Qəbələdə toyda 89 nəfər zəhərlənib

Çap edildi

Qəbələnin Zərgərli kəndində keçirilən toyda 89 adam zəhərlənib.

"Onlardan 19-u qadın, 8-i uşaqlar olub", Baş Prokurorluq məlumat yayıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin Zərgərli kəndi üzrə səlahiyyətli nümayəndəsi Səməd Xəlilov deyir ki, "hər zamankı kimi - ata-baba qaydası ilə toy olub":

"Kənd toyudur, həmişəki kimi çadırda ediblər. Orda istifadə olunan ət və pendir məhsulları toy sahibinin öz şəxsi təsərrüfatından olub. Qalan ərzaqlar, o cümlədən qarpız da bazardan alınıb. Kənddə hərə bir şey deyir: zəhərlənənin biri deyir ki, qarpız yeyib, başqası deyir, bircə stəkan su içib. Hazırda Qida Təhlükəsizlikdən gəliblər, araşdırma gedir".

Prokurorluq bildirib ki, bazar ertəsi keçirilən toyda 500-ə adam iştirak edib və onlardan 89 adam qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

Zəhərlənənlərə ilkin yardım göstəriləndən sonra onlar evə buraxılıblar, yalnız bir nəfər müalicəsini xəstəxanada davam etdirir.

Baş Prokurorluğun açıqlamasına görə, rayon polis şöbəsi və prokurorluğun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşları toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr götürüblər.

İlkin araşdırma zamanı müəyyən olunub ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları (kabablar, toyuq əti, salatlar, qarpız, üzüm, düşes, kompot və sair) qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına və Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə müraciət ediblər, prokurorluq bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması və səhlənkarlıq maddələri ilə cinayət işi açılıb.