Gürcüstan Baş naziri: Tbilisi və Bakı arasında "heç bir gərginlik yoxdur"

Şəklin mənbəyi, Azərbaycan Mədəniyyət Nazirliyi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisi və Bakı arasında heç bir "gərginlik" yoxdur.
O bunu jurnalistlərin Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstan Patriarxlığının bəyanatını tənqid edən açıqlaması ilə bağlı sualı cavablandırarkən deyib.
Kobaxidze qeyd edib ki, iki hökumət arasındakı bütün məsələlər "dostluq şəraitində" müzakirə olunur, gürcü mediası yazıb.
Gürcüstan Patriarxlığı sentyabrın 24-də bəyan etmişdi ki, Azərbaycan ərazisində yerləşən Kürmük məbədində aparılan işlər onlarla razılaşdırılmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Patriarxlığın Azərbaycan ərazisindəki məkanları adlandırarkən alternativ adlardan istifadə etməsini tənqid edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının bəyanatını tənqid edərək bildirib ki, bu mövqe iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq ruhuna ziddir.
Bakının bu bəyanatından bir neçə saat əvvəl Prezident İlham Əliyev İrakli Kobaxidzeyə ad günü münasibəti ilə bağlı zəng edib, Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.
Amma dövlət rəhbərlərinin məbəd ətrafında yaranmış məsələni müzakirə edib-etmədikləri barədə məlumat yoxdur.
Yalnız o bildirilib ki, onlar ölkələri arasında "mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq əlaqələrinin inkişafına dair fikir mübadiləsi" aparıblar.
Kürmük məbədi ətrafında nə baş verib?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının bəyanatını tənqid edib.
Qurum bildirib ki, bu mövqe iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq ruhuna ziddir.
Gürcüstan Patriarxlığı sentyabrın 24-də yaydığı bəyanatda "tarixi Hereti" adlandırdığı ərazidə yerləşən məbəddə aparılan işlərlə bağlı narahatlığını ifadə edib.
Azərbaycan öz bəyanatında bildirib ki, hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb:
"Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir.
Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən yanaşması anlaşılan deyil", - Azərbaycan XİN-in bəyanatında deyilir.
Gürcüstan Patriarxlığının bəyanatında məbəddə işlərin məqsədi və miqyasının aydın olmadığı, habelə Azərbaycan hakimiyyətindən bu barədə heç bir məlumat alınmadığı bildirilib.

Şəklin mənbəyi, Azərbaycan Mədəniyyət Nazirliyi
Gürcüstan Patriarxlığı Gürcüstan dövlət qurumlarını prosesə qoşulmağa, rəsmi məlumat əldə etməyə, həmçinin abidənin qorunması ilə bağlı müzakirələrdə Gürcü Pravoslav Kilsəsinin nümayəndələrinin və mütəxəssislərin iştirakını təmin etməyə çağırıb.
Azərbaycan XİN Azərbaycan ərazisində yerləşən tarixi və coğrafi məkanların alternativ adlarla təqdim edilməsini rədd edib.
Gürcülər bu məbədi "Müqəddəs Georgi kilsəsi" adlandırırlar.
Azərbaycan tərəfi "dini qurumları Azərbaycan-Gürcüstan arasında əsrlərdir formalaşmış əlaqələrə zərər vura biləcək ritorikadan çəkinməyə çağırıb və ərazi və ya tarixi iddiaların irəli sürülməsi baxımından Ermənistan Kilsəsinin nümunəsinin təkrarlanmaması barədə" xəbərdarlıq edib.
XİN-in bəyanatında o da vurğulanıb ki, Azərbaycan ərazisində yerləşən bütün tarixi, mədəni və dini abidələr Azərbaycanın milli irsinin ayrılmaz hissəsidir.

























