Prezident maraqlansa... Əhalinin rəyini öyrənmək hökumətə və vətəndaşlara nə verəcək?

Baku

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Azərbaycanda ictimai rəyin öyrənilməsi üçün Sosial Tədqiqatlar Mərkəzi yaradılır.

Bu qurum ölkədə sosial sorğular aparmaq və əhalinin müxtəlif məsələlər barədə rəyini araşdırmaq üçün yaradılır, prezident İlham Əliyevin imzaladığı fərmandan belə məlum olur.

Bəs bu ictimai rəyin öyrənilməsinin faydası nə olacaq? Onları aparmaq üçün ölkədə lazımi mütəxəssislər varmı?

"Sosiologiya istənilən demokratik ölkənin elmi-ptraktiki sahələrindən biridir. Vətəndaşların bu və ya digər məsələlərlə bağlı fikirlərinin öyrənilməsi, prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı olduqca vacib məsələdir", Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir.

O bildirir ki, belə mərkəzin yaradılması ictimai fikirlərin və prioritetlərin öyrənilməsi, eləcə də bu sahədə müəyyən işlərin aparılması baxımından mühümdür.

Siyasi təhlilçi Alya Yaqublunun fikrincə isə, Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması üçün "baza yoxdur, üstəlik belə mərkəzə "ehtiyac da yoxdur".

"Ölkədə ictimai rəyi öyrənmək üçün nazirlərdən tutmuş idarə rəhbərlərinə kimi onların qəbul otaqlarına yığılmış adamların şikayətlərini dinləmək kifayətdir", O BBC News Azərbaycancaya deyib.

Prezident maraqlansa...

"Prezident maraqlansa, hesabat tələb etsə, bunu öyrənmək asandır. Ölkədə kifayət qədər ciddi problem var. Əhali də son zamanlar daha çox fəal olmaq şərti ilə narazılığını bildirir", Alya Yaqublu deyir.

Siyasi təhlilçi ictimai rəyin öyrənilməsi mərkəzinin yaradılmasını "daha çox sosial şəbəkələri izləmək və oradakı narazılıqların hesabatını çıxarmaq və həmin narazılara qarşı iş aparmaq"la əlaqələndirir.

"Son dövrdə onlara (etiraz nümayişinə gedən şəxslərə-red.) iş vədi verməklə hakimiyyət tərəfindən həmin şəxsləri loyallaşdırmaq cəhdləri göstərilir. Bunu o şərtlə müsbət qarşılamaq olardı ki, həmin şəxslərə iş veriləydi. Belədə isə mitinqə gedən adamlara zəng vurub iş vədi vermək narazılıqları yatırmaq üçün idi".

Alya Yaqublu siyasi şərh Sosial Tədqiqatlar Mərkəzinin yaradılması

Şəklin mənbəyi, Alya Yaqublu

Şəklin alt yazısı, Alya Yaqublu hesab edir ki, qurumun məqsədi "nəzarət etmək" olacaq.

"Ancaq real olaraq iş görülsəydi, gerçək statistika göstərilsəydi, o zaman demək olardı ki, Azərbaycan hakimiyyəti, o cümlədən İlham Əliyev sosial narazılıqların, problemlərin kökünü öyrənib, onları həlll etməyə çalışır", Alya Yaqublu deyir.

Onun fikrincə, Sosial Tədqiqatlar Mərkəzi "daha çox nəzarət, sosial şəbəkələrdə yazılanların müəllifləri üzərində basqılara xidmət edən bir qurum" olacaq.

Ehtiyac var

Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, Azərbaycanda vaxtaşırı ayrı-ayrı ölkələrin sosioloji mərkəzlərinin sorğu keçirməsi də göstərir ki, "ölkədə sistemli şəkildə bütün sahələrdə mütəxəssislər tərəfindən sorğu keçirən bir mərkəzin yaradılmasına ehtiyac var".

Onun fikrincə, ölkədə bu qurumun yaradılması üçün "ehtiyac, texniki imkan və mütəxəssislər" var.

"Təxmin edirəm ki, sosial sorğuların keçirilməsi üçün, dövlət tərəfindən ciddi maliyyə və təşkilatı dəstəyə malik olan bir struktur yaratmaq mümkündür".

Cənab Mirzəzadə deyir ki, Azərbaycanda bu strukturun yaradılmasında baza rolunu oynaya biləcək sosiologiya ilə məşğul olan çoxsaylı QHT-lər, təşəbbüs qrupları da var.

"Hesab edirəm ki, bu çox ciddi bir addımdır. Və biz gələcəkdə bu və ya digər sosial məsələ ilə bağlı neytral mövqedə duran, sırf peşəkarların apardığı və obyektivliyi şübhə doğurmayan bir sosioloji mərkəzin yaranmasına şahid ola bilərik".

Mütəxəssis yetərliliyinə gəlincə, millət vəkili hesab edir ki, bu sahədə yetəri qədər gənc mütəxəssis də var, çatışmayan təcrübəni isə xaricdən dəvət olunmuş peşəkarlar tamamlaya bilər.

"Mən özüm politoloqam. Sosiologiya bu elmə yaxın sahədir. Kifayət qədər gənc sosioloq-mütəxəssislərimiz var. Bu ixtisas üzrə bitirən gənclərimiz də var. Kənardan mütəxəssisləri dəvət edərək, bu məsələdə kadr hazırlığı üçün xarici təcrübə nəzərə alınmaqla, kurslar təşkil etmək mümkündür".

Aydın Mirzəzadə digər texniki təminat və təşkilatı məsələlərlə bağlı, ətraflı məlumatın "yalnız mərkəz yaradıldıqdan sonra" veriləcəyini bildirib.

millət vəkili Aydın Mirzəzadə

Şəklin mənbəyi, MEYDANTV

Şəklin alt yazısı, Aydın Mirzəzadənin fikrincə, ölkədə bu qurumun yaradılması üçün "ehtiyac, texniki imkan və mütəxəssislər" var.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərmanda deyilir ki, əsas məqsəd ictimai münasibətlərdə tendensiyaları müəyyənləşdirmək və dəyişiklikləri proqnozlaşdırmaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırmaqdır.