Rusiya Ukraynada hücumlarını "davam etdirir"

Şəklin mənbəyi, Sergey Qayday
Rusiya Ukraynada “operativ fasilə” elan etsə də, hərbi əməliyyatlarını tam dayandırmayıb. Bu barədə Ukrayna rəsmiləri və Qərb ekspertləri bildirir.
Bu həftənin əvvəlində Rusiya Luhansk vilayətini nəzarət altına alandan sonra Rusiya Prezidenti deyib ki, döyüşlərdə iştirak edən bölmələr “dincəlməli, döyüş imkanlarını artırmalıdır”.
Cümə axşamı Rusiya Müdafiə Nazirliyi də "döyüş imkanlarının artırılması tədbirləri" haqqında açıqlama yayıb.
Lakin Ukrayna rəsmiləri Rusiyanın hələ də “bütün cəbhə xətti boyunca” əməliyyatlar apardığını qeyd edirlər. Luhansk vilayətinin hərbi administrasiyasının rəhbəri heç bir “əməliyyat fasiləsinin” olmadığını deyib.
“Onlar əvvəlki şiddətlə hücumlar edirlər, ərazini atəşə tuturlar”, - Sergey Qayday deyib.
Müharibə şəraitində BBC tərəflərin məlumatlarını dərhal yoxlaya bilmir.
ABŞ-dakı Müharibənin Araşdırması İnstitutunun (ISW) son məlumatında deyilir ki, Rusiyanın elan etdiyi fasilə hərbi əməliyyatların tam dayandırılması demək deyil.
Qurumun son hesabatına əsasən, ukraynalıların əks-hücum əməliyyatı təhlükəsini dərk edən Rusiya qüvvələri bu bölgədə və cəbhə xəttinin digər yerlərində daha məhdud hücum əməliyyatlarını davam etdirirlər.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
ISW analitikləri yazır ki, hazırkı əməliyyatlar bundan əvvəlki Severodonetsk və Lisiçansk hücumları ilə müqayisədə daha kiçikdir. Buradakı hərbi birliklər daha məhdud və yerli əhəmiyyətli vəzifələri yerinə yetirirlər.
Bu arada Kiyev və Moskvada danışıqlar və müharibə barədə yeni bəyanatlar səslənib.
Ötən gün Ukrayna Prezidenti deyib ki, ukraynalılar bəzi şərtlərlə ilin sonuna qədər münaqişənin hərbi fazasını bitirə və Rusiyanı danışıqlar masası arxasına oturmağa məcbur edə bilərlər.
Volodimir Zelenskinin bu bəyanatından əvvəl hərbi qarşıdurma və danışıqlarla bağlı vəziyyəti Rusiya lideri də şərh edib.
“Hamı bilməlidir ki, Rusiya hələ ki, ciddi şəkildə heç nəyə başlamayıb”, - Rusiya Dövlət Dumasının rəhbərliyi və fraksiya başçıları ilə görüş vaxtı Vladimir Putin deyib.
Ukrayna ilə danışıqları rədd etmədiyini vurğulayan Putin əlavə edib ki, sülh danışıqlarına qarşı çıxanlar bilməlidirlər ki, müharibə uzun çəkərsə, Rusiya ilə danışıqlar aparmaq “daha da çətin olacaq".
ISW ekspertlərin proqnozlarına görə, Rusiya hərbi rəhbərliyi irimiqyaslı həmlələrə qərar verərsə, növbəti əməliyyatlar daha geniş qüvvə ilə (və daha qətiyyətlə) davam etdiriləcək.
























