Türkiyədə bələdiyyə seçkisi: İrəlidə olan CHP hansı bölgələrdə qalib gəlib?

Şəklin mənbəyi, GETTY IMAGES
Bazar günü Türkiyədə bələdiyyə seçkilərinə bloksuz getmiş Cümhuriyyət Xalq Partiyası (CHP) 1977-ci il seçkilərindən sonra qeyri-rəsmi nəticələrə görə, birinci yerə çıxaraq özü üçün tarixi “qələbə” qazanıb.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçki marafonunu ikinci yerdə başa vurdu və 22 illik iqtidarında ilk dəfə seçkilərdə məğlub olub, - BBC Türkcədən Ayşe Sayın yazır.
Türkiyə Mərkəzi Seçki Komissiyasının rəhbəri səsvermənin bəzi hallar istisna olmaqla, problemsiz başa çatdığını açıqlayıb.
Türkiyə Prezidenti Erdoğan bu seçkiləri şərh edərkən "31 mart bizim üçün son yox, dönüş nöqtəsidir" deyib.
Bu nəticə ilə CHP səs nisbətinə görə, 1989-cu ildə keçirilmiş yerli seçkilərdə Sosial Demokrat Populist Partiyasının uğurunu üstələyib.
İlkin nəticələrə görə, yerli seçkilərdə sürpriz olan digər partiya isə Yenidən Rifah olub və bu partiya ilk dəfə girdiyi yerli özünüidarə orqanına seçkilərdə aldığı səs nisbətinə görə üçüncü olub.
Seçki nəticələrinə görə, "iqtisadi böhrandan pis təsirlənmiş böyük şəhərlərin seçiciləri yerli özününidarə seçkilərində hesabı iqtidara kəsib", bir çoxlarının 31 mart bələdiyyə seçkisi haqqında gəldiyi qənaət budur.
CHP Ankara, İstanbul, İzmir, Antalya, eləcə də Bursa seçicisinin etimadını və səsini qazanaraq Türkiyənin ən böyük beş bölgəsində yerli özününidarənin başına keçib.
Erdoğan qalibləri təbrik edib

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Prezident Recep Tayyip Erdoğan balkon çıxışında “təəssüf ki, 14 və 28 May seçkilərindəki qələbəmizdən 9 ay sonra yerli bələdiyyəyə seçki imtahanında istədiyimiz nəticəni ala bilmədik” deyib.
"Böyük şəhər bələdiyyə başçılarını, bələdiyyə başçılarını, bölgə, rayon və qəsəbə bələdiyyə başçılarını, məclis üzvlərini və millətimiz tərəfindən seçilmiş bələdiyyə sədrlərimi təbrik edirəm. Təmsil etdikləri şəhərlərin və sakinlərinin istəklərini yerinə yetirmək üçün çalışacaqlarına bütün qəlbimlə inanıram", Erdoğan deyib.
YSK-nın yaxın günlərdə yekun nəticələri açıqlayacağını deyən Erdoğan, hər bir siyasi partiyanın öz təşkilatı daxilində seçki nəticələrini təhlil edəcəyini bildirib.
Türkiyə lideri partiyasının geriləməsinin səbəblərini araşdıraraq müzakirə edəcəklərini də açıqlayıb:
"Partiya olaraq nəticələri dəyərləndirəcək və öz tənqidimizi cəsarətlə söyləyəcəyik. Bu geriləmənin səbəbini yerli səviyyədə müzakirə edəcəyik. Harada uduzsaq, səbəbləri çox yaxşı müəyyənləşdirib lazımi müdaxilələri edəcəyik".
İmamoğlu yenə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olub

Şəklin mənbəyi, TOLGA BOZOGLU/EPA-EFE
2019-cu ildə İstanbulda bələdiyyə sədri seçilmiş, müxalif CHP-dən olan Ekrem İmamoğlu seçkinin ilkin nəticələrinə görə, qələbəyə yaxın olduqlarını öyrəndikdən sonra “çox xoşbəxt olduğunu” söyləyib.
İlk nəticələrə görə yenidən İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı seçilmiş Ekrem İmamoğlu "bizi sevindirən odur ki, bölgə səviyyəsində də hədəflərimizə nail olmağımızdır" deyib.
Ekrem İmamoğlu açıqlamasında aldıqları səs say nisbətinə görə "bir milyondan bir az çox irəlidə" olduqlarını və İstanbulluların "səlahiyyəti bizə verdiyini deyə bilərik" deyib.
O, həmçinin "bölgə səviyyəsində hədəflərinə nail olduqları üçün sevincli olduqlarını söyləyib.
"14 bələdiyyəmiz əvvəlki dövrdə olduğu kimi fəaliyyətinə davam edəcək”, - o əlavə edib.
"Əldə etdiyimiz məlumatlara görə, hazırda 11 bələdiyyədə proses yekunlaşmaq üzrədir" deyən İmamoğlu 11 rayon bələdiyyəsinin CHP-yə keçdiyini bildirib.
Recep Tayyip Erdoğan üçüncü dəfə prezident seçildikdən bir il sonra böyüdüyü və bələdiyyə sədri olduğu şəhəri geri almağı qarşısına məqsəd qoymuşdu.
Cənab İmamoğlu qələbəyə yaxınlaşdığını görə müxalifət tərəfdarları bazar günündən etibarən bayram edirlər.
İstanbulda səslərin 70 faizdən çoxu sayılarkən, o, cənab Erdoğanın AKP-sindən olan rəqibini 9 bal qabaqlamışdı.
Demək olar ki, 16 milyon əhalisi ilə meqapolis olan İstanbulda izdiham əsas bələdiyyə binalarından birinin qarşısında toplaşmışdı. Onlar Türkiyə bayraqları və Türkiyənin qurucu atası Kemal Atatürklə yanaşı Ekrem İmamoğlunun da şəklini əks etdirən plakatları dalğalandırıblar.
“Hazırda əlimizdə olan məlumatlara əsasən, deyə bilərəm ki, vətəndaşlarımızın bizə olan inamı mükafatlandırılıb”, - o deyib.
Onun dünyəvi, müxalif partiyası paytaxt Ankarada daha böyük fərqlə öndə gedirdi. Mansur Yavaş da beş il əvvəl seçkini udaraq, müxalifət üçün cənab Erdoğanın AK Partiyasından şəhəri qazanmışdı.
Mansur Yavaş və onun İstanbuldakı partiya həmkarı 2028-ci ildə prezidentliyə potensial namizədlər kimi görünür.
İstanbulun ən qədim səmtlərindən biri olan Saraçanedə nağara və klarnet sədaları altında rəqs edən İmamoğlu tərəfdarları “Hər şey əla olacaq” şüarları səsləndiriblər.
İstanbulun hazırkı meri ilk dəfə beş il əvvəl cənab Erdoğanın partiyasından şəhəri qazananda bu şüardan istifadə etmişdi. Saraçanadakı bəzi plakatlarda onun hazırkı şüarı "Tam sürət irəliyə" yazılıb.
İmamoğlu tərəfdarı, 25 yaşlı Yeşim Albayrak bazar günü BBC-yə deyib: "Bunlar yalnız yerli özününidarə orqanına olan seçkilərdir, lakin böyük şəhərlərdə müxalifətin qələbəsi hakim partiyaya qarşı əhəmiyyətli bir güc nümayişidir".
Beş il əvvəl cənab İmamoğlunu altı partiyadan formalaşmış blok dəstəkləyirdi, lakin bu ittifaq keçən ilki prezident seçkilərindəki məğlubiyyətdən sonra dağıldı və AKP onun 2019-cu ildəki qələbəsini devirməyə böyük ümidlər bəsləyirdi.

Şəklin mənbəyi, Murat Kulu/PPO/Handout
70 yaşlı Prezident Erdoğan partiyasının seçki kampaniyasına rəhbərlik edərək, Türkiyənin ən böyük şəhərində yeni dövrün başlanacağını vəd etmişdi.
Bələdiyyə seçkiləri ərəfəsində İmamoğlunun AKP namizədi Murat Kurumun güclü tənqidləri ilə üzləşməsi bu çağırışa yaxın olduğundan xəbər verirdi.
Lakin hakim partiya inflyasiyanın 67 faiz və faiz dərəcələrinin 50 faiz olduğu iqtisadi böhrandan çıxa bilməyib.
AKP 2023-cü ilin fevralında baş verən ikiqat zəlzələ nəticəsində dağılmış cənub-şərq bölgələrində daha çox uğur qazanır. Kahramanmaraş və Qaziantep şəhərlərində liderdir.
Bazar günü keçirilmiş seçkilərdə təxminən 61 milyon seçici iştirak hüququ qazanıb və ölkənin 81 bölgəsində fəallığın 76 faizdən çox olduğu təxmin edilir.


























