9-cu sinif şagirdinin intihar cəhdi ilə bağlı cinayət işi açılıb

Çap edildi

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 saylı tam orta məktəbin 9-cu şagirdinin məktəbdə intihar cəhdi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluq bildirib ki, yeniyetmə məktəbin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinin pəncərəsindən özünü yerə ataraq intihara cəhd edib.

Qurumun məlumatında deyilir ki, iş üzrə ekspertizalar təyin edilib, şahidlər dindirilib.

Nə baş verib?

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 saylı tam orta məktəbin şagirdi məktəbdə intihara cəhd edib.

15 yaşlı qız bud sümüyündə sınıq diaqnozu ilə Respublika Klinik Xəstəxanasında reanimasiyadadır.

Məktəb direktoru Zakir Bayramov yeniyetmənin səhhətinin normal olduğunu və bütün müayinələrdən keçirildiyini bildirib.

Yerli mediada yeniyetmə qızın məktəb direktoru ilə problemi olduğundan intihara cəhd etdiyi haqqında xəbərlər yayılıb, amma məktəb direktoru bu iddiaları təkzib edib.

"Ayağında sınıq var. Şükür ki, heç nə olmayıb. Məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Ordan düşən adamda ancaq ayaq sınması yaxşı haldır, çox yüksəkdir ora. Məktəblə bağlı problemi olmayıb, 8-ci sinifi bitirib, artıq bizim 9-cu sinif şagirdimizdir. Gözləyirdik ki, oktyabrın birindən dərsə başlayacaqdılar", - BBC News Azərbaycancaya danışan 313 saylı məktəbin direktoru Zakir Bayramov deyib.

Onun sözlərinə görə, "məktəbə orada xadimə işləyən anasını görmək üçün gələn yeniyetmə orada intihara cəhd edib".

"Qızın anası ilə danışmışıq. Anası deyir axşam danlamışam, amma nə səbəbdən, onu bilmirəm", - məktəbin direktoru deyib.

Yeniyetmənin ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Zakir Bayramov onu da iddia edib ki, yeniyetmənin ailəsi və şəxsi problemləri olma ehtimalı var. Direktor deyib ki, yeniyetmənin qollarında kəsik izləri mövcuddur.

Respublika Klinik Xəstəxanasından 15 yaşlı yeniyetmənin Travmotologiya şöbəsində reanimasiyada olduğunu təsdiqləyiblər.

Şöbədən BBC News Azərbaycancaya deyiblər ki, "qız bud sümüyündə sınıq diaqnozu ilə qəbul olunub və müayinələrdə onda nevroz əlamətləri müşahidə olunub".

"Qız reanimasiyadadır, oturub ağlayır, gəlib müayinə edəndə, ürək kardioqrammasını çəkəndə ağlayır. Bu nevrozun əlamətləridir, qollarında da kəsiklər var", - xəstəxanadan bildiriblər.

Bu son dövrdə yeniyetmə məktəblinin oxuduğu məktəbdə ikinci intihar cəhdidir. Əvvəlki intihar hadisəsi Azərbaycanda ictimaiyyət arasında hay-küy doğurub.

Bundan əvvəl Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib. O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.

Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.

Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.

Sevil Hüseynova ölümlə bağlı "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət" etdiklərini deyib.

Məktəblinin ölümündə yeganə təqsirli bilinən Sevinc Abbasova ona verilən ittihamları qəbul etmir.