Hunan Poğosyan məlumat verib.

Onun sözlərinə görə, hərbçilərin cəsədləri Matağıs (Suqovuşan) ərazisində aşkar edilib və "Talış-Matağis istiqamətində axtarışlar davam edir". Daha bir axtarış qrupu Hadrut və Füzuli rayonları istiqamətində işləyir, məlumatda deyilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bu günədək 1188 cəsəd tapılıb, onların arasında mülki vətəndaşlar da vardır.

Eyni zamanda Ermənistan səhiyyə naziri Arsen Torosyan öz Facebook səhifəsində bildirir ki, Qarabağ müharibəsi başlanandan bəri Ermənistanda 3360 həlak olmuş hərbçi cəsədlərinin məhkəmə-tibb ekspertizası keçirilib.

Azərbaycan XİN: "Ara Ayvazyanın Qarabağa qanunsuz səfəri üçtərəfli bəyanata ziddir"

Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri üçtərəfli bəyanata ziddir, Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayeva bildirib.

"Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və "sənədlər" imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir", - XİN sözçüsü söyləyib.

Ara Ayvazyan yanvarın 5-də Qarabağa rəsmi səfər etdiyini, tanınmamış "DQR rəsmiləri" ilə görüşdüyünü və müqavilələr imzalandığını bildirmişdi.

Leyla Abdullayeva deyib ki, üçtərəfli bəyanat Ermənistanın Baş naziri tərəfindən imzalanıb və onun rəsmi Yerevan tərəfindən pozulması "təxribatdır və daxili auditoriyaya hesablanıb".

O, bəyanatın icrasının təmin olunmamasını "gərginliyi alovlandırmaq cəhdi" adlandırıb.

Ermənistan-Azərbaycan arasında gedən müharibəyə noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla son qoyulub.

Qarabağda 427 hektar ərazi minalardan təmizlənib, Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirlik yanvarın 6-da yaydığı məlumatda bildirib ki, noyabrın 23-dən bəri Qarabağdakı Rusiya sülhməramlıları 20 minə yaxın partlayıcı qurğunu zərərsizləşdirib.

Bundan başqa, qurum bildirib ki, Rusiya sülhməramlı kontingentindən olan xüsusi təyinatlı tibbi bölmə Qarabağda 1100 nəfərdən çox yerli əhaliyə tibbi yardım göstərib.

Ermənistan-Azərbaycan arasında gedən müharibəyə noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla son qoyulub.

Bəyanata əsasən, Rusiya sülhməramlıları atəşkəsə nəzarət üçün Qarabağa yerləşdirilib.

16 minə yaxın tələbənin təhsil haqqı ödənilib

Sosial həssas əhali qrupuna aid edilən 25 minə yaxın tələbə 2020-2021-ci tədris ili üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edib, Təhsil Nazirliyi bildirib.

Qurum açıqlayıb ki, müraciət edənlərdən 15900 nəfərin təhsil haqqı dövlət tərfindən ödənilib.

Nazirlər Kabineti pandemiya dövründə "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" qərar qəbul etmişdi.

Bu qərar 30 mindən artıq tələbəni əhatə edib və icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Qubadlının Mahmudlu kəndinin görüntüləri yayılıb

Azərbaycan Müdafiə Nazirliyi Qubadlının Mahmudlu kəndindən görüntü paylaşıb.