Yürüşdə saxlananların ailələri: "Meydanda yox, evə gedərkən saxlanıblar"

bu gün Azərbaycan
Şəklin alt yazısı, Nümayişdən foto
    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi

Bakıda orduya dəstək nümayişindən sonra saxlananlardan bəziləri haqqında 30 saatdan çoxdur ki, "məlumat yoxdur", onların yaxınları və vəkilləri bildirirlər.

"30 saatdan çoxdur ki, saxlayıblar. Deyirlər şahid qismində saxlamışıq. Başqa da heç bir məlumat vermirlər", nümayişdən sonra saxlanmış jurnalist Anar Abdullanın yaxını Mina Əlyarlı deyir.

BBC News Azərbaycanaya danışan vəkillər şəxslərin 24 saatdan artıq şahid kimi saxlanılmasını "qanunsuz" adlandırıb.

Daxili İşlər Nazirliyindən cümə axşamı günü BBC News Azərbaycanaya bildiriblər ki, "saxlanılan bu üç nəfərlə bağlı araşdırma aparıldığını bildirib: "Araşdırma başa çatan kimi ictimaiyyətə məlumat veriləcək."

Qurum adı çəkilən üç nəfərin saxlanılmış 7 nəfərin tərkibində olub-olmaması ilə bağlı məlumat verməyib.

Bazar günündən başlayaraq, Azərbaycan və Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində davam edən döyüşlərin fonunda iyulun 14-dən ölkənin bəzi regionlarında, həmçinin Bakı və Sumqayıt şəhərlərində orduya dəstək aksiyası keçirilib. Bakıdakı aksiyalar gecə saatlarında da Şəhidlər Xiyabanına yürüş və Parlamentin qarşısında toplaşıblar. Bu zaman bəzi şəxslər Milli Məclisin binasına giriblər.

Çərşənbə günü Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin inzibati binasının qarşısında baş verənlərlə bağlı 7 nəfərin saxlandığını bildirib.

"Yatmağa yer, yeməyə çörək verməyiblər"

Orduya dəstək aksiyası zamanı saxlanmış jurnalist Anar Abdullanın yaxını Mina Əlyarlı BBC News Azərbaycanaya bildirib ki, "Anar Abdulla jurnalistdir. Meydana getməkdə məqsədi də videokadrlar çəkmək olub."

Mina Əlyarlı deyir ki, "Anar Abdulla və onunla birgə bir otaqda saxlanılan şəxslərə nə yemək, nə də gecəni yatmağa yer verilib."

"Anarı səhər saat 5-də saxlayıblar. Saxlanan gün Binəqədi rayon 4-cü polis bolməsinə aparılıb. Daha sonra onu və bir neçə şəxsi 6-cı polis bölməsinə barmaq izlərini götürmək üçün apardılar. Sonra yenə 4-cü bölməyə qaytarıb gətirdilər. Gün ərzində bizə dedilər ki, 10 dəqiqəyə buraxacağıq. Sonra dedilər yox, bir saata buraxılacaqlar. Belə-belə axşam düşdü, gecə oldu"

Mina Əliyarlı cümə axşamı gününün səhəri saat 6-dan polis bölməsinin qarşısında olduğunu qeyd edir.

"İndi saat artıq 1-dir. Ancaq hələ də buraxmayıblar. Axırda polis əməkdaşlarından biri bizə dedi ki, bizdə də dəqiq məlumat yoxdur."

"Bir zülümlə tapdıq hansı bölmədə olduğunu"

Saxlanılmış jurnalist Firuddin Səlimovun anası "hər yarım saatdan bir" bölməyə zəng etdiyini və "buraxılacaq, barəsində araşdırma gedir" cavabını aldığını qeyd edib.

"Dünən üstünə təcili yardım gəlib. Buraxın da. Bilmədiyimiz nələrsə var? İş başında olub, çəkiliş edib. Əcəb edib. İşi budur da. Gecə 3-də yürüş burdan keçəndə, durdu bu da getdi. Dünən getdim bölməyə. Bir zülümlə tapdıq hansı bölmədə olduğunu. Özü ilə görüşə bildim. Mənə dedi ki, "APİ-nin yanından evə qayıdırdıq. PPX saxladı, basdı maşına".

O, oğlunun dostu Anar Abdullanın da evə gedərkən saxlandığını qeyd edir.

"Görəsən, bunlar mitinqlə yürüşü niyə ayırdı edə bilmirlər ki? Bu gəncləri əzib, sındırmaqla nə etmək istəyirlər? Bizə deyiblər ki, bu gün buraxılmalıdır. Amma hələlik xəbər yoxdur. Araşdırma gedir. Quru-quru araşdırma gedir."

Mehriban İsmayılova deyir ki, onun "oğlunu səbəbsiz yerə aparıblar, uşağın heç bir günahı yoxdur."

Jurnalistlər Anar Abdulla və Firuddin Səlimovun vəkili Zibeydə Zəkəriyayeva BBC News Azərbaycanaya deyib ki, "şəxslərin 24 saatdan artıq şahid kimi saxlanılması qanunsuzdur, şəxslər 24 saatdan artıq saxlanılırsa onlar artıq ya şübhəli, ya da təqsirləndirilən şəxs qismində cəlb oluna bilərlər".

"Qanunsuz saxlayırlar"

Digər bir saxlanılmış şəxs Elvin Cəbiyevin həyat yoldaşı, jurnalist Aysel Umudova deyir ki, "həyat yoldaşı həm gecə olduğu üçün, həm də kömək məqsədilə onunla birlikdə meydana gəlib."

"Elvin dedi axşamdır, ora qarışıq olacaq mən də səninlə gəlirəm. Amma meydana çatdıqdan sonra çox adam var idi və biz bir-birimizi itirdik. Aparılanda mən yanında olmamışam. Ona görə də ona qarşı zorakılıq edilib-edilmədiyini bilmirəm."

Aysel Umudova deyir ki, "hazırda Elvin Cəbizadə və onunla birgə saxlanan digər 5 nəfər içəridə balaca bir otaqda oturublar və gecə onlara yatmağa yer verilməyib."

Elvin Cəbizadənin Vəkili Elçin Sadıqov deyir ki, ona müvəkkili ilə görüşə "icazə verilməyib."

"Bu tamamilə qanunsuz haldır. İnzibati Xətalar Məcəlləsinə görə barəsində İnzibati protokol tərtib olunmuş şəxsi yalnız qanunun icazə verdiyi hallarda 24 saatadək saxlanmasına icazə verilir. Hətta onun haqqında protokol da təqdim etməyiblər bizə. Saxlama müddəti də başa çatıb. Onu hazırda qanunsuz saxlayırlar. Biz bununla bağlı Baş prokurora teleqram göndərmişik və xahiş etmişik ki, təcili olaraq Elvin Cəbizadə ilə görüşümüz təmin olunsun."

Vəkil eyni zamanda "görüşə icazə verməyən polis nəfərləri barədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin başlanmasını da istəmişik."

Daxili İşlər Nazirliyi saxlanılan bu üç nəfərlə bağlı araşdırma aparıldığını bildirib: "Araşdırma başa çatan kimi ictimaiyyətə məlumat veriləcək."

DİN saxlanılan jurnalistlər Firuddin Səlimov və Anar Abdullanın yaxınlarının "evə qayıdarkən başqa ərazilərdə saxlanılıblar" iddialarına aydınlıq gətirməyib.