Penitensiar Xidmət: "Eşqin Quliyev xəstəlikdən vəfat edib"

Gəncə

Şəklin mənbəyi, Ganja.az

Çap edildi

2018-ci il, iyulun 10-da baş vermiş Gəncə hadisələrindən sonra həbs olunmuş 27 yaşlı Eşqin Quliyev bazar günü Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov BBC News Azərbaycancaya bildirib ki, Eşqin Quliyevin məhkəməsi başlayandan bəri onun səhhəti nəzarətə götürülüb: "Penitensiar Xidmətin nəzdindəki təcridxanaya gətirilən hər bir məhbus ilkin olaraq tibbi müayinədən keçilir. Eşqin Quliyev də təcridxanaya gətirilən gündən tibbi müayinə və müalicə olunub".

Mehman Sadıqovun sözlərinə görə, onun ölümünə yoluxduğu infeksion xəstəliklər səbəb olub.

O, məhkumun nəşinin artıq ailəsinə verildiyini deyib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev BBC News Azərbaycancaya bildirib ki, Eşqin Quliyev ağır xəstə olmasına baxmayaraq, 1 həftə əvvəl 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası almışdı.

"Dəfələrlə onun məhkəməsində iştirak etmişəm, cinayət işi ilə yaxından tanışam. Onun tək "günahı" odur ki, Rəşad Böyükkişiyevlə vaxtilə 6 saylı CÇM-də bir yerdə cəza çəkib. Orda tanış olublar. Həbsdən sonra münasibətləri davam edib", Oqtay Gülalıyev qeyd deyib.

Rəşad Böyükkişiyev 10 iyul Gəncə hadisələrində iki polis zabitini öldürməkdə, birini yaralamaqda şübhəli bilinib və təhlükəsizlik orqanlarının əməliyyatı zamanı öldürülüb.

İyulun 9-da Gəncə hadisələri ilə bağlı saxlanmış daha bir məhbus Aydın Qurbanov onkoloji xəstəlikdən Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat etmişdi.

Onun ölümündən sonra Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin yaydığı məlumatda vurğulanırdı ki, Aydın Qurbanov xəstəliyi ilə əlaqədar martın 15-dən Penitensiar xidmətin müalicə müəssisəsinə köçürülmüşdü.

Gəncə hadisələri ilə bağlı 70-dən çox adam saxlanmış, onların bəziləri barəsində məhkəmə artıq qərar vermiş, bəzilərinin məhkəmə araşdırması isə davam edir.

Keçən il iyulun 10-da Gəncə hadisələrinin baş verməsindən bir həftə qabaq, iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd baş vermiş, hakimiyyət bunu və 10 iyul hadisələrini bir qrup şəxsin ölkədə "terror törətmə cəhdi" kimi qiymətləndirmişdi.

Yerli hüquq müdafiəçiləri isə Gəncə hadisələrində saxlanmış və müxtəlif həbs cəzaları almış şəxsləri "günahsız və təsadüfi qurban" sayır.