Nikol Paşinyan Sünikə ziyarətini yarımçıq saxlayıb, Bakıda qadının "övladlarını və özünü binadan yerə atması" ilə bağlı cinayət işi açılıb

Nikol Pashinyan Sünik Syunik Zəngilan

Şəklin mənbəyi, News.am TV

Çap edildi

Etirazla əlaqədar Nikol Paşinyan Gorus, Qafan və Meğriyə ziyarətini təxirə salıb, Bu gün Bakıda qadının binanın 4-cü mərtəbəsindən övladlarını və özünü yerə atması ilə bağlı cinayət işi açılıb, Gorus merinin müavini "Sünik sakinlərinin Paşinyanı bölgəyə buraxmayacaqlarını" bildirib, TN "milli qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmənin keçiriləcəyini" açıqlayıb, Bərdədə "510 abonentin təbii qaz təminatında fasilə yaranıb", Suqovuşanda yol yatağının və yol əsasının inşası başa çatıb - Bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Nikol Paşinyan Gorus, Qafan və Meğriyə ziyarətini təxirə salıb

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Sünik vilayətinin Gorus, Qafan və Meğri şəhərlərinə ziyarətlərini təxirə salıb. Bu barədə o özü Sisian şəhərində deyib.

"Təxribata getməyəcəyik", Sünik sakinləri ilə görüşən Baş nazir deyib.

Nikol Paşinyanın sözlərinə görə, Gorus sakinləri onun orada və digər şəhərlərdə "yaxşı qarşılanacağını bildikləri üçün" Yerevan - Gorus magistral yolunu bağlayıblar.

"Bir anlaşma təklif edirəm: qoy yollarını açsınlar, gedək, görək bu şəhərlərdə əhval-ruhiyyə nədir. [Yolu] açmazlarsa, yaxşı, növbəti dəfə gedəcəyik. Dedim ki, Sünik xalqının gözlərinə baxmağa gəlirəm; Sünik xalqının gözlərinə baxdım. Mən sizin qarşısında bir çox şeylərdə günahkaram, siz daha çoxuna layiqsiniz. Təəssüf ki, heç bir Ermənistan hökuməti, o cümlədən bizim hökumət sizə layiq olduğunuz ölkəni verməyə nail olmayıb".

News.am saytı yazır ki, baş naziri çoxlu sayda cangüdən müşayiət edib.

Bu səhər Gorus sakinlərinin çoxu Sünikə gedən yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə 2000-ə yaxın polis nəfəri gəlib və bu cəhdin qarşısı alınıb.

Bakıda qadının özünü və uşaqlarını binadan atması ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluq

Şəklin mənbəyi, AZƏRTAC

Baş Prokurorluq bazar ertəsi günü məlumat yayıb ki, dekabrın 20-də gecə saat 23:00 radələrində paytaxtın Yasamal rayonunda yaşayan Nigar Cəfərova yaşadığı binanın 4-cü mərtəbəsindən öncə övladlarını, ardınca da özünü yerə atıb.

Məlumata görə, qadın və uşaqlar hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılıb və həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.

Qurum bildirib ki, "prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilib".

Baş Prokurorluq "ilkin araşdırmalarla 29 yaşlı qadının 3 və 1 yaşında oğullarını yaşadıqları mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atdıqdan sonra özünü də həmin yerdən atdığının" müəyyənləşdirildiyini açıqlayıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin "iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd", "təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd" maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq istintaqla bağlı ictimaiyyətə "ətraflı məlumatın veriləcəyini" bildirib.

Gorus merinin müavini:"Sünik sakinləri Paşinyanı bölgəyə buraxmayacaqlar"

Nikol Pashinyan Sünik Syunik Zəngilan REUTERS

Şəklin mənbəyi, Reuters

"Sünik sakinləri Baş nazir Paşinyanı vilayətə daxil olmağa qoymayacaqlar", jurnalistlərə Gorus şəhəri merinin müavini Menua Hovsepyan deyib.

Bazar ertəsi səhər Sünik vilayətinə yollanan Ermənistan Baş naziri Nikol Paşinyan Facebook vasitəsilə canlı yayımda deyib ki, vilayət sakinlərinin bütün suallarına cavab verməyə hazırdır.

Son günlər Ermənistanın cənubunda yerləşən Sünik vilayəti sakinləri etiraz aksiyaları keçirir və Azərbaycanla Ermənistan sərhədinin demarkasiyası nəticəsində ətrafdakı "əlverişli mövqelərin" sökülməsi ilə bağlı narahat olduqlarını deyirlər.

Paşinyan öz müraciətində Sünik əhalisini arxayın edib ki, vilayət ərazilərindən "bir millimetr belə torpaq qarşı tərəfə verilməyəcək".

"Bizim onunla danışılası sözümüz yoxdur. Əgər Paşinyan bizimlə danışıqlara gəlir, gecə yarısı qəsd təşkil edib Gorusun meri Aruşan Aruşanyanı həbs etmək lazım deyildi", - Menua Hovsepyan deyib.

Daha əvvəl yerli informasiya vasitələrində Gorus meri Aruşan Aruşanyanın həbs edilməsi barədə məlumat yayılmışdı.

Yerli sakinlər əmindirlər ki, Aruşanyan siyasi səbəblərlə həbs olunub. Onların sözlərinə görə, Aruşanyan Sünik sakinlərini avtomobil kərvanlarına birləşib Baş nazir Paşinyanın kortejini vilayətə daxil olmağa qoymamağa çağırıb.

