"Dövlətə xəyanətdə" ittiham olunan Fəxrəddin Abbasov "sağ-salamatdır"

"Talış-Muğan respublikası", Azərbaycan DTX MTN Penitensiar Xidmət Ombudsman aparatı

Şəklin mənbəyi, Oqtay Kazımov

Şəklin alt yazısı, Fəxrəddin Abbasov
Çap edildi

"Dövlətə xəyanətdə" ittiham olunan, özünü "Talış-Muğan Respublikası"nın təsisçilərindən sayan Fəxrəddin Abbasovun ailəsi ondan xəbərsiz qaldığını deyir.

Dövlət Təhlükəsizlik Xidməti Fəxrəddin Abbasovu ötən ilin martında həbs edib. Onun ailəsi deyir ki, uzun müddətdir ki, Fəxrəddin Abbasovdan xəbər ala bilmirlər.

Penitensiar Xidmətdən BBC News Azərbaycancaya "məhkumların yerdəyişməsi barədə kənar şəxslərə məlumat verilmədiyi" bildirilib.

Ombudsman Aparatı isə onun "sağ-salamat olduğunu" və "Kürdəxanı təcridxanasında saxlandığını" bildirir.

"Bircə səsini eşidim, bilim ki, sağdır"

"Qırx gündən çoxdur, heç bir əlaqəmiz yoxdur. İndi istədiyim bircə telefonda səsini eşitməkdir, bilim ki, sağdır, vəziyyəti necədir"- Fəxrəddin Abbasovun qardaşı Araz Abbaszadə BBC News Azərbaycancaya bildirib.

Ona qardaşının hazırda Kürdəxanı təcridxanasında olduğu deyilsə də, Abbasovun ora köçürülməsi ilə bağlı ailəsinə heç bir məlumat verilməyib, üstəlik onunla əlaqə saxlamaq cəhdləri də boşa çıxıb, ailəsi iddia edir.

Araz Abbaszadə BBC News Azərbaycancaya deyib ki, qardaşı ilə sonuncu dəfə martın 6-da telefon vasitəsilə əlaqə saxlayıb.

"Sonuncu dəfə elə mən sovqatını apardım verdim, onda da görə bilmədim özünü. Hər sovqat verəndə görmürük ki. Daha sonra əlaqə saxlamağa çalışdıq, məlumat ala bilmədik. Onda da Qırmızı Xaça, bir də Ombudsman Aparatına müraciət etdik. Aprelin 17-də isə bizə məlumat verildi ki, Kürdəxanıya köçürülüb. Getdik ora, təcridxanada bizə dedilər ki, sovqat qəbul etmirlər. Biz də məhbusların adına açılan hesaba 100 manat yazdırdıq, bir də 2 qutu siqaret verdik, amma özü ilə heç danışa bilmədik".

DTX 2019-cu ilin martın 1-də Fəxrəddin Abbasovun Heydər Əliyev adına Hava Limanında saxlanılması ilə bağlı xəbər yayıb. Yaxınları isə Azərbaycan xüsusi xidmət orqanlarının 2019-cu ilin fevral ayında onu başqa ölkədən gətirdiklərini iddia edirlər.

O, Cinayət Məcəlləsinin "dövlət əleyhinə yönəlmiş açıq çağırışlar, və milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması maddələri ilə ittiham edilir.

2019-cu il iyulun 14-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Fəxrəddin Abbasov həbs edilib.

Fəxrəddin Abbasovun vəkili Elçin Qəmbərov "müvəkkilinin ittihamları qəbul etmədiyini" bildirib.

Ombudsman Aparatının rəsmisi Rəşid Rumzadə BBC News Azərbaycancaya deyir ki, ailənin müraciətindən sonra aparılan araşdırma əsasında müəyyən olunub ki, Fəxrəddin Abbasov "sağ-salamatdır və hazırda Kürdəxanı təcridxanasında saxlanır".

Fəxrəddin Abbasov kimdir?

Fəxrəddin Abbasov "Talış-Muğan Respublikası"nın təsisçilərindən biri kimi təqdim edilir. "Talış-Muğan Respublikası" Azərbaycanda separatçı ideya kimi tanınır.

Fəxrəddin Abbasov 1993-cü ildə Bakı Dövlət Universitetinin politologiya fakültəsinin müəllimi olub.

İndiyədək talış dilində buraxılmış bir neçə qəzetə baş redaktorluğu etmiş Fəxrəddin Abbasov Talışca-Azərbaycanca lüğətin birinci və ikinci hissəsinin çapını təşkil edib.