Azərbaycan-Ermənistan sərhədində atışma: tərəflər bir-birini "sülh prosesini pozmaqda" ittiham edirlər

Azərbaycan, Ermənistan, Qarabağ, münaqişə, müharibə, sərhəd, Azərbaycan Müdafiə Nazirliyi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azərbaycan-Ermənistan sərhədində çərşənbə axşamı baş verən atışmada ümumilikdə 7 hərbçi həlak olub. Tərəflər bir-birini "sülh prosesini pozmaqda" günahlandırırlar
Çap edildi

Çərşənbə axşamı Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlikləri sərhəddə 7 hərbçinin ölümü ilə nəticələnmiş atışmaya görə bir-birini "sülh prosesini pozmaqda" günahlandırıblar.

Atışma nəticəsində Azərbaycan 3, Ermənistan 4 hərbçisini itirib. Azərbaycan dörd, Ermənistan altı yaralı olduğunu bildirib.

Hər iki ölkənin Müdafiə Nazirlikləri hazırda vəziyyətin sabit olduğunu deyirlər.

Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri aprelin 11-də yaydıqları məlumatlarda bildirmişdilər ki, qarşı tərəf onların hərbi mövqələrini "atəşə tutub".

Hər iki tərəf bir-birinə qarşı "adekvat" cavab tədbirlərinin görüldüyünü açıqlamışdı.

Tərəflər bir-birini "sülh prosesini pozmaqda" ittiham edirlər

Azərbaycanın Xarici İşlər Nazirliyi baş verən atışmada Ermənistanı günahlandıraraq rəsmi Yerevanı "sülh prosesində maraqlı olmamaqda" ittiham edib.

"Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir", - nazirliyin bəyanatında qeyd olunub.

Qurum həmçinin Ermənistanın hərbi "təxribatlarının siyasi təhrikçi addımlar və bəyanatlarla" müşayiət olunduğunu deyib.

Ermənistanın Xarici İşlər Nazirliyi isə Azərbaycanı "təxribatda və [Ermənistanın] ərazi bütövlüyünə qəsd etməkdə" günahlandırıb.

"Azərbaycanın bu siyasəti yeni deyil. Bu, 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrında Ermənistan ərazilərinin işğalı ilə nəticələnmiş hücumların davamıdır", - Ermənistan Xarici İşlər Nazirliyinin çərşənbə axşamı iki ölkə arasındakı sərhəddə baş verən atışmalarla bağlı bəyanatında bildirilir.

Bundan əlavə, Ermənistan XİN-i açıqlamasında Azərbaycanı regionda "sabitliyi və sülh danışıqlarını pozmaqda" ittiham edib.

Ermənistan XİN-in bəyanatına əsasən, çərşənbə axşamı bir qrup Azərbaycan hərbi qulluqçusu Ermənistanın Sünik vilayətinin Teğ kəndi yaxınlığında "sərhəd nöqtələrini yoxlamaq bəhanəsi ilə Ermənistan Silahlı Qüvvələri hərbi qulluqçularına yaxınlaşıb, onları provokasiyaya təhrik edib və atıcı silahdan, daha sonra isə müxtəlif çaplı başqa silahdan Ermənistan hərbçiləri və SQ mövqeləri istiqamətində" atəş açıblar.

Baş verən hadisələrin araşdırıldığını deyən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çərşənbə günü Ermənistan tərəfinin bu ittihamlarına cavab olaraq bildirib ki, "ilkin rəylərə əsasən təxribat törədilən zaman Ermənistan xüsusi təyinatlı korpusun komandanının və onun müavininin orda olması o deməkdir ki, həmin təhrikçi addımlar məhz onların iştirakı və əmri ilə həyata keçirilib".

"Bu hansısa hərbçinin özfəaliyyəti ola bilməzdi. Bu onu deməyə əsas verir ki, bu addımın arxasında düşünülmüş plan olub. Ermənistan belə məsuliyyətsiz, təhrikçi və təhlükəli addımlardan mütləq şəkildə geri çəkilməlidir, çünki bunun cavabı və nəticələri Ermənistan üçün çox ağır ola bilər", - Ceyhun Bayramov deyib.

Baş diplomat əlavə edib ki, Prezident İlham Əliyevin 10 aprel tarixində Qazaxıstana səfəri zamanı Ermənistanla sülh danışıqlarına dair səsləndirdiyi müsbət fikirlər, xüsusilə "sülh prosesinin alternativsiz seçim olduğunu deməsindən bir gün sonra Ermənistan tərəfindən bu cür təxribatın törədilməsi qəbuledilməzdir".

