You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan-Azərbaycan sərhədində həlak olmuş ekskavator sürücüsü dəfn edilib
Azərbaycan-Ermənistan sərhədində son iki gündə atışma zamanı mülki şəxslər zərər görüb.
Azərbaycan tərəfi çərşənbə günü bir ekskavatorçunun həlak olması, Ermənistan tərəfi isə bir traktorçu və bir hərbçinin yaralanması barədə məlumatlar paylaşıb.
Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığında, sərhəd ərazisində həlak olmuş ekskavator sürücüsü Səfərəli Abışov bugün dəfn edilib.
Masallı sakini olan Abışov oktyabrın 2-də, saat 16.55 radələrində dövlət sərhəddində, təminat yollarının salınması ilə məşğul olan ekskavatorda işlədiyi zaman Ermənistan tərəfindən atəşə tutulub, Dövlət Sərhəd Xidməti məlumat yayıb.
BBC News Azərbaycanca Ermənistan Müdafiə Nazirliyindən bu barədə məlumat ala bilməyib.
Ermənistan mediası yazır ki, oktyabrın 2-də "Azərbaycan tərəfindən açılan atəş nəticəsində" bir nəfər müqavilə əsasında xidmət edən erməni hərbçi çiynindən yaralanıb. Məlumatda qeyd olunub ki, yaralının həyatına təhlükə yoxdur.
Oktyabrın 1-də Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyana istinadən "Azərbaycan tərəfinin atəşi nəticəsində Ermənistanın Noyemberyan rayonunda traktorçunun yaralanması" barədə məlumat yayılıb.
Ermənistan MN-nin rəsmisinin sözlərinə görə, traktorçu işlədiyi zaman qarşı tərəfdən atəşə məruz qalıb və bu "faktı əks etdirən video görüntü var", News.am saytı yazıb.
Bu iddialara Azərbaycan tərəfinin reaksiyası məlum deyil.
Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abiyev BBC News Azərbaycancaya deyib ki, həlak olmuş ekskavatorçu Səfərəli Abışov əslən Masallıdan olsa da, Bakı şəhərində yaşayıb və Müdafiə Nazirliyi üçün işləyib.
Onun sözlərinə görə, Abışovun dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri və Dövlət Sərhəd Xidmətinin rəis müavini iştirak edib.
Çərşənbə günü Ermənistan Azərbaycan sərhəddininin Qazax rayonunun Quşçu Ayrım kəndində həlak olan Səfərəli Abışov bu ilin aprel ayında Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb.
Səfərəli Abışov və dörd digər şəxs sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif ediliblər.
Bir həftə əvvəl təmas xəttində Azərbaycanlı hərbiçinin ölümü ilə nəticələnən insident baş verib.
Hadisə nəticəsində əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu həlak olub və sonradan onun nəşi Beynəlxalq Qızıl Xaç komitəsi tərəfindən üzbəüz mövqelər arasındakı ərazidən çıxarılıb.
Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verirlər.