Türk hərbçilər Bakıya gəlib, Erdoğan Putinlə Azərbaycan-Ermənistan arasındakı gərginliyi müzakirə edib

Müdafiə Nazirliyi

Şəklin mənbəyi, Müdafiə Nazirliyi

Çap edildi

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərində iştirak edəcək türk hərbçilər Bakıya gəlib, Azərbaycanın İstanbula yeni baş konsulu təyin edilib, Türkiyə və Rusiya Prezidentləri telefon danışığında Azərbaycan-Ermənistan arasındakı gərginliyi müzakirə edib. Ümumdünya Səhiyyə Təşkilatı Covid-19 epidemiyasının "bu günədək görülən ən ciddi və pis sağlamlıq böhranı olduğunu" açıqlayıb. Böyük Britaniyada ilk dəfə pişikdə koronavirus infeksiyası tapılıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında

Müdafiə Nazirliyi

Şəklin mənbəyi, Müdafiə Nazirliyi

Birgə təlimlərdə iştirak edəcək Türkiyə hərbçiləri Bakıya gəlib

Azərbaycan və Türkiyənin birgə keçirəcəyi genişmiqyaslı hərbi təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Bakıya gəlib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlər Azərbaycan ilə Türkiyənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə 1-5 avqust tarixlərində keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatına görə, hərbçiləri təntənəli qarşılama mərasimi keçirilib.

İstanbul

Şəklin mənbəyi, Getty Images

Azərbaycanın İstanbuldakı baş konsulu dəyişib

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı baş konsulu təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Nərminə Mustafayeva 2018-ci ildə "dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə" prezident sərəncamı ilə "tərəqqi medalı" ilə təltif olunub.

Bundan əvvəl Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev olub.

Vladimir Putin Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, Anadolu Ajansı

Erdoğan Putinlə Azərbaycan-Ermənistan arasındakı gərginliyi müzakirə edib

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bazar ertəsi günü Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Türkiyə Rabitə Nazirliyinin açıqlamasına görə, cənab Erdoğan Rusiya Prezidenti ilə Türkiyə-Rusiya münasibətlərini gücləndirəcək addımları dəyərləndirib, Azərbaycan-Ermənistan arasındakı gərginliyi, Suriya və Liviya başda olmaqla regional məsələləri müzakirə edib.

Prezidentlər ikitərəfli münasibətlər və regional əməkdaşlıq və davamlı dialoq mövzusunda razılığa gəliblər.

tibbi maska

Şəklin mənbəyi, AFP

ÜST: "Covid-19 epidemiyası qarşılaşdığımız ən ciddi qlobal sağlamlıq böhranıdır"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Covid-19 epidemiyasının "bu günədək görülən ən ciddi və pis sağlamlıq böhranı olduğunu" açıqlayıb.

ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus pandemiya ilə mübarizənin dəyərləndirilməsi üçün sağlıq komitəsinin bu həftə toplaşacağını bildirib.

Bu günədək beş qlobal sağlamlıq böhranı elan edilib: Ebola (2 epidemiya), zika, uşaq iflici və donuz qripi.

Dünyada ilin əvvəlindən 16 milyondan çox şəxsdə Covid-19 virusu aşkarlanıb.

Dr Tedros ÜST-ün bazar ertəsi günü keçirilən konfransında səyahət məhdudiyyətlərinin uzun müddət üçün çıxış yolu olmadığını və ölkələrin sosial məsafə və maska taxmaq kimi təsdiqlənmiş strategiyaları mənimsəyərək virusun yayılmasının qarşısını almalı olduğunu söyləyib.

veterinarda pişik

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Foto: Arxiv

Koronavirusa yoluxan pişik

Böyük Britaniyada ilk dəfə pişikdə koronavirus infeksiyası aşkarlanıb.

Londa şəhərinin Weybridge bölgəsində heyvandan götürülən testin cavabı müsbət çıxıb.

Ölkənin Baytarlıq İdarəsinin müdiri Christian Middlemiss pişiyin virusu öz sahiblərinə və ya bölgədə yaşayan digər heyvanlara keçirməsinə dair əlamətin olmadığını deyib.

Virusun pişiyə sahiblərindən keçdiyi güman edilir. Evdəki şəxslərin daha əvvəl koronavirusa yoluxduğu, yüngül əlamətlər göstərən pişiyin isə bir neçə gün ərzində yaxşılaşdığı bildirilir.