Britaniya mətbuatı: Üz cizgiləriniz xasiyyətiniz barədə nələri deyir?

Çap edildi

Britaniya mətbuatında bu gün: Üz cizgiləriniz xasiyyətiniz barədə nələri deyir?, Prokuror təhqiqatı "qarış-qarış" Trump-a yaxınlaşır, PKK iki türk kəşfiyyatçısını "tələyə salıb"

Prokuror təhqiqatı "qarış-qarış" Trump-a yaxınlaşır

"The Guardian" yazır ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller Ağ Evdən prezident olandan bəri Donald Trump-ın ən ziddiyyətli hərəkətlərinə aid sənədləri tələb edib.

Trump-ın Rusiya rəsmiləri ilə mümkün əlaqələrini təhqiq edən Mueller-in ofisindən alınmış məlumatlara görə, araşdırma özünün yeni mərhələsinə qədəm qoyub və prezidentə bir qarış daha yaxınlaşıb.

Ağ Evin adlarının çəkilməsini istəməyən rəsmiləri "New York Times" qəzetinə bildiriblər ki, Mueller-i əsasən 13 sahəyə aid informasiya maraqlandırır. Bunların arasında Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn və FTB direktoru James Comey-nin vəzifəsindən qovulması da var.

Mueller-i həm də Trump-ın ötən may ayında, Comey-ni postundan çıxardıqdan sonra Rusiya rəsmiləri ilə görüşünün təfərrüatları da maraqlandırır.

O vaxt Donald Trump Ağ Evdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla və Rusiyanın o vaxtkı səfiri Sergey Kislyakla söhbətində Comey-ni işdən çıxarmaqla təzyiqlərdən bir qədər azad olduğunu demişdi.

"The Washington Post" qəzeti isə yazır ki, prokuror habelə Ağ Evdən ötən yanvar ayında Flynn-in FTB tərəfindən dindirilməsinə dair sənədləri tələb edib.

Mueller həm də yanvar ayında o vaxtkı prokuror əvəzi Sally Yates-in Ağ Evə Flynn-dən narahatlıq ifadə etdiyi söhbətin təfərrüatı ilə maraqlanır.

Prokuror habelə Ağ Evdən oğul Trump-ın 2016-cı ildə Trump Tower otelində rusiyalı vəkillə görüşməsinə administrasiyanın münasibətini əks etdirən sənədləri görmək istəyir.

"The Guardian" qəzetinin yazdığına görə, Mueller-in tələblərindən belə görünür ki, o, Flynn-ə dair araşdırmanın dayandırılmasına cəhd göstərilib-göstərilmədiyinə əmin olmağa çalışır. Başqa sözlərlə prokuror Trump və komandasının ədalətə mane olub-olmadıqlarını üzə çıxarmağa can atır.

Məqalədə deyilir ki, son hadisələr Mueller təhqiqatının təkcə gücləndiyini yox, həm də bu təhqiqatın Trump administrasiyasının Rusiya ilə bağlı məsələlərlə necə məşğul olduğu ətrafında dövriyyə etdiyini göstərir.

Bu mənada Donald Trump-ın böyük oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında 2016-cı ildə keçirilmiş görüş xüsusi maraq doğurur. Prezident oğluna göndərilmiş e-maillərdən məlum olurdu ki, o, görüşdən əvvəl Rusiya hökumətinin onun atasının qələbəsinə kömək etmək istədiyindən xəbərdar olub.

Bu hadisənin ardınca yayılan xəbərlərdə deyilirdi ki, hadisə ilə bağlı oğul Trump-ın rəsmi bəyanatının hazırlanmasında prezidentin özü bilavasitə iştirak edib və hətta oğlunun nəyi deyib, nəyi deməli olmadığını ona prezident təyyarəsindən diqtə edib.

İndi prokuror həmin vaxt prezident təyyarəsində olanları da dindirmək istəyir.

PKK iki türk kəşfiyyatçısını "tələyə salıb"

"The Times" yazır ki, kürd qiyamçılar Türkiyə kəşfiyyatının iki zabitini ələ keçirdiklərini bildiriblər.

Məqalədə deyilir ki, İraqın şimalında bir PKK liderini oğurlamaq istəyən Türkiyə agentlərini ikili casus tələyə salıb. Ankara bu xəbəri rəsmən təsdiq edib.

"The Times" yazır ki, İraq Kürdüstanına daxil olan Türkiyə kəşfiyyatçıları çox böyük ehtimalla Türkiyənin cənub-şərqindəki separatçı hərəkatda iştirak edən radikal kürd qruplaşmasının liderlərindən Cemil Bayıkı ya öldürməli, ya da oğurlamalı idilər.

Kürd mediasının verdiyi xəbərlərə görə, türk zabitləri Cemil Bayıkın olduğu yerə gətirməyi vəd etmiş PKK casusu, əslində onları pusqu yerinə gətirib.

Türkiyə indiyədək bu xəbərin təfərrüatlarını şərh etməyib. Lakin Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Al-Monitor portalına müsahibəsində bu insidentə toxunub.

O, Ankaranın Avropa İttifaqı, ABŞ və Türkiyədə terrorçu təşkilat sayılan PKK ilə birbaşa danışıqlarda olduğunu inkar edib.

