İnsanların görünüşü gələcəkdə necə dəyişəcək?

Şəklin mənbəyi, Andriy Onufriyenko/Jackyenjoyphotography /Getty Images
- Müəllif, Catherine Heathwood
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 6 dəq
İnsanlar hələ də təkamül edirmi?
Gələcəkdəki halımız daha qısa və ya daha uca boylu, fərqli fiziki xüsusiyyətlərə malik, yaxud müəyyən keyfiyyətlərə görə genetik olaraq dizayn edilmiş ola bilərmi?
Mədəniyyət inkişaf etdikcə, bir vaxtlar növümüzü formalaşdıran xəstəlik, aclıq və çətin ətraf mühit şəraitləri kimi təbii seçmə təzyiqlərinin bir çoxu müasir tibb, gigiyena və qidaya etibarlı çıxış sayəsində azalıb.
Ancaq Britaniyadakı Anglia Ruskin Universitetindən antropoloq və təkamül genetikası mütəxəssisi Dr. Jason Hodgson, təkamülün bu gün "mübahisəsiz" bir şəkildə davam etdiyini bildirir.
Bunu bəzi genlərin müəyyən populyasiyalarda getdikcə daha geniş yayılmasından anlaya bilirik.
Lakin bu proses bir çox nəsillər boyu baş verdiyi üçün "heç kim öz ömrü ərzində təkamül xarakterli bir dəyişikliyə şahid olmayacaq".
"Son dərəcə sürətli bir dəyişiklik"
ABŞ-dakı Smithsonian Milli Təbiət Tarixi Muzeyində çalışan paleoantropoloq Briana Pobiner qidalanma rejiminin yaxın dövr təkamülümüzdə böyük rol oynadığını qeyd edir.
Pobiner deyir: "Günümüzdə dünyadakı insanların təxminən üçdə biri yetkinlik dövründə südü həzm edə bilir, lakin 5-10 min il əvvəl demək olar ki, heç kim bunu edə bilmirdi".
O əlavə edir: "Bu, son dərəcə sürətli bir təkamül dəyişikliyidir".
Bu vəziyyət insanların südlük heyvanları bəsləməyə başlaması ilə ortaya çıxıb.
Aclıq dövrlərində, yağ və zülal baxımından zəngin olan südü həzm edə bilənlərin sağ qalmaq və bu genləri yeni nəsillərə ötürmək ehtimalı daha yüksək idi və sözügedən genlər "çox sürətli bir şəkildə yayıldı".
Digər ətraf mühit faktorları da daha qədim dövrlərdən etibarən insan təkamülünə təsir göstərib.

Şəklin mənbəyi, Sabrina Bracher /Getty Images
Növümüz minlərlə il əvvəl Afrikadan dünyanın fərqli bölgələrinə köç etdikdə, fərqli iqlim şəraitləri ilə qarşılaşdı və fiziki uyğunlaşma formalaşdırdı.
Məsələn, D vitamini sintezini dəstəkləmək məqsədilə, ultrabənövşəyi (UB) şüaların daha az olduğu bölgələrdə daha açıq rəngli dəri quruluşu təkamül etdi.
Hodgson, fərqliliklərin "insanların bir-birindən uzaqlaşması ilə" ortaya çıxdığını bildirir.
"İndi isə köç, qloballaşma və bənzər yollarla hamımız yenidən bir araya gəldik".
Bu qloballaşma bioloji müxtəlifliyin azala biləcəyi mənasına gəlir, lakin vəziyyət hər zaman bu qədər sadə olmaya bilər.
Hodgson "orqanizmlərin özlərinə daha çox bənzəyən partnyorları xüsusilə üstün tutması" şəklində tərif verdiyi "tərəfdaş seçimində bənzərlik" fenomeni üzərində araşdırmalar aparır.

