DİN "pikap" avtomobillərin "saxlanılıb alınmasını" izah edib. Azərbaycanda döyüş texnikasının iştirakı ilə təlimlər keçirilir

Yol Polisi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Yol polisi nəqliyyat hərəkətini idarə edir (Şəkil arxivdəndir)
Çap edildi

DİN pikap avtomobillərin "saxlanılıb alınmasını" izah edib, Azərbaycanda döyüş texnikasının iştirakı ilə təlimlər keçirilir, şagird və müəllimlərdə koronavirus aşkarlanıb, bir məktəbdə əyani tədris dayandırılıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

DİN "pikap" avtomobillərin "saxlanılıb alınmasını" izah edir

Daxili İşlər Nazirliyi "pikap" və başqa yüksək keçidli avtomobillərinin saxlanılıb cərimə meydançasına göndərilməsi barədə xəbərləri şərh edib.

Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar bildirib ki, qanunvericiliyə əsasən belə nəqliyyat vasitələrinin texniki vəziyyəti və digər xüsusiyyətləri bağlı göstəriciləri yoxlanılır, qeydiyyat işləri təşkil olunur.

Belə fəaliyyət işlər Nazirlər Kabinetinin qərarları tənzimlənir, qurum deyir.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur," - DİN rəsmi açıqlamasında deyilir.

"Pikap" tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir", DİN bildirib.

Bazar ertəsindən bəri bəzi yüksək keçidli avtomobil sahibləri "səfərbərlik səbəbiylə" maşınlarının onlardan alınıb cərimə meydançasına aparıldığını iddia edirlər. Bəzi internet istifadəçiləri öz maşınlarından məhrum olunmasalar da, belə halların olduğu barədə dost-tanışlardan eşitdiyini yazırlar.

Azərbaycanda 2020-ci il üçün "planlaşdırılmış" hərbi təlimlər keçirilir

Zirehli texnika poliqonda

Şəklin mənbəyi, mod.gov.az

Azərbaycanın ümumqoşun poliqonlarında piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər texnikanın iştirakı ilə təlimlər keçirilir, Müdafiə Nazirliyi bildirir.

Əsas məqsəd - döyüş şəraitində tələb olunan vərdişlərin təkmilləşdirilməsidir.

"Ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir", - Müdafiə Nazirliyi çərşənbə axşamı günü yaydığı məlumatda qeyd edir.

Rəsmi məlumata əsasən, təlimlər 2020-ci ilin döyüş hazırlığı planına uyğun keçirilir.

Məktəblərdə koronavirusa yoluxma halları - Qubada bir məktəbdə əyani dərslər dayandırılıb

BBC

Dərs ili başlayandan sentyabrın 21-nə qədər aralarında şagird və işçi heyət olan 121 nəfərdə koronavirus aşkarlanıb, Təhsil Nazirliyi bildirib.

Qurumun açıqlamasına görə, şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün məktəbə gəlməyiblər.

Azərbaycanda sentyabrın 15-dən dərslər başlasa da, koronavrus epidemiyasına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hələ ki, yalnız ibtidai sinif şagirdləri həftədə iki dəfə məktəbə gedirlər. Digər sinif şagirdləri isə təhsilə distant formada başlayıblar.

Təhsil Nazirliyi bildirir ki, son 1 həftə ərzində 95 şagird və 26 işçi, o cümlədən Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllim virusa yoluxub. Buna görə də həmin məktəbdə əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Güman edilir ki, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsidir.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

Təhsil Nazirliyi bildirir ki, ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Koronavirus epidemiyasına görə, valideynlərə arzu etdikləri təqdirdə uşaqlarını məktəbə buraxmamaq hüququ verilib. Təhsil Nazirliyinin məlumatına görə, I-IV siniflər üzrə təhsil alan 625 mindən çox şagirdin təxminən 8 mininin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.