"Əlbəttə bizim dövlət qurumlarımız PKK tərəfindən oğurlanmış bütün vətəndaşlarımızın geri qaytarılmasına çalışır, lakin dövlətimizin PKK ilə həmin o iki şəxsin qaytarılmasına dair heç bir danışıqları olmayıb," - deyib Çavuşoğlu.

Böyük burun - böyük ambisiyalardan xəbər verir?

"The Telegraph" qəzeti yazır ki, yeni elmi araşdırma kişilərin üz cizgilərinin onların xarakterləri barədə nəyi büruzə verdiyini nümayiş etdirib.

Ontariodakı Nipissing Universiteti alimlərinin 145 tələbə arasında apardığı sorğudan çıxan nəticələrdən biri də budur ki, enlisifət kişilərdə testosteron çox olduğundan onlar sevgidə sədaqətsizliyə daha çox meyllidirlər.

Nəticələrə görə, enlisifət kişilər habelə daha qərəzli və əsəbi olurlar. Onlar maliyyə cəhətdən uğurlu olsalar da, etikaları və mənəviyyatları daha çox sual doğurur.

Uzun sifət yüksək intellektdən zəbər verir

2014-cü ildə PLoS One jurnalında dərc olunmuş tədqiqat nəticələrinə görə, uzunsifət və gözləri aralı kişilər (qadınlar yox) daha zəkalı şəxs təsiri bağışlayırlar.

Bu təcrübə zamanı 160 iştirakçıdan (75 kişi və 85 qadın) 40-ı kişi və 40-ı qadın olmaqla 80 çex tələbənin fotolarına baxmaq rica edilib. Təcrübədən bəlli olub ki, həm qadınlar, həm də kişilər adamların zəkalığını onların fotolarından dəqiq müəyən ediblər. Zəkalı kimi qavranan şəxslərin fotolarında onların uzunsifət, nazik çənə, bir qədər uzun burunlu olduqları görünürdü.

Etibar yaradan gözlər

2007-ci ildə İsveçdəki Örebro Universitetinin alimləri göz bəbəyindən şüalanan naxışlarla insanın xarakteri arasında əlaqə tapmağa çalışıblar. Onlar bu nəticəyə gəliblər ki, göz bəbəyindən çıxan şüaların (saçaqların) sıxlığı az olduqda bu, belə gözə sahib olan şəxsin etibarlı və incəqəlbli olduğundan xəbər verir.

Digər tərəfdən göz bəbəyini dövrələyən həlqələrin bəbəyin mərkəzindən uzaqlığı belə göz sahibinin çılğınlığını göstərir.

Böyük burun - böyük ambisiyalar

2013-cü ildə Journal of Craniofacial Surgery jurnalında 1700 üzü, daha doğrusu burunları əks etdirən fotoların təhlilindən alınan nəticələr dərc olunmuşdu.

Alimlər burunun 14 formasının 14 şəxsiyyət növü ilə uyğunluğunu müəyyən etmişdilər.

Tədqiqatçılar bu nəticəyə gəlmişdilər ki, burnunun ucu böyük olanlar anadangəlmə maliyyəçi olsalar da, burunlarının ucu iti olanları pul qətiyyən maraqlandırmır.

Alimlərə görə, burun dəlikləri iri olanlar səxavətli insanlar hesab olunurlar.

Amma ümumilikdə iri burunlu insanların böyük ambisiyaları olur. Onların həm də perfeksionist, yəni hər şeydə kamillik axtaran olduqlarına inanılır.

Seksual oriyentasiya

2013-cü ildə Praqanın Karl Universitetində 40 gey və 40 heteroseksual şəxsin fotoları təhlil edilib.

Araşdırma göstərib ki, homoseksual kişilərin sifətləri enli və qısa olur. Onların burunları da qısa və balacadır. Əvəzində bu adamlarda çənə hissə ətli və girdə olmalıdır. Bir sözlə bunlar qadın və kişi cizgilərini eyni zamanda nümayiş etdirənlərdir.

Hərçənd alimlər deyirlər ki, bu araşdırma üçün daha çox material təhlil edilməlidir.

Qövsvari qaşlar

Sifətoxuyan Jean Haner bildirir ki, qaşlar da sahibi haqqında çox şey deyə bilər.

Onun fikrincə, qövsvari qaşları olanlar qayğıkeş və diqqətcil olurlar. Qaşları düz olanlar isə daha məntiqli insanlardır. Diaqonal qaşlıların heç demə situasiyalara çevik reaksiyası olurmuş…

"The Telegraph" yazır ki, sifətləri öyrənən "elm" - fizioqnomika qədim Yunanıstandan gəlir. Bu cür araşdırmalara xüsusilə də Aristotel və Pifaqor maraq göstəriblər.

Lakin orta əsrlərdə dəbdən düşən fizioqnomika, deyəsən, müasir texnologiyalar zəmanəsinə qayıdır.

Məqalədə deyilir ki, müdiriniz sizi işdən qovubsa, güzgüyə baxmağa tələsməyin.

Fizioqnomika hələ əvvəlcə özünün elm olduğunu isbat etməlidir.