Şəklin mənbəyi, imaginima via Getty Images
Məsələn, araşdırmaçılar "insan nə qədər uca boyludursa, tərəfdaşının da bir o qədər uca boylu olma ehtimalının yüksək olduğunu" müşahidə edirlər.
Hodgson "Boy, çəki, üz quruluşu və başqa bir çox xüsusiyyətin bəzi qruplarda bənzər cütləşmə meyli göstərdiyi, lakin digərlərində göstərmədiyi" təsbitinə toxunaraq, bu vəziyyətin "nəticə etibarilə genlərin rastgəlmə tezliyinə təsir etdiyini" ifadə edir.
Bu vəziyyətin bir hissəsi sosial və mədəni səbəblərdən, məsələn, insanların öz etnik qrupları daxilindən olan şəxslərlə evlənməsindən qaynaqlanır. Üstəlik, bu faktorlar bəzi populyasiyalarda dəyişikliyə uğramış ola bilər.
Hodgson "İnsan təkamülünə davamlı olaraq təsir edən bir çox fərqli proses işləyir" deyir.
Təkamülə təsir edən seçimlər
Ancaq təkamülə təsir etməyən bəzi seçimlər də edirik.
"Məsələn, idman zalına gedib məşq edərək iri əzələlərə sahib olmağınız, bu iri əzələlərə dair genləri mütləq övladlarınıza ötürəcəyiniz mənasına gəlmir", - Pobiner deyir.
Ortodontiyadan estetik prosedurlara qədər bir çox xüsusiyyət artıq tək bir ömür müddəti ərzində dəyişdirilə bilir. Bu xüsusiyyətlər təbii seçmədən daha çox, sosial seçimlərlə formalaşır.
Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyətinin (ISAPS) məlumatlarına görə, 2024-cü ildə dünya miqyasında cərrahi və cərrahi olmayan təxminən 38 milyon estetik prosedur həyata keçirilib.
Bu, 2020-ci il ilə müqayisədə 40 faizlik bir artım deməkdir.

Şəklin mənbəyi, GMint via Getty Images
Danimarkadakı Aarhus Universitetində keçmiş bioinformatika dosenti olan Thomas Mailund xarici görünüşümüzü yenidən formalaşdırmaq mövzusundakı bu artan bacarığımızın, "mütləq genlərinizin müəyyən etdiyi şəkildə görünmək məcburiyyətində olmadığınız" mənasına gəldiyini bildirir.
Üstəlik, gələcəkdə xarici görünüşümüzdə edə biləcəyimiz dəyişikliklər yalnız səthi müdaxilələrlə məhdudlaşmaya bilər.
Genetik dəyişikliklər dizayn edilə bilərmi?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Elm adamları, insan genlərini redaktə etmək üçün CRISPR adlanan bir texnikadan istifadə edirlər.
Bu texnika istiqamətləndirilən bir molekulyar qayçı kimi işləyir. Bir hissəsi hədəf DNT-ni taparkən, digər hissəsi onun üzərində redaktə işi aparır.
Texnologiya getdikcə inkişaf edir və müəyyən qan xəstəlikləri kimi məhdud sayda genetik narahatlıqların müalicəsində istifadə edilməyə başlanmış vəziyyətdədir.
Əgər bu texnologiya yetərincə irəliləyərsə və geniş yayılarsa, nəzəri olaraq bir gün daha çox insan xüsusiyyətini genetik səviyyədə dəyişdirmək mümkün ola bilər. Üstəlik, bu dəyişiklik nəsillər boyu davam edən tədrici bir proseslə deyil, şüurlu şəkildə və tək bir addımda həyata keçirilə bilər.
Bundan başqa, əgər bu proseduru sperma və yumurta hüceyrələrinə çevrilən "germinativ xətt" hüceyrələrində etsək, genlər üzərində aparılan redaktələr gələcək nəsillərə belə ötürülə bilər.
Lakin bunu təhlükəsiz şəkildə və zəmanətli nəticələrlə edə bilməkdən hələ çox uzağıq.
Həmçinin bu texnika, "dizayn edilmiş körpələr" və əlilliyin damğalanması kimi bir çox narahatlıqlarla yanaşı, müxtəlif etik qayğıları da özü ilə bərabər gətirir.