Ermənistan Polisinin mətbuat xidmətindən Gorus merinin həbsi haqqında xəbəri təsdiqləyiblər və ona qarşı cinayət işi açıldığını bildiriblər, lakin merin Ermənistan Cinayət Məcəlləsinin hansı maddəsı üzrə ittiham olunduğunu açıqlamayıblar.

Milli qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər yenidən imtahan verəcək

Təhsil milli qiymətləndirmə

Şəklin mənbəyi, EDU.GOV.AZ

Bu gün Təhsil Nazirliyi "milli qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmənin keçiriləcəyini" açıqlayıb.

Təhsil Nazirliyinin məlumatında bildirilir ki, dekabrın 19-da "Virtual məktəb"də IV, VI və IX sinif şagirdləri arasında keyfiyyət göstəricilərini müəyyən etmək məqsədilə onlayn milli qiymətləndirmə keçirilib.

Qurum bildirib ki, "Microsoft Teams" platforması üzərindən təşkil olunan qiymətləndirmədə ümumi təhsil pilləsində keyfiyyət göstəriciləri ilə yanaşı, elektron sistemin imkanları da texniki olaraq dəyərləndirilib.

Nazirlik bu qiymətləndirmənin "tədqiqat xarakteri daşıdığını və tədrsi ili ərzində mütəmadi təşkil olunacağını və nəticəsinin şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərməyəcəyini" qeyd edib.

Bərdədə "510 abonentin təbii qaz təminatında fasilə yaranıb"

Bərdədə avtomobil qəzası nəticəsində 510 abonentin təbii qaz təminatında fasilə yaranıb

Şəklin mənbəyi, AZƏRİQAZ İB

"Bərdədə avtomobil qəzası nəticəsində 510 abonentin təbii qaz təminatında fasilə yaranıb", Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

"Azəriqaz" İstehsalat Birliyindən BBC News Azərbaycanca bildiriblər ki, "dekabrın 21-də Bərdə rayonu ərazisində yerləşən Otuzikilər kəndinin bir hissəsini təbii qazla təmin edən diametri 76 millimetr olan qaz xətti minik avtomobilinin qəza etməsi nəticəsində zədələnib".

"Belə qəzalar baş verdikdə sığorta şirkəti əraziyə dəvət olunur. Onlar gəlib sənədləşdirməlidirlər, çünki qarşı tərəfə - qaz təsərrüfatına ziyan dəyib. Onlar bunu hesablayaraq aktlaşdırırlar və bu barədə rəy formalaşdırılır. Bu işlərin icrasına bağlı sənədləşmə aparılacaq, daha sonra qaz xəttinin bərpası həyata keçiriləcək. İnanırıq ki, gün ərzində qaz xəttinin bərpası mümkün olacaq", qurumdan bildiriblər.

Bu gün Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində "məhdudiyyət olacaq"

Sumqayıtda suyun verilişində məhdudiyyətlər olacaq

Şəklin mənbəyi, Getty Images

"Bu gün Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq", Azərsu Açıq Səhmdar Cəmiyyətindən BBC News Azərbaycancaya bildirilib.

Qurum açıqlayıb ki, "suyun verilişinə məhdudiyyətlər əsasən Corat tərəfdə və Saray istiqamətindəki mikrorayonlarda olacaq".

Qurum suyun verilişində məhdudiyyəti "magistral kollektorda baş vermiş qəza ilə əlaqələndirib".

ANAMA "cəbhəboyu ərazilərdə mina və partlamamış hərbi sursat aşkarlandığını" açıqlayıb

ANAMA

Şəklin mənbəyi, ANAMA

"Dekabrın 17-20-si aralığında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Tərtər və Xocavənd rayonları ərazisində agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib," ANAMA-nın məlumatında bildirilir.

Qurum bildirib ki, "aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 123 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd bombacıq, 30 ədəd tank əleyhinə mina və 42 ədəd partlamış mərmi qalıqları aşkarlanıb".

"Agentliyin partlayış qrupu tərəfindən 111 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib", məlumatda vurğulanır.

ANAMA həmçinin "Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 min 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıldığını" açıqlayıb.

Suqovuşanda yol yatağının və yol əsasının inşası "başa çatıb"

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Şəklin mənbəyi, AAYDA

Suqovuşanda "artıq yol yatağının və yol əsasının inşası başa çatıb. Hazırda asfaltlanma işləri həyata keçirilir", AZƏRTAC agentliyi bölgədən xəbər verir.

Agentliyin məlumatına görə, "tikinti işlərinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur".

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Pərviz Əliyev bildirib ki, ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun bərpa olunur. İki geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr təşkil edir," xəbərdə bildirilir.

Xəbərdə həmçinin bildirilir ki, "növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə, Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq".

Azərbaycan XİN Niderland parlamentini "birtərəfli mövqeyindən əl çəkməyə" çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi

Şəklin mənbəyi, AZƏRTAC

"Son dövrdə Niderland Krallığının parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik. Belə ki, oktyabrın 7-dən etibarən Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirib, açıq anti-Azərbaycan və anti-türk mövqeyi sərgiləyib".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Niderland Krallığının dekabrın 17-də qəbul olunmuş "Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı" qətnaməsilə bağlı bəyanatında belə deyilir.

Qurumun bəyanatında həmçinin bildirilir ki, qətnamədə "yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur".

XİN bildirir ki, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Niderland parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırdığını bəyan edir":

"Niderland, eləcə də parlamentləri qərəzli mövqe nümayiş etdirən digər Avropa dövlətləri bu mövqeləri ilə ədavəti alovlandırmaq yerinə, 10 noyabr tarixli birgə bəyanatla bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verə bilər", - bəyanatda deyilir.