SOCAR-ın 4 vitse-prezidenti vəzifələrindən azad edilib

Çap edildi

SOCAR-ın 4 vitse-prezidenti vəzifələrindən azad edilib, Zakir Həsənov hərbçilərin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsindən danışıb, Məhəmməd Peyğəmbərin karikaturası ilə müsəlman dünyasında qəzəbə səbəb karikaturaçı Kurt Westergaard vəfat edib,- daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidenti vəzifələrindən azad edilib.

Bu barədə sərəncamları bazar ertəsi günü Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb.

Vəzifələrindən azad olunanlar SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, qurumun strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovdur.

Bundan başqa SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və vitse-prezident Mikayıl İsmayılov da vəzifələrindən azad ediliblər.

David Məmmədov və Mikayıl İsmayılov 2005-ci ildən, Tofiq Qəhrəmanov 2010-cu ildən, Bəhram Hüseynov isə 2016-cı ildən vəzifədə idi.

Onların indi işdən çıxarılma səbəbləri barədə açıqlama verilməyib.

Zakir Həsənov ordu ilə bağlı göstərişlər verib

Azərbaycanın müdafiə naziri Ermənistan silahlı qüvvələrinin "ehtimal olunan təxribatlarının qarşısının alınması" ilə bağlı ordunun komandir-rəis heyətinə göstərişlər verib.

O bu barədə, bazar ertəsi günü keçirdiyi xidməti müşavirədə danışıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, işğaldan azad edilmiş ərazilərdə və Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür.

Nazir müşavirədə onu da deyib ki, hərbçilərin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi vacibdir.

"Nazir döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsini tapşırıb", Müdafiə Nazirliyinin məlumatında deyilir.

Cənab Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Məhəmməd Peyğəmbərin karikaturasını çəkmiş karukaturaçı ölüb

Məhəmməd Peyğəmbərin karikaturası ilə müsəlman dünyasında qəzəbə səbəb olan danimarkalı karikaturaçı Kurt Westergaard 86 yaşında vəfat edib.

Ailəsi bildirib ki, 86 yaşlı karikaturaçı-rəssam uzun müddət davam edən xəstəlik səbəbiylə vəfat edib.

Kurt Westergaard-ın yerli qəzet üçün çəkdiyi karikatura bir çox müsəlman ölkəsində və Danimarkada etirazlara səbəb olmuşdu. Bəzi ölkələrdə Danimarka səfirliklərinə hücum olmuş və etirazlar zamanı onlarca insan ölüb.

Onun karikaturalarını çap edən Charlie Hebdo jurnalının da Fransadakı ofisinə hücum olmuşdu, nəticədə 12 nəfər həyatını itirmişdi.

Westergaard bir sıra ölüm hədələri aldığı üçün qorunma altında yaşayırdı.

Sözügedən karikaturalar ifadə azadlığı ilə bağlı Avropada mübahisələrə səbəb olub.