Azərbaycan hökuməti Xədicə İsmayılova işinə görə 25 min avro cərimələnib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayılovanın lehinə qərar çıxarıb.
Məhkəmənin cümə axşamı günü elan olunan qərarına görə, Azərbaycan hökuməti Xədicə İsmayılovanın həbsinə və qanunsuz mühakiməsinə görə ona 25 min avro məbləğində təzminat ödəməlidir.
AİHM müəyyən edib ki, jurnalist Xədicə İsmayılova həbs olunan zaman, Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən, onun azadlıq hüququ pozulub.
Məhkəmə müəyyən edib ki, onun həbsi onun cinayət törətdiyinə dair "ağlabatan şübhəyə" əsaslanmayıb.
Bununla yanaşı, məhkəmədə Avropa Konvensiyanın 6-cı maddəsinə əsasən jurnalistin günahsız sayılmaq hüququnun pozulduğu da aşkar edilib.
Qərarda deyilir ki, prokuror Xədicə İsmayılın qanun qarşısında günahkar olmadığını sübut etməsini gözləmədən açıqlama verib və onun günahkar olduğunu bildirib.
Avropa Məhkəməsi qərarında onu da göstərib ki, Azərbaycan höküməti jurnalisti həbs edərək Konvensiyanın 18-ci maddəsini də pozub.
Məhkəmə qərarda deyilib ki, Xədicə İsmayılın həbs olunmasında əsl məqsəd "jurnalist fəaliyyətinə görə [Xədicə İsmayılı] susdurmaq və cəzalandırmaq" olub.
Yuxarıda sadalanan pozuntulara görə, məhkəmə, Azərbaycanın Xədicə İsmayılovaya 25 min avro ziyanın ödənilməsi barədə qərar qəbul edib.
Məhkəmə işində Xədicə İsmayılova, vəkilləri Amal Clooney, Nani Jansen Reventlow və Alinda Vermeer tərəfindən müdafiə olunub.
Qərar AİHM-nin Xədicə İsmayılovanın işi üzrə ikinci qərarıdır. Daha əvvəl Avropa Məhkəməsi jurnalistin mənzilində gizli çəkiliş aparıldığı, kadrlar internetdə yayıldığı zaman onun şəxsi həyatına müdaxilənin qanunsuz olduğu barədə qərar çıxarmışdı.
2019-cu ilin yanvarında elan olunan qərarla Konvensiyanın 8-ci və 10-cu maddələrinin pozuntusu tanınıb. Bu qərarla Azərbaycan höküməti Xədicə İsmayılovaya 17 min avro cərimə ödəməlidir.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov BBC News Azərbaycancaya deyib ki, "belə qərarların qəbul olunması AİHM-nin işidir.
"Biz AİHM-nin yuridiksiyasını qəbul etmişik, ona görə də hər hansı qəbul olunmuş qərarı müvafiq prosedur qaydaları ilə təhlil edəcəyik. Bunu əlavə şərh etməyə ehtiyac yoxdur", - Səməd Seyidov deyib.
Millət vəkili onu da deyib ki, "artıq Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyəti ilə bağlı artıq Avropanın müxtəlif strukturlarında müxtəlif fikirlər formalaşmağa davam edir.
Onun sözlərinə görə, AŞPA-da AİHM-nin fəlaiyyəti və QHT-ları ilə əlaqələri ilə bağlı hazırlanan məruzə geniş müzakirə olunur.
Səməd Seyidov deyib ki, "bu məruzənin içərisində konkret faktlar öz əksini tapır. Biz görürük ki, AİHM-nin içərisində gedən prosesslər ciddi təhlil olunmalıdır".
Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.
Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.
2016-cı ilin yayında Azərbaycan Ali Məhkəməsi Xədicə İsmayılovanın 5 il şərti azadlığa buraxılması barədə qərar verdikdən sonra o, azadlığa çıxıb.




























