Əliyev Erdoğana zəng edib, Azərbaycanda vaksinasiya yanvarın 18-dən başlayır, karantin aprelin 1-dək uzadılır

Əliyev və Erdoğan

Şəklin mənbəyi, AZERTAG

Çap edildi

Əliyev və Erdoğan "Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıblar, Azərbaycanda karantin rejimi aprelin 1-dək qüvvədə qalır, Azərbaycanda vaksinasiya yanvarın 18-dən başlayacaq, Azərbaycan tərəfi iki erməni hərbçinin cəsədini erməni tərəfinə təhvil verib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Əliyev Erdoğana zəng edib

Yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Recep Tayyip Erdoğana telefonla zəng edib.

Əliyev və Erdoğan "Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər," Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb.

İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Recep Tayyip Erdoğan İlham Əliyevə məlumatına görə minnətdarlığını bildirib və Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib, Mətbuat Xidmətinin məlumatında deyilib.

Karantin aprelin 1-dək uzadılır

Nazirlər Kabineti

Şəklin mənbəyi, AZERTAG

Azərbaycanda xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib, Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.

Məluamta əsasən, bu qərar COVİD-19 virusunun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə verilib.

"Eyni zamanda, xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb," məlumatda deyilib.

Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

  • Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

  • ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);
  • bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
  • muzey və sərgi zallarının fəaliyyəti;
  • şəhərlərarası və rayonlararası hərəkət.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az" portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti - Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

"Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir," - Operativ Qərargahın məlumatında qeyd olunub.

Vaksinasiya yanvarın 18-dən başlayacaq

Şahmar Mövsümov

Şəklin mənbəyi, AZERTAG

Yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya kampaniyasının başlanmasına qərar verilib.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Şahmar Mövsümov bildirib ki, ilk mərhələdə Covid-19 əleyhinə tibb işçiləri vaksinasiya olunacaq.

Prezidentin köməkçisi qeyd edib ki, dekabrın 14-dən tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib.

Onun sözlərinə görə, yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi müəyyən yumşalmalara getməyə əsas verir.

MDB-nin dekabr sammitində Prezident İlham Əliyev çıxış edərkən peyvənd proqramının Azərbaycanda 2021-ci ilin əvvəllərində başlayacağını bildirmişdi. Prezident İlham Əliyev Azərbaycanda koronavirus peyvəndlənməsinin dövlət hesabına və könüllü aparılacağını bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, dekabrın 14-dən tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib. Hazırda vaksinasiya prosesi önəmlidir. Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi müəyyən yumşalmalara getməyə əsas verir. Biz bir neçə mərhələdən ibarət yumşalma prosesinə start veririk.

Yaqut Qarayeva: "Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik"

Yaqut Qarayeva

Şəklin mənbəyi, AZERTAG

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, "vaksin vurduran insan yaxınları üçün təhlükə yarada bilməz."

"Vaksin vurulan kimi insanı qorumur. Orqanizmə yeridilmiş preparata qarşı anticisimlər, qoruyucu maddələr vaksinasiyadan bir müddət sonra əmələ gəlməyə başlayır, - Yaqut Qarayeva deyib. -Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik. Peyvənd iki dozadan ibarətdir.... Vaksinin müəyyən qoruyuculuğu olsa da, tam istədiyimiz nəticəni almaya bilərik. Ona görə də çox diqqətli olmalıyıq. Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır."

Bakının küçələri yenidən dezinfeksiya edilib

Bakı - 2021

Şəklin mənbəyi, AZERTAG

Şənbə günü yanvarın 16-da səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxtın əsas küçə, prospekt və yollarında kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə koronavirus infeksiyasına qarşı əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin bildirdiyinə görə, gün ərzində paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrində dezinfeksiya işləri aparılacaq.

"İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq, şəhər sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə xəbərdarlıq edilib", məlumatda deyilir.

"Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər."

Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşları Covid-19 pandemiyasından qorumaqdır, məlumatda qeyd olunub.

Sonuncu geniş dezinfeksiya tədbirləri Bakıda yanvarın 2-də keçirilib - o zaman paytaxtın 554 küçəsi kimyəvi maddələrlə yuyulub.

Azərbaycan iki erməni hərbçinin cəsədini erməni tərəfinə təhvil verib

Hərbçilər

Şəklin mənbəyi, ALEX MCBRIDE/GETTY IMAGES

Azərbaycan cümə günü iki erməni hərbçisinin cəsədini erməni tərəfinə təhvil verib, Sputnik Armeniya saytı bildirib.

Bu barədə erməni tərəfinin Fövqəladə Hallar Nazirliyinin rəsmisi Hunan Tadevosyan məlumat verib

Bu günə qədər son döyüş əməliyyatları ərazisindən 1232 erməni əsgərinin cəsədi tapılıb.

Məlumata əsasən, axtarış işləri bu gün Şuşa, Hadrut, Cəbrayıl və Füzuli istiqamətlərində davam etdiriləcək.