Azərbaycan və Ukrayna prezidentləri nədən danışıblar? 10 şagird, 7 müəllimdə koronavirus aşkarlandı

Şəklin mənbəyi, Getty Images
Azərbaycan və Ukrayna prezidentləri ölkələrinin suverenliyi və ərazi bütövlüyü məsələlərində bir-birlərini dəstəklədiklərini vurğulayıblar.Dərs ili başlayandan sentyabrın 23-nə qədər koronavirusa yoluxan şagird və müəllimlərin sayı 140-a yaxınlaşıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
İlham Əliyev: "Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır",
Azərbaycan və Ukrayna prezidentləri ölkələrinin suverenliyi və ərazi bütövlüyü məsələlərində bir-birlərini dəstəklədiklərini vurğulayıblar.
President.az saytının məlumatına görə, çərşənbə axşamı telefon söhbətlərində Volodimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.
Telefon söhbəti zamanı enerji, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib, president.az bildirib.
Sentyabrın əvvəlində Ukrayna ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyasını təsdiqləyib və Azərbaycan, Türkiyə, Gürcüstan və Litva daha bir neçə ölkə ilə yanaşı Ukraynanın strateji tərəfdaşları kimi qeyd olunub.

Şəklin mənbəyi, Tehsil Nazirliyi
Şagird və müəllimlərdə koronavirus aşkarlanıb
Daha 10 şagird, 7 müəllim koronavirusa yoluxub, Təhsil Nazirliyi açıqlayıb.
Dərs ili başlayandan sentyabrın 23-nə qədər koronavirusa yoluxan şagird və müəllimlərin sayı 140-a yaxınlaşıb.
Çərşənbə axşamı 10 şagird, 7 müəllimin koronavirus testi müsbət çıxıb.
2 sinif distant təhsilə keçirilib. Beləliklə, dərs başlayandan bəri koronavirusa yoluxmaya görə distant təhsilə keçirilən siniflərin sayı 6-ya çatıb.
Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllim virusa yoluxduğu üçün məktəb bağlanıb.
Azərbaycanda sentyabrın 15-dən dərslər başlasa da, koronavrus epidemiyasına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hələ ki, yalnız ibtidai sinif şagirdləri həftədə iki dəfə məktəbə gedirlər. Digər sinif şagirdləri isə təhsilə distant formada başlayıblar.
Koronavirus epidemiyasına görə, valideynlərə arzu etdikləri təqdirdə uşaqlarını məktəbə buraxmamaq hüququ verilib. Təhsil Nazirliyinin məlumatına görə, I-IV siniflər üzrə təhsil alan 625 mindən çox şagirdin təxminən 8 mininin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.





























