Roma Papası: "Ermənistanla Azərbaycan arasında silahlı gərginliklərin yenidən başlanmasını narahatlıqla izləyirəm"

Papa Francis

Şəklin mənbəyi, Reuters

Çap edildi

Azərbaycan Müdafiə Nazirliyinin bazar günü yaydığı məlumatına əsasən, "hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir". Rəsmi Yerevan da "Ermənistan-Azərbaycan dövlət sərhədində nisbi sakitliyin" olduğunu bildirib.

Bu arada bazar günü Roma Papası Francis bəyan edib ki, Ermənistanla Azərbaycan arasında toqquşmanın qurbanlarının ailələri üçün dua edir və ümid edir ki, zidddiyyətlər sülh yolu ilə həll oluna bilər.

"Mən son günlər Qafqaz regionunda, Ermənistanla Azərbaycan arasında silahlı gərginliklərin yenidən başlanmasını narahatlıqla izləyirəm", - Roma Papası iyulun 19-da Vatikanda keçirilən ibadətindən sonra bildirib.

"Ümid edirəm ki, beynəlxalq birliyin iştirakı ilə tərəflərin dialoqu və xoş məramı sayəsində davamlı sülh əldə oluna bilər", - Roma Papası qeyd edib.

Azərbaycan ordusu, Tovuz istiqaməti

Şəklin mənbəyi, Anadolu Agency/Getty

Bazar günü açıqlanmış Azərbaycan Müdafiə Nazirliyinin məlumatında "Tovuz istiqamətində nisbi saktliyin" olması ilə yanaşı qeyd olunur ki, "Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub".

Ermənistanın "Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən" Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

"Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də" Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğu bildirilib.

"Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır", - Azərbaycan MN-in məlimatda qeyd olunub.

Ermənistan Müdafiə Nazirliyinin 19 iyul saat 9:00-a olan məlumatına görə, "iyulun 18-dən 19-na keçən gecə və hazırda Ermənistan-Azərbaycan dövlət sərhədində nisbi sakitlik qorunur".

"Sərhədin müəyyən hissələrində qarşı tərəf müxtəlif odlu silah növlərindən 70-ə yaxın atəş açıb", - Facebook səhifəsində nazirliyin mətbuat katibi Şuşan Stepanyan yazıb.

Azərbaycanla Ermənistan arasında sərhədin Tovuz istiqaməti sahəsində döyüşlər iyulun 12-dən başlayıb.

Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb.

Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini ittiham edirlər.