SOCAR-ın Müşahidə Şurası yaradılır, məşhur teleaparıcı Larry King vəfat edib

Çap edildi

Daha 13 müəssisəyə Rusiyaya pomidor ixracına icazə verilib, SOCAR-ın Müşahidə Şurası yaradılır, ABŞ-da məşhur teleaparıcı Larry King vəfat edib, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Daha 13 müəssisə Rusiyaya pomidor və alma ixrac edəcək

Azərbaycanın daha 13 müəssisəsinə Rusiyaya pomidor və alma ixracına icazə verilib, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir.

"Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir," - şənbə günü AQTA-nın saytında dərc olunan rəsmi məlumatda deyilir.

Məlumata əsasən, 13 istehsalçıya qarşı tətbiq olunan məhdudiyyətlər bazar ertəsindən etibarən ləğv olunacaq.

Rusiyaya idxalla bağlı qadağa ötən ilin dekabr ayından tətbiq olunmağa başlayıb. Bundan sonra məhdudiyyətlər tədricən yüngülləşdirilib.

Qadağadan sonra Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan öz kənd təsərrüfatı məhsullarını Rusiyadan başqa ölkələrə də ixrac etməlidir.

Azərbaycan Rusiyanın ən böyük pomidor təchizatçısıdır - Rusiyaya idxal olunan pomidorların 30 faizi Azərbaycandan gəlir.

SOCAR-ın Müşahidə Şurası yaradılıb

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası yaradılıb, bu barədə Prezident İlham Əliyevin imzaladağı fərmanda deyilir.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra - SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra - Müşahidə Şurası) yaradılsın".

President.az saytında dərc olunan qərara əsasən, Müşahidə Şurası Azərbaycan dövlət başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, yeddi üzvdən ibarətdir.

Şənbə günü president.az saytında yayılan daha bir qərarda Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiqlənib:

Müşahidə Şurasının sədri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri

  • Emin Hüseynov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
  • İsrafil Məmmədov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
  • Elnur Soltanov - Azərbaycan Respublikası energetika nazirinin müavini
  • Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
  • Rövşən Nəcəf - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
  • Ruslan Əlixanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

Son qərar şirkətin idarə edilməsinin təkmilləşdirilməsiylə izah olunur.

Məşhur teleaparıcı Larry King vəfat edib

ABŞ-da məşhur teleaparıcı Larry King 98 yaşında vəfat edib. Onun Los Angeles şəhərində öldüyü xəbər verilir.

Təqribən 25 il ərzində CNN proqramının aparıcısı olan Larry King bir sıra siyasi lider, məşhur idman, sənət və biznes xadimləriylə apardığı müsahibələriylə yadda qalıb.

Jurnalistika sahəsində 60 illik təcrübəyə malik olan Larry King-in bu ay Covid-19-la bağlı xəstəxanada müalicə aldığı bildirilir.

Onun son illərdə bir neçə sağlamlıq problemləri ilə üzləşdiyi də qeyd olunur.

Qarabağda daha beş erməni hərbçisinin cəsədi tapılıb

Qarabağda müharibə vaxtı həlak olan daha beş erməni hərbçinin cəsədi aşkar olunub, yerli fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

Hunan Tadevosyan axtarışların davam etdirildiyini qeyd edib.

Onun sözlərinə görə, ölənlərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertiza keçiriləcək.

Məlumata əsasən, indiyədək aparılan axtarışlar nəticəsində Qarabağda həlak olan 1256 erməni hərbçi və mülki şəxsin cəsədi tapılıb.

7127 şəhid ailə üzvünə ödəniş "təyin olunub" - DSMF

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) billirir.

"Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub," - DSMF tərəfindən yayılan məlumatda deyilir.

Şənbə günü yayılan məlumata əsasən, işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur.

DSMF təyinatlar elektron qaydada, "proaktiv şəkildə" həyata keçirildiyini bildirir.