Çin raketinin pilləsi Hind okeanına düşüb, SOCAR-in idarəçiliyində yenilik, Qarabağda Rusiya sülhməramlılarının 9 may sıra düzülüşü

Çap edildi

Çin raketinin pilləsi Hind okeanına düşüb, SOCAR-in idarəçiliyində yenilik, Xankəndində Rusiya sülhməramlı qüvvələrinin 9 may təntənəli sıra düzülüşü keçiriləcək bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Raketin işlənmiş pilləsi okeana düşüb

Çinin kosmik stansiyası üçün orbitə ilk modulu çatdıran Changzheng 5-B daşıyıcı raketinin işlənmiş pilləsi bazar günü Hind okeanına düşüb.

Bundan əvvəl ABŞ hərbi ekspertləri Yerin atmosferinə idarə olunmayan halda yaxınlaşan raket pilləsinin parçalarının yaşayış məntəqələrinə düşə biləcəyindən ehtiyatlanırdılar. Çin raketinin parçalarının Yerə düşməsinin mümkün trayektoriyaları son həftə ərzində sosial şəbəkələrdə aktiv müzakirə mövzusuna çevrilmişdi.

Yerə qayıtmış pillənin 18 ton ağırlığı var idi.

Rəsmi Pekin öz raket parçalarının kəsb etdiyi risklərin cüzi olduğunu vurğulayırdı.

ABŞ Müdafiə Naziri Lloyd Austin hərbiyənin "geniş imkanlarını" qeyd etsə də, raket qalıqlarının "vurulması" ilə bağlı planların olmadığını bildirmişdi. O, hissələrin heç kimə zərər vermədən yerə düşəcəyinə ümid etdiyini demişdi.

Çin özünün kosmik proqramına milyardlarla dollar sərmayə yatırır və onun bu sahədə ABŞ, Rusiya və Avropa ilə apardığı rəqabət getdikcə güclənməkdədir.

SOCAR-in idarəçiliyində yenilik

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi (AİH) təsdiq edəcək.

Şənbə günü müvafiq fərmana düzəlişlər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

"Socar öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Şirkətin korporativ idarəetmə standartları AİH tərəfindən təsdiq olunur", sənəddə deyilir.

Ötən il ölkənin iqtisadi vəziyyəti müzakirə edilərkən, İlham Əliyev SOCAR şirkətini israfçı xərcləmələr və layihələri həyata keçirmək üçün öz gəlirlərinə deyil, dövlət büdcəsinə üz tutduğuna görə tənqid edib.

Yanvar ayında SOCAR fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (MŞ) yaradılmışdır.

Qarabağda Rusiya sülhməramlılarının 9 may sıra düzülüşü

Azərbaycanda 9 may Qələbə günü münasibəti ilə ölkə boyunca müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Nazirliyin açıqlamasına əsasən, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən hərbçilər Beyləqan rayonunda II Dünya müharibəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyacaqlar.

Məlumatda həmçinin Rusiya sülhməramlı qüvvələrinin Xankəndində sıra düzülüşü keçirəcəyi qeyd olunur.

"Həmçinin, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır", Müdafiə Nazirliyinin şənbə günü yaydığı açıqlamasında deyilir.

İctimai nəqliyyat 7 gün işləməyəcək

Nazirlər Kabinetinin qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Həmçinin istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Mayın 9-u, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün müvafiq qanunvericiliyə görə, mayın 10-nu qeyri-iş günü idi.

Belə ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.

Ilk iş günü mayın 16-dan başlayır.