You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qəzaya düşmüş MiQ-29-un "qara qutusu" tapılıb
Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin "qara qutusu" tapılaraq dənizdən çıxarılıb, Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatında deyilir ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə "qara qutunun" texniki vəziyyəti öyrənilir.
Təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir, Müdafiə Nazirliyi bildirib.
Avqustun 16-da MiQ-29 təyyarəsinə aid olduğu deyilən bəzi hissələr Xəzər dənizindən çıxarılıb, Türkiyə Müdafiə Nazirliyi bildirib.
Həmin axtarış tədbirlərində iştirak edən Türkiyə Dəniz Donanmasının Sahil Axtarış-Xilasetmə Komandası bildirib ki, pilot polkovnik-leytenant Rəşad Atakişiyevin nəşinin axtarışları davam etdirilir.
İyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.
Müdafiə Nazirliyi qəzaya uğramış təyyarənin, ilkin ehtimala görə, Xəzər dənizinə düşdüyü barədə məlumat yaymışdı.
Hərbi Prokurorluq Hərbi Hava Qüvvələrinə aid təyyarənin qəzaya uğraması ilə bağlı "qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə" maddəsi ilə cinayət işi başladıb.
Bu qəza Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı ikinci belə haldır.