Süleymaninin qətlindən sonra Britaniya Azərbaycana səyahət tövsiyələrini yeniləyib

Şəklin mənbəyi, Thomas Eisenhuth/Getty Images
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İran-ABŞ gərginliyinin artmasından sonra öz vətəndaşları üçün Azərbaycana səyahət tövsiyələrini yeniləyib.
Yeni məsləhətlər yanvarın 3-də Bağdad şəhərində İran generalı Qasım Süleymaninin ABŞ-ın hücumu ilə öldürülməsindən "regionda gərginliyin artmasına gətirib çıxarıb", Britaniya XİN bildirib.
"Qərb maraqlarına qarşı artan təhlükə ehtimalı var və təhlükəsizlik vəziyyəti kiçik bir işarə nəticəsində belə pisləşə bilər", XİN saytında yazılır.
Bu səbəbdən ölkə vətəndaşlarına ayıq-sayıq olmağı və hadisələrin gedişatı barədə ən son məlumatlara yiyələnməyi məsləhət görüb.
Tövsiyələrdə işğal altında olan Dağlıq Qarabağ və onu əhatə edən ərazilərdən uzaq olmaq, təmas xəttindən və Ermənistanla sərhədə 5 km-dək yaxınlaşmamaq məsləhət görülür.
Bundan başqa, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səyahət edənlərin gələcəkdə Azərbaycana giriş məhdudiyyəti ilə üzləşə biləcəkləri də qeyd olunur.
Hər il Azərbaycana əsasən biznes məqsədilə 30 min britaniyalı səyahət edir.
Yanvarın 3-də ABŞ qüvvələri Bağdad hava limanı yaxınlığında Qasım Süleymani də daxil olmaqla, azı 10 nəfərin həlak olması ilə nəticələnən dron hücumu həyata keçirib.
Qasım Süleymaninin öldürülməsi əmrini prezident Donald Trump verib.
Süleymani İranın İslam İnqilabi Keşikçiləri Korpusunun elit Qüds qüvvələrinin lideri idi.
İranın Ali Dini Lideri Ayətullah Xameneyiyə çox yaxın olan Süleymani İranda ikinci güclü adam kimi tanınırdı.
Rəsmi Tehran hadisəni pisləyib və "cinayətkarlardan sərt qisas alınacağını" elan edib. Bir neçə gün sonra isə ABŞ-ın İraqdakı bazalarına raket atıb.
Süleymani İraqda və İranda üç gün davam edən matəm marəsimlərindən sonra öz doğma şəhəri Kirmanda dəfn edilib.


























