You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Putin Qarabağa dair iclas keçirib, Türkiyə hərbçiləri Qarabağı minalardan təmizləyirlər
Yanvarın 11-də Moskvada Putin-Əliyev-Paşinyan görüşü olacaq, bazar günü yanvarın 10-da Vladimir Putin Qarabağa dair çevrəsi ilə iclas keçirib, Türkiyə hərbçiləri Qarabağı minalardan təmizləyirlər - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Putin 11 yanvar görüşü ərəfəsi öz çevrəsilə Qarabağı müzakirə edib
Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Vladimir Putin 11 yanvar üçtərəfli Moskva görüşü ərəfəsində Novo-Oqaryovo iqamətgahında "Dağlıq Qarabağ nizamlanması məsələlərinin" müzakirəsinə həsr olunmuş toplantı keçirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin "Dağlıq Qarabağ nizamlanması məsələlərini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün" toplantı keçirib, Rusiya Prezidentinin mətbuat xidmətinin məlumatında deyilib.
Xəbər verildiyinə görə, toplantıda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak ediblər.
Yanvarın 11-də Moskvada Putin-Əliyev-Paşinyan görüşü keçiriləcək
Yanvarın 11-də Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar baş tutacaq.
Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək, Rusiya prezidentinin rəsmi saytı xəbər verib.
"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması planlaşdırılır və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi nəzərdə tutulur. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, eləcə də ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək," - məlumatda deyilib.
Məlumata əsasən, bundan əlavə, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyan arasında ayrıca söhbətlər nəzərdə tutulur.
Türkiyə hərbçiləri Qarabağın minalardan təmizlənməsində iştirak edirlər
Türkiyə Quru Qoşunlarının Xüsusi Təyinatlı Mina Təmizləmə (ÖMAT) bölmələrinin 136 hərbi qulluqçusu Azərbaycan Ordusuna dəstək məqsədi ilə bölgəyə göndərilib, Türkiyə Mudafiə Nazirliyinin mətbuat xidməti bazar günü bildirib.
Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçirən Türkiyə hərbi mütəxəssisləri həm də "işğaldan azad olunmuş Qarabağda minatəmizləmə əməliyyatlarını da davam etdirirlər".
"Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük zəfər qazandığı Qarabağda mina təmizləmə işləri davam edir. Ermənistan Ordusunun qurduğu minalar ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir," - Türkiyə Müdafiə nazirliyinin məlumatında deyilib.
Ermənistan Ombudsmanı: Azərbaycan qüvvələri Qafan aeroportu üçün təhlükə yaradır
Ermənistan Ombudsmanı Arman Tatoyan bildiriи ki, Azərbaycan Qüvvələrinin Qafan aeroportunun yaxınlığında yerləşməsi nəticəsində hava limanı, həmçinin Qafan-Yerevan yolu və Qafanın bir sıra yaşayış məntəqələri üçün təhlükə yaranıb.
Bu barədə Ermənistan Ombudsmanı özünün Facebook səhifəsində yazıb.
Ombudsmanın sözlərinə görə, GPS üsulu və Google xəritələrindən istifadə nəticəsində "sərhədyanı yaşayış məntəqələri sakinlərinin həyatı və təhlükəsizliyi üçün ciddi təhdidlər meydana çıxıb".
Ermənistanın dövlət sərhədlərinin təhlükəsizliyi də təhlükə altındadır, Tatoyan qeyd edib.
Ermənistan Ombudsmanın iddiasına görə, beynəlxalq qanunlar dövlət sərhədləri təyin edilərkən sərhəd zonası sakinlərinin hüquqlarına və onların daşınmaz əmlakı ilə bağlı məsələlərə üstünlük verilməsini nəzərdə tutur.