128 min avro haqqında: "Azərbaycana cərimə kəsilirsə, həmin hal diqqətlə öyrənilir"

Çap edildi

Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) qoşulan bütün Avropa dövlətləri vaxtaşırı bu və ya digər öz milli qanunvericiliyində məhkəmə qüsurlarına və ya polis diqqətsizliyinə görə cərimə edilir, millət vəkili Aydın Mirzəzadə deyib.

O, cümə axşamı günü BBC News Azərbaycancaya AİHM-in Azərbaycan hökumətini 128 min avro cərimələməsi qərarını şərh edərkən deyib.

Cənab Mirzəzadə "hər hansı məsələ ilə bağlı Azərbaycana cərimə kəsilirsə, həmin hal diqqətlə öyrənilir və gələcəkdə də belə halların baş verməməsi üçün addımlar atılacaq" deyib.

"AİHM cümə axşamı "Məcidli və digərləri Azərbaycana qarşı" işi ilə bağlı 11 şikayət üzrə qərarını açıqlayıb", hüquqşünas Xalid Ağalıyev BBC News Azərbaycancaya bildirib.

"Ərizəçilər AİHM-ə şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququ, ifadə azadlığı və başqa maddələrinin pozulduğunu iddia ediblər", - cənab Ağalıyev deyib.

2018-ci ildə Avropa Məhkəməsi Azərbaycanla bağlı 150-dən çox iş üzrə qərarı açıqlayıb. Bu qərarlar üzrə Azərbaycan hökuməti təxminən bir milyon avro civarında cərimələnib.

"Azərbaycan birinci deyil"

"Bu siyahıda Azərbaycan heç də birinci deyil. Azərbaycan könüllü şəkildə bu Konvensiyaya qoşulub və vətəndaşlarına könüllü surətdə bu məhkəməyə müraciət etmək hüququ verib, bu hüquq da qorunur. Məhkəmə-hüquq sistemində islahatların aparılması bu sistemin daha səmərəli, beynəlxalq hüquq normalarına uyğun, Azərbaycan qanunlarının gözlənilməsilə fəaliyyət göstərilməsi üçün edilir və ediləcək", deputat Aydın Mirzəzadə deyib.

"Azərbaycan hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin qanuna bağlılığı, vətəndaş hüquqlarını qorunması sahəsindəki fəaliyyəti ildən-ilə təkmilləşir. Həmin bu cərimə ilə bağlı şübhəsiz bütün detallar diqqətlə öyrəniləcək, kiminsə hardasa buraxdığı səhv varsa, bu ciddi analiz ediləcək", - millət vəkili vurğulayıb.

Cənab Mirzəzadə həmçinin, "hələ görməmişəm ki, təzminat alan vətəndaşların bircə nəfəri belə həmin təzminatın bir manatını hansısa xeyirxah bir işə xərcləsin" deyib.

"Maddi və mənəvi zərər əvəzi olaraq təzminat"

"Qərara əsasən iş üzrə müxalif partiya rəhbərləri və ərizəçilər Arif Hacılı, Fuad Qəhrəmanlı, Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Məhəmməd Məcidli, Tural Abbaslı, Elşən Həsənov, Rüfət Hacıbəyli, Sahib Kərimov, Ülvi Quliyev olub", - hüquqşünas Xalid Ağalıyev bildirib.

O deyib ki, "AİHM öz qərarında dövlətin ərizəçilərin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və toplaşmaq azadlığı hüquqlarına müdaxilə etdiyini bildirib".

Hüquqşünas "qərara əsasən, dövlətin ərizəçilərə maddi və mənəvi zərər əvəzi olaraq təzminat ödəməli olduğunu" söyləyib.

"Qərar qüvvəyə mindikdən sonra hökumət ərizəçilərdən Məhəmməd Məcidliyə 14 500, Tural Abbaslıya isə 10 000 avro təzminat ödəməlidir. Digər ərizəçilər Arif Hacılı, Fuad Qəhrəmanlı, Babak Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Elşən Həsənov, Rüfət Hacıbəyli, Sahib Kərimov, Ülvi Quliyevə isə 11 500 avro ödəniləcək. Şikayətçilər üst-üstə AİHM-dən yarım milyon avrodan çox təzminat tələb ediblər".

Cənab Ağalıyev "adı çəkilən şəxslərin 2011-ci ildə müxalifət partiyalarının birliyi olan İctimai Palatanın təşkil etdiyi etiraz aksiyaları kontekstində saxlanıldığını, məhkum edildiyini və inzibati qaydada cəzalandırıldıqlarını bildirib".

"Onlar Cinayət Məcəlləsinin "ictimai qaydanın pozulması" və "hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə" maddələri ilə və İnzibati Xətalar Məcəlləsi əsasında təqsirli biliniblər.

Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Fuad Qəhrəmanlı 2 il şərti, digər müxalifətçilər isə inzibati cəza almışdılar", - Xalid Ağalıyev əlavə edib.

Cənab Ağalıyev həmçinin "hazırda jurnalistlərin informasiya əldə etməsinə yaradılan çətinliklərlə bağlı informasiya sorğusuna cavab verilməməsilə bağlı təxminən 11 şikayət" olması ilə bağlı məlumat verib.

"Həmin işin kommunikasiyası başa çatıb, istənilən an qərar açıqlana bilər", - hüquqşünas vurğulayıb.

"Məhkəmə qərarlarının suallar doğurmaması üçün çox işlər görülməlidir"

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Asim Mollazadə hesab edir ki, "məhkəmə qərarlarının suallar doğurmaması üçün çox işlər görülməlidir".

"Bu istiqamətdə ilkin addımlar atılır. Ən əsas işlər zənnimcə qabaqdadır. İslahatlar dərinləşməlidir. Hüquqa zidd qərarlar çıxarmış hakimlərin qərarları çox ciddi araşdırılmalı və yeni qərarlar çıxarılmalıdır".

Bir il əvvəl cənab Mollazadə AİHM cərimələri ilə bağlı BBC News Azərbaycancaya "Azərbaycanda həm məhkəmələrin, həm hüquq-mühafizə orqanlarının işləri güclənməlidir ki, Azərbaycanla bağlı Avropa Məhkəməsinin qərarları azalsın", - demişdi.