İsmayıllı: "Kartof Festivalı” iştirakçıları “zəhərlənib”, ya “onları gün vurub?”

Çap edildi

İsmayıllı rayonunda çərşənbə günü keçirilən "Kartof Festivalı"ndan bir gün sonra 7 nəfər zəhərlənmə ehtimalı ilə xəstəxanaya müraciət edib.

Bunu BBC News Azərbaycancaya Səhiyyə Nazirliyindən bildiriblər.

Amma İsmayıllı Rayon İcran Hakimiyyəti hadisənin "günvurma" nəticəsində baş verdiyini deyir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, festivalda iştirak edən aqrar sahədə çalışan şirkətlərdən birinin 7 nəfər işçisi zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib:

"Onlardan 3-ü kişi, 4-ü qadındır. Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar", qurum bildirir.

Yerli media "zəhərlənənlərin İsmayıllı rayonunun Təzəkənd, Kürdmaşı kəndlərinin, birinin isə Ucar rayon sakinləri" olduğunu yazır.

İsmayıllı Rayon İcran Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev BBC News Azərbaycancaya bildirib ki, "Kartof Festivalı" ayın 18-də keçirilib və bitib.

"Həmin şəxslərin qidadan zəhərlənməsi mümkün deyil. Mən həkim Aydın müəllimlə də danışdım, (İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi) o da deyir ki, xəstələrdə günvurma əlamətidir, zəhərlənmə deyil".

Qurum rəsmisi xəstəxanaya müraciət etmiş şəxslərin artıq evə buraxıldığını bildirir.

Səhiyyə Nazirliyi açıqlayıb ki, "faktla bağlı polis və Qida Təhlükəsziliyi Agentliyi məlumatlandırılıb".

Bir qədər əvvəl İsmayıllı və Şəki rayonlarında bir qrup şəxs toy mərasimində qidadan zəhərlənmiş, həmin zəhərlənmələrə görə cinayət işi açılmışdı.