Bakıda "elektriçka" yolu bu ilin sonunadək tamamlanacaq

Çap edildi

Bakı dairəvi dəmir yolunun birinci hissəsinin yenidən tikintisi bu ilin sonunadək başa çatacaq, azərbaycanlı rəsmi deyir.

Bakı dairəvi dəmir yolunun birinci hissəsi Abşeron dairəsininin digər hisssələrini Bakı ilə birləşdirəcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevlə görüşündə ona məlumat verib ki, əvvəllər "elektriçka" kimi tanınan bu yolun ilin sonunadək tikilib başa çatması nəzərdə tutulur.

Abşeron dairəsinin dəmir yolu istifadəyə veriləcək və bir-birini, eləcə də Bakını birləşdirəcək əraziləri bunlardır: Biləcəri, Xırdalan, Sumqayıt, Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, "Koroğlu".

Cənab Qurbanov deyib ki, "əvvəllər "elektriçka" adı ilə mövcud olmuş bu yol uzun illərdir işləməyib və son 25 ildə cəmi 10-dək istismar müddətini bitirmiş qatar fəaliyyət göstərib.

O, ümumi uzunluğu 200 kilometrə yaxın olan yolda təmir-tikinti işlərindən danışıb.

"Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yol boyu çirkab və tullantı sularını yığışdırmışıq. Metal hasarın da təqribən 70 faizə qədərini yerinə yetirmişik", o deyib.