You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Gəncə məhbusu"nun ailəsi onun vəziyyətindən şikayətçidir
Gəncə hadisələrində ittiham olunaraq 2 il 6 ay müddətinə həbsə məhkum olunmuş Elvin Nəzərovun ailəsi onun səhhətindəki problemlərdən şikayətçidir.
Məhbus Elvin Nəzərovun həyat yoldaşı Şəbnəm Nəzərova BBC News Azərbaycancaya bildirib ki, "məhbusun vəziyyəti getdikcə pisləşir, lakin nədənsə onun ətraflı müayinəsi həyata keçirilmir".
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadiqov BBC News Azərbaycancaya bildirib ki, məhbusun səhhəti ilə bağlı "lazımi müayinələr aparılıb və müalicələr təyin olunub".
2018-ci ildə iki polisin öldürülməsi və birinin yaralanması ilə nəticələnmiş Gəncə hadisələrindən sonra hüquq-mühafizə orqanları 77 nəfərə cinayət işinin açıldığını, 11 nəfərin axtarışa verildiyini, 5 nəfərinsə öldürüldüyünü açıqlamışdı.
Hadisələrdə təqsirləndirilən iki nəfərdən biri istintaq zamanı, digəri isə məhkəmədən az sonra vəfat edib.
"İki gündür öyüyür"
2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Elvin Nəzərovun həyat yoldaşı BBC News Azərbaycancaya deyib ki, həyat yoldaşının səhhətində problemlər var, lakin o lazımi şəkildə müayinə və müalicə edilmir.
"Elvinin başında güclü ağrılar var. Sağ tərəfində keyləşmə var. Sağ qolunu işlətməkdə çətinlik çəkdiyini deyir. Dünən yanına getmişdim (13 noyabrda -red.) otura bilmirdi. Bizdən gizlətməyə çalışsa da hiss edirik ki, narahat oturub. Elvinin sağ gözünün görməsi də getdikcə zəifləyir. Dünən bizim yanımızda danışdığı yerdə öyüməyə başladı. Bu gün də zəng vurmuşdu, səhər sübh namazında onu öyümək tutub, uzun müddət öyüyüb, qaytarıb. Öyüməkdən səsi batmışdı".
Şəbnəm Nəzərova deyir ki, "həyat yoldaşı Ədliyyə Nazirliyinin tibb müəssisəsinin həkimi tərəfindən müayinə olunub və ona bəzi dərmanlar təyin olunub".
""Sağa-sola bax" deməklə başına-başına günlərlə döyülmüş xəstənin vəziyyətini müayinə etmək olmaz. Elvin ağır işgəncə görüb. Onun MRT müayinəsinə ehtiyacı var. Həkim gətiriblər baxıb, dərman yazıb. Dərdini düz-əməlli bilmədiyin xəstəyə necə dərman yaza bilərsən? Ağrıkəsici verirlər ki, sakitləşsin. Ancaq sağalması ilə məşğul olan yoxdur", Şəbnəm Nəzərova deyib.
Penitensiar Xidmətin sözçüsü Mehman Sadiqov BBC News Azərbaycancaya deyib ki, "məhbusun səhhəti ilə bağlı lazımi müayinələr aparılıb və müalicələr yazılıb".
"Məhbusun yaxınları onun tibbi vəziyyəti ilə bağlı özləri həkim gətirmək istəyirlərsə, onun konkret yerdə müayinəsini istəyirlərsə, bunun üçün müraciət edə bilərlər. Məhbusun, müalicəsi ilə bağlı hər hansı tibb müəssisəsinə köçürülməsində heç bir maneə yoxdur. Penitensiar Xidmət məhbusların sağlamlığında maraqlıdır və bunun üçün əlindən gələni edir", cənab Sadiqov vurğulayıb.
Ombudsman Aparatının İşgəncələrin Qarşısının Alınması şöbəsinin rəhbəri Rəşid Rumzadə BBC News Azərbaycancaya "məsələdən xəbərdar olduqlarını" bildirib.
"Elvin Nəzərov adlı məhbusla bağlı məsələ tərəfimizdən araşdırılıb. Məhbusun müayinəsi və müalicəsi üçün heç bir maneə yoxdur".
Cənab Rumzadə bildirib ki, "ehtiyac olduğu təqdirdə məhbusun müalicə müəssisəsinə köçürülməsi üçün də heç bir maneə yoxdur".
Azərbaycan hökuməti Gəncə işində təqsirləndirilən şəxslərin və onların yaxınlarının işgəncələrlə bağlı iddialarını təkzib edir.
"Gəncə hadisələri" zamanı nə olub?
2018-ci ildə iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıb.
Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.
Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.
Bu hadisədən sonra hüquq-mühafizə orqanları 77 nəfərə cinayət işinin açıldığını, 11 nəfərin axtarışa verildiyini, 5 nəfərin öldürüldüyünü açıqlayıb.
İndiyə qədər Gəncə hadisələrində ittiham olunana şəxslərdən iki nəfəri vəfat edib. Onlardan biri istintaq zamanı, digəri isə həbsxanada vəfat edib.
Gəncə hadisələri ilə bağlı 77 nəfər ittiham olunub. Onlardan həbs olunanlara 2 ildən 20 ilədək həbs cəzası verilib.