Azərbaycanda müddətli hərbi xidmətə növbəti çağırış, indiyədək 12 nəfər minaya düşərək ölüb

Şəklin mənbəyi, AA/Getty images
Müddətli hərbi xidmətə çağırış başlayır, indiyədək 12 nəfər minaya düşərək ölüb, döyüş əməliyyatları bitdikdən sonra təxminən "43 min qaçqın Dağlıq Qarabağdakı evlərinə qayıdıb", bu gün Rusiya Fövqəladə Hallar Nazirliyi bu ölkənin "Qarabağa 35 vaqon humanitar yardım göndərdiyini" bildirib, Zəngilan və Qubadlıda əkin sahələrinin minalardan təmizlənməsinə başlanılıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında
Azərbaycan Prezidenti hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev çərşənbə axşamı günü vətəndaşların 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb.
Rəsmi sənədin mətni prezident.az saytında dərc olunub.
"2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar", - dekabrın 22-də yayılan sərəncamda deyilir.

Şəklin mənbəyi, ANAMA
Azərbaycan: noyabrın 10-dan 12 nəfər minaya düşərək ölüb
Noyabrın 10-dan etibarən 12 nəfər minaya düşərək həyatını itirib, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik onlardan 6 nəfərin mülki şəxs, 6-nın isə hərbçi olduğunu açıqlayıb.
Bundan başqa, həmin dövr ərzində 7 mülki şəxs və 14 hərbçi minaya düşərək xəsarət alıb.
Daha əvvəl Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş etmişdi.
Ermənistan-Azərbaycan arasında sentyabrın 27-də başlayan müharibə noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin hərbi əməliyyatların dayandırılması ilə bağlı imzaladığl bəyanatla başa çatıb.
Ermənistanda müxalifət mitinq keçirir
Ermənistan müxalifəti Yerevanın mərkəzində Respublika meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirir. Xəbəri burada oxuyun, videonu burada izləyin.
İndiyədək Qarabağa 43 min erməni sakin qayıdıb
Bölgədə döyüş əməliyyatları bitdikdən sonra təxminən 43 min qaçqın Dağlıq Qarabağdakı evlərinə qayıdıb, TASS Agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən bildirib.
Nazirlik çərşənbə axşamı günü qeyd edib ki, son sutka ərzində rus sülhməramlılarının müşayiətilə avtobuslarla Yerevandan Xankəndinə 351 nəfər gedib.
Ermənistan-Azərbaycan arasında sentyabrın 27-dən başlayan döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb.
Bəyanata əsasən, Rusiya sülhməramlıları bölgəyə yerləşdirilib.
Rusiya Qarabağa 35 vaqon humanitar yardım göndərib

Şəklin mənbəyi, mchs.gov.ru
"Rusiya Qarabağa 35 vaqon humanitar yardım göndərib", Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
Qurumun yaydığı məlumatda bildirilir ki, "artıq boşaldılan 250 ton yardım arasında 10 dizel generatoru, 5 yanğın tankeri, dörd UAZ avtomobili, 280 kubmetr taxta materialları və 35 min ev əşyaları var".
Ermənistan-Azərbaycan arasında sentyabrın 27-dən başlayan döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla başa çatıb.
Zəngilan və Qubadlıda əkin sahələrinin minalardan təmizlənməsinə başlanılıb

Şəklin mənbəyi, ANAMA
"Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonları ərazisində kənd təsərrüfatı üçün nəzərdə tutulmuş əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatlarına başlanılıb", ANAMA bildirib.
Qurum BBC News Azərbaycancaya bildirib ki, "əməliyyatlar Daxili İşlər Nazirliyi, Daxili Qoşunlarının mütəxəssisləri ilə birlikdə dekabrın 15-dən aparılır".
"15-21 dekabr tarixlərində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 684 000 kv.m (68,4 ha) ərazi yoxlanılıb, 23 ədəd partlamamış hərbi sursat (PHS) və 42 ədəd 5.45 mm-lik patronlar aşkar edilərək götürülüb. Zəngilan rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 349 000 kv.m (34,9 ha), Qubadlı rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı isə 335 000 kv.m (33,5 ha) yoxlanılıb".
ANAMA bildirib ki, "ərazilərin minalardan təmizlənməsi planı təsdiq olunmaq üçün müvafiq orqanlara göndərilib".




























