Nərgiz mükafatının builki qalibi AbzasMedia-nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızıdır

Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafatın builki qalibi, Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı oldu. Özü həbsdə olduğu üçün mükafat anası Ofeliya Məhərrəmovaya təqdim edilib.
Nərgiz mükafatının komitə üzvü Nigar Yaqublu deyir ki, bu il mükafata namizədlər arasında seçim etmək çətin olub.
Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı bu ilin noyabr ayında xarici səfərdən ölkəyə qayıdarkən hava limanında saxlanılıb və onun barəsində qaçaqmalçılıq ittihamı ilə 4 aya yaxın həbs-qətimkan tədbiri seçilib. Ondan az əvvəl saytın direktoru Ülvi Həsənli eyni ittihamla həbs olunmuşdu.
Sevinc Vaqifıqzı və Ülvü Həsənli onlara verilən ittihamı qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
Azərbaycan hakimiyyəti ölkədə media azadlığına qarşı hər hansı təhdidin və hər hansı siyasi təqibin olmadığını bəyan edir.
Nərgiz mükafatı 2015-ci ildən bəri hər il Azərbaycanın demokratikləşməsi naminə mübarizə aparan şəxslərə verilir. Nərgiz Yaqublu həmin ilin aprelində xəstəlikdən vəfat edib.
Videonu BBC Azərbaycanca üçün Şəhla Kərim çəkib.
Videonu Youtube kanalımızdan izləyin.























