Azərbaycana 2, Ermənistana 4 hərbi əsir qaytarılıb, Ermənistanda müxalifətin aksiyaları, hər kəsin ailə həkimi olacaq

Çap edildi
Oxuma vaxtı: 3 dəq

Azərbaycana 2, Ermənistana 4 hərbi əsir qaytarılıb, Ermənistanda müxalifətin aksiyaları davam edir, Gələn ildən hər kəsin ailə həkimi olacaq, Zəngilanın Ağalı kəndindən görüntülər - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında

Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin mübadiləsi baş verib və əsirlikdə olan dörd erməni Yerevana, iki azərbaycanlı isə Bakıya gətirilib.

Bu barədə Rusiyanın Tass xəbər agentliyi bazar ertəsi jurnalistlərə açıqlama verən Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradova istinadən məlumat verib.

Rüstəm Muradov bu mübadilənin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatını həyata keçirmək üçün baş tutduğunu və "Rusiya sülhməramlılarının üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə töhfə verməyə davam edəcəyini" qeyd edib.

Bazar ertəsi Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan "dörd erməni məhbusun Rusiya və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə vətənlərinə döndüyünü" açıqlayıb.

Dekabrın 15-də Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycandan Ermənistana 44 hərbi əsir qaytarılıb. Elə həmin gün əsir götürülmüş 12 azərbaycanlı Azərbaycana qaytarılıb.

Ermənistanda müxalifətin aksiyaları davam edir

Ermənistanda Milli Məclis binası qarşısında etirazları davam etdirən müxalif qüvvələri və vətəndaşlar Yerevan küçələri boyunca hərəkət etməyə başlayıb, Ermənistan mediası yazıb.

Media yazır ki, aksiyaçılar "Nikol xaindir!" şüarları səsləndirərək Bağramyan prospektindən aşağıya doğru gediblər.

Səhər saatlarında "aksiyaçılar deputatların ünvanına "Ayıbdı" şüarları qışqırıblar və yeni hökumət başçısının seçilməsini tələb ediblər", xəbərdə bildirilir.

Yerli media aksiya iştirakçılarının əsas şüarının "Nikolsuz Ermənistan" olduğunu bildirib.

"Aksiya iştirakçılar arasında xüsusilə Ermənistan Respublikaçılar Partiyasının nümayəndələri diqqət çəkir. Respublikaçılar Partiyasının gənclər qanadının sədri Hayk Mamidjanyan jurnalistlərə bildirib ki, erkən seçkilər indi uydurma gündəmdir. Paşinyan getməli və yerinə peşəkarlar gəlməlidir deyib", - xəbərdə bildirilir.

Bu gün Ermənistanda parlamentin növbədənkənar iclas keçirəcəyini açıqladığı bildirilir.

Dekabrın 25-də Ermənistanın Baş naziri Nikol Paşinyan 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələrlə məsləhətləşmələr aparacağını elan etmişdi.

Ermənistanda müxalifət qüvvələri və tərəfdarları Qarabağla bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanat imzalamasından sonra Baş nazir Nikol Paşinyanı milli maraqlara xəyanət etməkdə günahlandıraraq onun istefasını tələb edirlər.

Gələn ildən hər kəsin ailə həkimi olacaq

2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir.

Qurumun məlumatına görə, "icbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər".

Xəbərdə deyilir ki, "ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir".

"Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi "Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası" əsasında həyata keçirilir", məlumatda deyilir.

Qurum həmçinin bildirir ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir.

Vurğulanır ki, sığortaolunan ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır.

Məlumatda, həmçinin sığortaolunanın ailə həkimini seçmək və "məhdudiyyət qoyulmadan dəyişməkdə" sərbəst olduğu bildirilir.

"Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır", qurum açıqlayıb.

Müdafiə Nazirliyi Zəngilanın Ağalı kəndindən görüntülər paylaşıb