Şəklin mənbəyi, Just_Super via Getty Images
"Artıq bunun insanlar üzərində tətbiq olunmaması mövzusunda demək olar ki, hamı həmfikrdir; çünki bu, tamamilə qeyri-etik bir davranış olardı", - Hodgson deyir.
Ancaq o, gələcəkdə bu vəziyyətin dəyişə biləcəyi ehtimalı üzərində dayanır.
"Bundan beş min il sonra... Təxminimə görə, işlər tərsinə dönəcək. Elə bir vaxt gələcək ki, irsi xəstəliklər kimi problemləri aradan qaldıra biləcəyimiz üçün genom redaktəsi etməmək qeyri-etik hesab olunacaq, halbuki hazırda bunun edilməsi qeyri-etik qəbul edilir" - o deyir.
Əgər bu texnologiya geniş yayılarsa, valideynlərə arzu olunan xüsusiyyətləri seçmək məqsədilə genləri redaktə edərək övladlarının xarici görünüşünü təyin etmək imkanı belə təqdim edə bilər.
"Məncə, geniş bir perspektivdən baxdıqda insan təkamülünün gələcəyi, həqiqətən də insanın öz əliylə formalaşacağı bir quruluşa sahib olacaq. Lakin hələ o nöqtədən çox uzağıq" deyir.
Texnologiyaya dair başa düşülməsi lazım olan bir çox sahə varkən, "Ümid edirəm ki, ömrüm boyu bunlara şahid olmaram" deyə əlavə edir.
Yeni bir növ yarana bilərmi?
Mailund, ətraf mühitimizin necə dəyişəcəyini bilmədən insanların gələcəkdə nəyə bənzəyəcəyini təxmin etməyin qeyri-mümkün olduğunu bildirir.
Çox uzaq bir gələcəkdən bəhs edəsi olsaq, hətta yeni bir növə belə çevrilmiş ola bilərik.
Bundan bir milyon il əvvəl, "Homo erectus" kimi insan növləri yer üzündə dolaşırdı. Bizim öz növümüz olan "Homo sapiens" isə yalnız təxminən 300 min il əvvəl ortaya çıxdı.
Mailund, "Yəni bir milyon il gözlədiyimizdə, nəslimizdən gələnlər bizdən... eynilə "Homo erectus"-un bizdən fərqləndiyi dərəcədə fərqlənmiş olacaq" deyir.

Şəklin mənbəyi, 3quarks/Stocktrek Images /Getty Images
O, yenə də növlər arasındakı fərqlərin zənn etdiyimizdən daha az nəzərə çarpan ola biləcəyi barədə xəbərdarlıq edir.
Hətta növümüzün ikiyə ayrılması belə mümkündür. Məsələn, bəzilərimizin kosmos kimi yeni bir mühitdə məskunlaşması halında.
"Ayda yaşasanız, cazibə qüvvəsi aşağıdır. Marsda da cazibə qüvvəsi aşağıdır. Buna uyğunlaşmalısınız", - Mailund deyir.
Yeni bir növün inkişafına həqiqətən şahid ola bilmək üçün, bu populyasiyaların Yer kürəsindəkilərdən uzun nəsillər boyu tamamilə təcrid olunmuş vəziyyətdə qalması lazımdır.
Bəs əgər təkamülü heç də təsadüfə buraxmasaydıq?
Texnologiyadan istifadə edərək genlərimizi dəyişdirmək potensialımızı nəzərə alaraq Mailund belə düşünür: "Əsl sual "Biologiya bizə nə edəcək" deyil, "Biz nəyi seçəcəyik" sualıdır.



























