You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkiyənin Azərbaycanda 3 baza qurması xəbərləri "həqiqətə uyğun deyil", Qarabağda tapılan 6 əsgərin kimliyi "müəyyən edilib"
Türkiyənin Azərbaycanda 3 baza qurması xəbərləri "həqiqətə uyğun deyil", Qarabağda tapılan 6 əsgərin kimliyi "müəyyən edilib", Ermənistanda Azərbaycanla "yeni razılaşma" ilə bağlı izahat tələbi, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Türkiyənin Azərbaycanda 3 baza qurması xəbərləri "həqiqətə uyğun deyil"
Azərbaycan Müdafiə Nazirliyi ölkə ərazisində üç Türkiyə hərbi bazasının qurulacağı barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Nazirlik bildirib ki, Azərbaycan "öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır".
Bir neçə gündür ki, yayılan xəbərlərə görə, Türkiyə Azərbaycanın Lənkəran, Qəbələ və Gəncə şəhərlərində hərbi bazalar qurmağa hazırlaşır.
Sosial mediada Türkiyə hərbi təyyarələrinin Lənkəran və Yevlax şəhərlərinə eniş etməsi barədə məlumatlar yayılıb.
Qarabağda tapılan 6 əsgərlərin kimliyi "müəyyən edilib"
Qarabağda müharibədə həlak olmuş daha 6 erməni hərbçinin cəsədi Hadrut-Çaylaqqala (Xtsaberd) istiqamətindəki yolda aşkar edilib.
Bu barədə Qarabağdakı "fövqəladə hallar xidmətinin" nümayəndəsinə istinadən Ermənistan mediası bildirir.
Hunan Tadevosyanın sözlərinə görə, meyitlərin 6 da tanınmaz halda olub, lakin onların üstlərində şəxsiyyəti təsdiqləyən sənədlər tapılıb.
Onun sözlərinə görə, axtarış işləri Əsgəran, Hadrut və Cəbrayıl rayonlarında da davam edir.
Erməni valideynlər: Qarabağdan məzuniyyətə gələn əsgərlər xidmətini Ermənistanda davam etdirsinlər
Yerevanda bir qrup müddəti hərbi xidmət keçən əsgər valideynləri Vazgen Sarkisyan adına Hərbi Universitetin binası önündə etiraz aksiyasını keçirib.
Dağlıq Qarabağdakı hərbi hissələrdə qulluq edən əsgər valideynləri Yeni il münasibətilə məzuniyyətə gəlmiş övladlarının Dağlıq Qarabağa qaytarılmasına qarşı çıxış edir.
"Bizə deyiblər [Müdafiə Nazirliyi nümayəndələri] ki, Rusiya və Azərbaycan bizim əsgərləri Qarabağda xidmət etməyə buraxmırlar və onlar xidməti Ermənistan ərazisində davam edəcəklər. Indi də deyirlər ki, yenə Qarabağa qaytaracaqlar", - aksiya iştirakçılarından biri media nümayəndələrinə deyib.
Aksiya iştirakçıları nazirlikdən izahat tələb ediblər, lakin bu gün heç bir cavab ala bilməyiblər.
Qazaxıstan deyir ki, torpaqları "Rusiya hədiyyəsi" deyil,
Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayev "Egemen Qazaqstan" qəzetində dərc olunan "Hər şeydən əvvəl Müstəqillik" adlı məqaləsində Rusiya Dövlətin Dumasının deputatı Vyaçeslav Nikonova Qazaxıstanın ərazisini Rusiyanın "bağışlaması" barədə fikirlərinə sərt cavab verib, bu barədə Rusiyanın Gazeta Ru saytı yazıb.
Sayt yazır ki, "bundan əvvəl rusiyalı millət vəkili Qazaxıstan ərazisinin "Rusiyadan böyük bir hədiyyə" olduğunu söyləyib.
