Səfərbərlik və Çağırış xidmətinin rəsmisi: "Təşviş üçün əsas yoxdur"

Şəklin mənbəyi, APA
Azərbaycanın bir hərbçisi həlak olub, ehtiyatda olan hərbçilər xüsusi toplanışa çağrılırlar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Səfərbərlik və Çağırış xidmətinin rəsmisi: "Təşviş üçün əsas yoxdur"
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözçüsü Füzuli İsmayılovun sözlərinə görə, hazırda "ehtiyatda olan hərbçilərin "hərbi təlim toplanışları həyata keçirilir."
"Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışına çağırılması təşviş üçün heç bir əsas vermir," - Füzuli İsmayılov vurğulayıb.
Onun sözlərinə görə, ölkənin hərbi vəzifə və hərbi xidmət haqqında qanununa uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlimə çağırılırlar.
"Ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib", - dövlət xidmətinin rəsmisi qeyd edib.
Onun sözlərinə görə, hazırda ehtiyatda olan hərbçilərin hərbi təlim toplanışları "plan üzrə həyata keçirilir."
"Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb. Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, heç bir təşvişə əsas yoxdur", - Füzuli İsmayılov bildirib.
Azərbaycanın bir hərbçisi həlak olub
Azərbaycan-Ermənistan dövlət səhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun hərbi qulluqçusu Elşən Məmmədov həlak olub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, müddətdən artıq xidmət edən Elşən Məmmədov bu gün səhər saatlarında həlak olub.
Hərbçinin hansı şəraitdə həlak olması barədə məlumat verilməyib.
Baş Prokurorluq açıqlayıb ki, ötən gün saat 5 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılması nəticəsində əsgər Qurbanov Qurban Azad oğlu sağ çiyin nahiyəsinin kor qəlpə yarası xəsarəti alıb.
Hər iki halla bağlı cinayət işi açılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq cəbhədə vəziyyətin gərginləşməsinə görə, Ermənistanın məsuliyyət daşıdığını bildirib.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Azərbaycan tərəfdən bir əsgərin həlak olması barədə məlumatının olmadığını deyib.
Hərbi vəzifəlilər xüsusi toplanışa çağrılırlar
Ehtiyatda olan hərbçilər xüsusi toplanışa çağrılırlar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib.
Qurumun açıqlamasına görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağrılır.
Təhlilçilər Azərbaycan-Ermənistan arasında münasibətlərin gərginləşdiyini hesab edirlər. İyulun 12-dən 16-na kimi tərəflər arasında ağır döyüşlər baş vermis, Azərbaycan biri general olmaqla 10-dan çox hərbçisini itirmiş, bir mülki şəxs həlak olmuşdu. Ermənistan 5 hərbçisini itirdiyini açıqlamışdı.
Azərbaycan prezidenti İlham Əliyev ötən şənbə günü yerli mediaya verdiyi müsahibəsində Ermənistanın "yeni müharibəyə hazırlaşdığını" bildirmişdi.
Bir müddət əvvəl Azərbaycanda bəzi vətəndaşlar sərhəd və cəbhəyanı bölgələrdə döyüş hazırlığına bənzər hərəkətlərin müşahidə edildiyini BBC News Azərbaycancaya bildirmişdilər.
Ermənistan hökuməti də Silahlı Qüvvələrlə paralel olaraq könüllülərdən yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək.

Şəklin mənbəyi, APA
"PUA məhv edilib"
Azərbaycan Müdafiə Nazirliyi "Ermənistana məxsus pilotsuz uçuş aparatını məhv etdiyini" açıqlayıb.
Bazar günü axşam saatlarında sosial mediada Azərbaycan-Ermənistan sərhədindən təxminən 20-30 kilometr aralıda, ölkənin şimal-qərbində yerləşən ərazidə partlayış səsi eşidildiyi barədə xəbərlər və havada bir obyektin vurulması görüntüləri yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi gecə saatlarında açıqlayıb ki, "taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib", amma partlayış və yayılan video görüntülərlə bağlı şərh verməyib.
Qurum yalnız onu bildirib ki, "məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır".
Ermənistan Müdafiə Nazirliyi "Sputnik Armenia" agentliyinə PUA-nın vurulması barədə xəbərləri təkzib edib.
Azərbaycan və Ermənistan arasında 30 ildən çoxdur ki, Qarabağ münaqişəsi davam edir.
26 il əvvəl tərəflər arasında atəşkəs imzalansa da, mütəmadi olaraq atışmalar davam edir.
Ən son döyüşlər iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermis, iyulun 16-na kimi intensiv atışmalar olmuş, nəticədə Azərbaycan bir mülki şəxsini, biri general olmaqla 10-dan çox hərbçisini, Ermənistan isə 5 hərbçisini itirmişdi.
Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham etmişdi.



























