Azərbaycanın hərbi xərcləri artırılır, İlham Əliyev Qəzyan kəndində ermənicə lövhəni sökdürüb

Şəklin mənbəyi, President.az
Azərbaycanın hərbi xərcləri artırılır, İlham Əliyev Qəzyan kəndində ermənicə lövhəni sökdürüb, MN Cəbrayılın Hovuslu kəndindən yeni videogörüntülər yayıb, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qubadlı və Zəngilanda olublar, Rusiya Azərbaycandan pomidor idxalına icazə verib - Bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
İlham Əliyev: "Mənim təşəbbüsümlə hərbi xərclər artırılır"
Gələn ildən Azərbaycanın hərbi xərcləri artırılır. Bu barədə Prezident İlham Əliyev çərşənbə günü Qubadlı və Zəngilan rayonlarna səfəri zamanı deyib.
"İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq".
İlham Əliyev söyləyib ki, bir neçə ildən sonra nəyin baş verə biləcəyinə "heç kim təminat verə bilməz", ona görə də, Azərbaycanın "həmişə güclü ordusu olmalıdır".
Prezident deyib ki, Azərbaycan istəsəydi, həm müharibə dövründə, həm də bu gün "nəinki öz ərazisində, Ermənistan ərazisində də istənilən hərbi əməliyyatı yerinə yetirə bilərdi", lakin Azərbaycan "beynəlxalq hüquqa hörmətlə yanaşır və başqa ölkələrin torpaqları ilə işi yoxdur".
"Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar", - İlham Əliyev söyləyib.
Cənab Əliyev bildirib ki, müharibənin miqyasına görə Azərbaycanın itkiləri "həddindən çox aşağıdır".
Prezident açıqlayıb ki, Qarabağ bölgəsinin bərpası ilə bağlı ilkin kontraktlar imzalanıb.
Onun sözlərinə görə, bunun üçün xarici ekspertlər dəvət edilib.
İlham Əliyev Qəzyan kəndində ermənicə lövhəni sökdürüb
Prezident İlham Əliyev Qubadlının Qəzyan kəndində olarkən erməni əlifbası ilə yazılmış lövhəni sökdürüb.
Bununla bağlı video və fotolar paylaşılıb.
Dövlət televiziyasının paylaşdığı bir videoda prezident İlham Əliyev "Sökmək lazımdır bunu, gəlin sökün bunu" dedikdən sonra ona yaxın hərbçinin lövhəni yerindən çıxardığı görünür.
Sonra prezident Əliyev deyir: "Bilsinlər ki, bura Qəzyan kəndidir, bunu aparsınlar Ermənistana".
Lövhənin üzərində ermənicə "Haykazyam" yazılıb.

Şəklin mənbəyi, President.az
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında səfərdə olublar.
Yol boyunca Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva dağıdılmış evləri, infrastrukturu çəkərkən İlham Əliyev bəzi şərhlər verib. O vurğulayıb ki, hamı öz torpaqlarına qayıdacaq.

Şəklin mənbəyi, President.az
"Hərbi hissələr tikiblər ki, ərazilərimizi işğalda saxlasınlar. Qovduq onları. Torpaqların sahibləri qayıdır", - cənab Əliyev deyib.
Digər bir videoda isə İlham Əliyev "30 illik bir müddətdən sonra zəfər çalaraq qaytarılmış bu bölgəyə həyat tam qayıdacaq" deyib.
Azərbaycan Müdafiə Nazirliyi bu gün Cəbrayıl rayonunun Hovuslu kəndindən yeni videogörüntülər yayıb
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Rusiya Azərbaycanın daha 12 rayonundan pomidor alacaq

Şəklin mənbəyi, AZƏRTAC
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 24-dən Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib.
AZƏRTAC Agentliyinin xəbərinə görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəhbəri Anton Karmazin jurnalistlərə məlumat verib.
"Pomidor Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə Cənubi Afrika güvəsi aşkar edilməmiş Azərbaycan rayonlarından idxal ediləcək," xəbərdə bildirilir.
Ceyhun Bayramov Aİ rəsmisi Oliver Varhelyi ilə danışıb

Şəklin mənbəyi, Azərbaycan XIN
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çərşənbə günü Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefonla danışıb, Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Qurum bildirib ki, "söhbət zamanı nazir Ceyhun Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqdədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq, ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib".
"Tərəflər, habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar," məlumatda deyilir.




