"Bundan sonra, Qazaxıstan Xarici İşlər Nazirliyi Nikonovun Qazaxıstan torpaqları ilə bağlı sözlərindən sonra Rusiyaya nota verib", xəbərdə deyilir.
Sayt həmçinin yazır ki, Tokayevin yazısında Qazaxıstanın "nəhəng ərazisinin heç kimdən hədiyyə olmadığını" vurğulayıb.
"Bizim tariximiz 1991 və ya 1936-cı illərdən ölçülmür. Xalqımız burada Qazax xanlığı dövründə və daha əvvəl - Qızıl Orda, Türk Xaqanlığı, hunlar və saklar dövründən yaşayıb və artıb," Qazaxıstan dövlət başçısı yazıb.
"Cənab Tokayev əmindir ki, "bəzi əcnəbilərlər" mübarizə aparmaq və milli maraqları "hər vasitə ilə qorunmaq" lazımdır," xəbərdə deyilir.
Trump hadisələrdə iştirak edənlərin "cəzalandırılacağını" deyib
ABŞ Prezidenti Donald Trump tərəfdarlarının Konqres binasına basqınından sonra baş verənləri ilk dəfə "çirkin hücum" kimi xarakterizə edib.
O, hadisələrdə iştirak edənlərin cəzalandırılacağını deyib.
Donald Tramp 20 yanvarda prezidentliyi problemsiz təhvil verəcəyini də açıqlayıb.
Twitter tərəfindən paylaşım edə bilməməsi üçün tətbiq olunmuş 12 saatlıq blok götürüldükdən sonra Tramp video mesaj paylaşıb.
Video mesajda "zorakılıq edənlər ölkəmizi təmsil etmir və etdiklərinin əvəzini ödəyəcəklər" deyən Tramp vəzifəni 20 yanvarda "heç bir problem olmadan" Joe Biden-ə təhvil verəcəyini sözlərinə əlavə edib.
"Tərəfdarlarımın məyus olduqlarını bilirəm, amma qeyri-adi səyahətimiz yeni başlayır," - Tramp deyib və videoda da konsensus mesajı verib.
Donald Tramp-ın yanvarın 7-də Vaşinqtonda minlərlə tərəfdarına müraciətindən sonra Konqresdə baş verənlər onun vəzifəsinə son verilməsinin və mühakimə olunmasının mümkün olub-olmadığını yenidən gündəmə gətirib.
Bəzi senatorlar Tramp tərəfdarlarının Konqresə hücumundan sonra onun 20 yanvar tarixindən əvvəl istefasını tələb ediblər.
Tramp yanvarın 20-də yerini ABŞ-ın 46-cı Prezidenti seçilmiş Joe Biden-ə təhvil verəcək.
ABŞ-ın bəzi nüfuzlu qəzetləri məqalələrində Trampın vəzifədən uzaqlaşdırılmalı olduğunu yazıb.
Donald Trump iki yolla istefaya göndərilə bilər. Bunlardan birincisi, Amerika Konstitusiyasının 25-ci maddəsinin icrası ilə Trampın impiçmenti, ikincisi isə Trampın vəzifəsindən kənarlaşdırılmasıdır.
ANAMA son iki gündə keçirilmiş əməliyyatların nəticələrini açıqlayıb
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) son iki gündə 13 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirməsi barədə məlumat yayıb.
Qurum bildirib ki, əməliyyatlar Ağdam, Ağcabədi, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə daxil olmuş məlumatlar əsasında aparılıb.
"7 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 13 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 216 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina, 2 ədəd silah, 2 ədəd təlim mərmiləri, 3527 ədəd müxtəlif çaplı patronlar və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub", məlumatda deyilir.
ANAMA həmçinin bildirib ki, agentliyin partlayış qrupu tərəfindən 1141 ədəd mina və partlamamış hərbi sursat (PHS) "zərərsizləşdirilib".
Agentlik indiyədək Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 min 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıldığını da bəyan edib.