You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda Xocalı qırğını anılır
Azərbaycanda 31 il əvvəl Xocalıda törədilmiş kütləvi qırğının qurbanları anılır.
1992-ci ildə, Qarabağ müharibəsinin başlanmasının ilk illərində Xankəndi (Stepanakert) yaxınlığında yerləşən Xocalı sakinləri erməni və rus hərbçilərinin hücumları nəticəsində evlərindən çıxmağa məcbur qalıblar.
Fevralın 25-dən 26-na keçən gecə erməni və rus hərbçilərinin silahlı hücumu nəticəsində yüzlərlə qadın, kişi, uşaq öldürülüb, mindən çox adam əsir düşüb, 150 adamdan indiyə kimi xəbər yoxdur.
Azərbaycan Xocalı faciəsini "soyqırım" kimi tanıyıb və digər ölkələrin də bunu qəbul etməsinə çalışır.
Faciənin anım mərasimi hər il ölkəboyu qeyd olunur.
Tarixi mənbələrə görə, Xocalı faciəsində 613 nəfər həlak olub, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.
Hadisənin törədicisi kimi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin adı birgə çəkilir.
Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həmin anda nəqliyyat vasitələrinin hərəkəti bir dəqiqəlik dayandırılıb, ölkə ərazisində və xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın dövlət bayraqları endirilib.
Bu gün Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda ucaldılmış Xocalı qırğını abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini yad edib.
Azərbaycan rəsmilərinin bildirdiyinə görə, Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib.