Qubanın Qarxun kəndində yanğın: 3 ev, tövlə və ot tayaları yanıb

Bu gün Qubanın Qarxun kəndində ot tayasından başlayan yanğın evlərər keçib. 5 ev yanıb
Çap edildi

Cümə günü Qubanın Qarxun kəndində baş vermiş yanğın nəticəsində 3 ev, 6 tövlə və ot tayaları yanıb, Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib.

Məlumatda deyilir ki, hadisə nəticəsində 100 və 80 kvadrat metri olan iki ev, başqa bir evin də bir hissəsi, 6 tövlə və ot tayaları yanıb.

Nazirliyin məlumatına görə, ətrafdakı evlər və digər obyektlər yanğından mühafizə olunub.

FHN yanğının "mürəkkəb relyefə malik və çətin keçilən yolları olan dağlıq ərazidə" baş verdiyini bildirib.

Nazirlik yanğının yaxınlıqda yerləşən evlərə keçmə ehtimalı olduğundan əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzinin, Mülki Müdafiə qoşunlarının müvafiq qüvvələrinin və nazirliyin Aviasiya dəstəsinin 2 helikopterinin cəlb olunduğunu açıqlayıb.

Quba Rayon İcra Hakimiyyətinin Qarxun kənd icra nümayəndəsi Rahib Məmmədovun BBC News Azərbaycancaya verdiyi məlumata görə, yanğına güclü külək səbəb olub.

"Orada yanğın ot tayalarının alışması nəticəsində meydana gəlib, daha sonra alov yaxınlıqdakı evlərə keçib. Dağ kəndi olduğu üçün telefon tutmur, məlumat ala bilmirik", kənd icra nümayəndəsi bildirib.

Yerli media yazır ki, yanğının söndürülməsi məqsədilə əraziyə helikopterin cəlb olunması üçün Quba RİH-nin başçısı Ziyəddin Əliyev Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

Ucqar dağ kəndi olan Qarxun rayon mərkəzindən 80 kilometr aralıda yerləşir.