Ağdamda Türkiyə-Rusiya monitorinq mərkəzinin yaradılması işləri davam etdirilir, Gorus-Qafan yolunun bir hissəsini Rusiya hərbçiləri qoruyacaq

Türkiyə Milli Müdafiə Nazirliyi

Şəklin mənbəyi, MSB.GOV.TR

Çap edildi

"Türkiyə və Rusiya arasında imzalanan razılığa əsasən Qarabağda atəşkəsə riayət olunmasını və nəzarəti təmin etmək məqsədi ilə Ağdam rayonunda təsis ediləcək Ortaq Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün zəruri işlər Azərbaycan və Rusiya ilə əlaqələndirilərək davam etdirilir," Türkiyə Müdafiə Nazirliyinin dekabrın 20-də dərc etdiyi xəbərdə deyilib.

"Eyni zamanda, Azərbaycan ordusuna dəstək verilməsi məqsədi ilə Türkiyə MN-nin 135 nəfərdən ibarət 2 Xüsusi Mina Axtarış və Təmizləmə qrupu tərəfindən Qarabağda Ermənistan işğalından azad olunan rayonlarda sahələrin minalardan təmizlənməsi işi həyata keçirilir," məlumatda qeyd olunub.

12 qrup tərkibində ümumilikdə 64 nəfərlik işçi heyət isə mina axtarışı və təmizlənməsi üzrə azərbaycanlı həmkarlarına təlim keçir.

Türkiyə MN bildirib ki, bundan sonra da "iki dövlət, bir millət" prinsipi əsasında Azərbaycana yardım göstərilməsi davam etdiriləcək.

Ermənistanın cənubundakı yolun təhlükəsizliyini Rusiya təmin edəcək

Rusiyalı sülhməramlı qoşun əsgəri

Şəklin mənbəyi, KAREN MINASYAN/ GETTY IMAGES

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd olan Sünik rayonundakı avtomobil yolunun "problemli sahələrində" təhlükəsizliyi təmin edəcəklər, RİA Novosti agentliyi xəbər verib.

Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi bunu Azərbaycanla sərhədin bir hissəsinin demarkasiya olunması zəruriliyi ilə bağlı olduğunu qeyd edib.

"Sünik rayonunun sərhədyanı yaşayış məntəqələrinin sakinləri Azərbaycan ordusunun yeni döyüş postlarının onların təhlükəsizliyini təhlükə altına qoyduğunu düşünürlər," məlumatda deyiıib.

Əldə edilən razılığa əsasən, Gorus-Qafan yolunun problemli ərazilərdən keçən 21 kilometrlik hissəsinin təhlükəsizliyi Rusiya sərhədçiləri tərəfindən təmin ediləcək, Ermənistan Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda bildirlib.

Rusiya sərhədçiləri ilə yanaşı, deyildiyi kimi, "təmas xətti boyu hər iki tərəfdən" Ermənistan və Azərbaycan sərhəd qoşunları da yerləşəcək.

Bu arada Rusiya Mudafiə Nazirliyi Dağlıq Qarabağa "artıq 42 mindən çox qaçqının qayıtdığını" bildirib.

Nazirliyin məlumatında qeyd olunduğu kimi, ötən gün ərzində "Rusiya sülhməramlılarının və hərbi polis patrullarının müşayiəti ilə daha 306 qaçqın Yerevandan Dağlıq Qarabağdakı evlərinə qayıdıb."

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti isə xəbər verib ki, şənbə günü Rusiyadan Dağlıq Qarabağa humanitar yardım yükü daşıyan daha yeddi dəmir yolu vaqonu çatdırılıb.

Humanitar yardım yükü qismində Dağlıq Qarabağa "300 kubmetr taxta-şalban və avtokranlı platformanın" çatdırıldığı qeyd olunub.

Bundan əvvəl isə Rusiya Fövqəladə Hallar Nazirliyi "dekabrın 14-dək Dağlıq Qarabağa 1200 ton humanitar yardım ilə dolu 54 vaqon göndərəcəyini" bildirmişdi.