Azərbaycan və Ermənistanın dövlət sərhədində azərbaycanlı əsgər həlak olub

Şəklin mənbəyi, APA.AZ
Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması və Azərbaycan əsgərinin həlak olmasından sonra iki ölkə bir-birini qarşılıqlı ittiham edib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hərbi qulluqçunun "qətlə yetirilməsini" "beynəlxalq ictimaiyyətin səylərinə birbaşa maneə" adlandırıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz sosial media hesabından "təxribatlara və onların nəticələrinə görə bütün məsuliyyətin Azərbaycan tərəfinin üzərinə düşəcəyini" yazıb.
"İnsident məqsədyönlü təxribat xarakterlidir"
Azərbaycan Dövlət Sərhəd Xidməti cümə axşamı günü axşam saatlarında əsgər Orxan Paşazadənin snayper atəşi nəticəsində həlak olduğunu açıqlayıb.
"Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Paşazadə yaralanmış, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb", qurumun məlumatında deylir.
Azərbaycan XİN bəyənat yayaraq Ermənistan tərəfinin "məqsədyönlü təxribat" yaratdığını və buna görə məsuliyyət daşıdığını bildirib.
"Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi cinayətkar və dağıdıcı fəaliyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə və beləliklə də ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında beynəlxalq ictimaiyyətin səylərinə birbaşa maneə törədir", qurum bildirir.
Ermənistan mediası da bu ölkənin Müdafiə Nazirliyinin bir rəsmisinə istinadən "Azərbaycan hərbi bölmələrinin Ermənistanın Tavuş vilayətinin sərhəd hissəsində təxribat törətdiyini" yazıb.
Bu barədə öz Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan da yazıb.
"Bir neçə gündür ki, Azərbaycan sərhəd qoşunlarının bölmələri iri çaplı pulemyotlardan atəş açırlar. Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir qayda olaraq təmkinlilik göstərir, lakin nişanə atəşlər cavabsız qalmayacaq. Bu təxribatlara və onların nəticələrinə görə bütün məsuliyyət Azərbaycan tərəfin üzərinə düşəcək", - Artsrun Hovhannisyan yazıb.
Bundan öncə fevralın 24-də İki ölkə arasında atəşkəsin pozulması ilə bağlı məlumat yayılmışdı. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) hadisə nəticəsində biri azərbaycanlı sərhədçi əsgər olmaqla, iki nəfərin ölməsi və bir nəfərin ağır yaralanması barədə məlumat yaymışdı.
Ermənistan tərəfi isə bir əsgərinin "yüngül" yaralandığını bildirmişdi.



