Rəsmi Yerevanın Bakının bu ittihamları ilə bağlı mövqeyi hələlik bəlli deyil.

Azərbaycan, Ermənistan, Qarabağ, münaqişə, müharibə, sərhəd, Azərbaycan Müdafiə Nazirliyi

Nə baş verib?

Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərinin "atıcı silahlardan intensiv atəşə tutulduğunu" bildirib.

Ermənistan Müdafiə Nazirliyi açıqlayıb ki, saat 16 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Teğ kəndi ərazisində mühəndis işləri aparan Ermənistan silahlı qüvvələrinin bölmələri "atəşə tutulub".

Azərbaycan hərbçilərinin "minaatan vasitələrdən" istifadə etdiyini açıqlayıb. Azərbaycanın Müdafiə Nazirliyi də açıqlamasında Ermənistan tərəfinin "minaatan və iriçaplı silahlardan istifadə etməklə" mövqelərini atəşə tutduğunu bildirib.

Azərbaycan MN aprelin 11-də üç hərbçisinin həlak olduğunu açıqlayıb və bildirib ki, hazırda qeyd olunan istiqamətdə "nisbi sakitlikdir".

Ermənistan MN dörd hərbçisinin həlak olduğunu, altısının, o cümlədən Silahlı Qüvvələrin xüsusi ordu korpusunun komandanı polkovnik Armen Gyozalyanın yaralandığını və onun Yerevan hərbi hospitalına gətirildiyini bildirib.

Ermənistan Müdafiə Nazirliyi yaydığı son məlumatda bildirib ki, atışmaların "intensivliyi xeyli azalıb".

Ermənistan MN bildirib ki, guya İrana məxsus PUA istifadə etməsi ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar həqiqətə uyğun deyil. "Ermənistan Respublikası Silahlı Qüvvələrində heç bir İran pilotsuz uçan aparatı yoxdur", - məlumatda deyilir.

Azərbaycan mediasında Ermənistan hərbçilərinin İrana məxsus PUA-dan istifadə etməsi iddiaları səslənib.

Azərbaycan, Ermənistan, Qarabağ, münaqişə, müharibə, sərhəd, Azərbaycan Müdafiə Nazirliyi

Şəklin mənbəyi, Ermənistan MN

Şəklin alt yazısı, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin erməni hərbçilərə yaxınlaşdığını əks etdirən video görüntülər yayıb

Ermənistan MN-nin yaydığı videoda nə var?

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin erməni hərbçilərə yaxınlaşdığını əks etdirən video görüntülər yayıb.

Bu kadrlarda torpaq yol və çılpaq düzdə çalışan insanlar görünür. Torpaq yolun iki hissəsinə Azərbaycan bayrağı sancılıb. Bayraqların birinin yaxınlığında ağır texnika torpağı qazır və ətrafda 20-dən çox hərbi geyimli şəxs var. Yolun Azərbaycan bayrağı olan hissəsindən hərbi minik maşınında bir neçə hərbçi bura yaxınlaşır və az sonra orada əlbəyaxa dava müşahidə edilir. Atəş açılır, amma atəşi hansı tərəfin açdığı aydın deyil.

Azərbaycan MN hələ ki, bu görüntülərlə bağlı şərh verməyib.

Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərinin "atıcı silahlardan intensiv atəşə tutulduğunu" bildirib.

Azərbaycan, Ermənistan, Qarabağ, münaqişə, müharibə, sərhəd, Azərbaycan Müdafiə Nazirliyi

Şəklin mənbəyi, Armenia Today

Şəklin alt yazısı, Teğ kəndindən sonra Azərbaycanın Laçın rayonu başlanır

Teğ kəndi harada yerləşir?

Teğ kəndi Ermənistanın Sünik rayonunda, Azərbaycanın Laçın rayonundan düz xətt boyu doqquz kilometr aralıda yerləşir.

Bu yolun təxminən ortasından Rusiya sülhməramlılarının məsuliyyət zonası başlayır.

Sülhməramlılar oraya Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında imzalanmış saziş əsasında yerləşdiriliblər.

Onlar Qarabağ ərazisinin ermənilərin yaşadığı hissəsinə nəzarət edirlər. Qarabağa aparan yolda yerləşən Laçın şəhəri əvvəllər erməni tərəfinin işğalı altında olub, lakin 2020-ci ilin payızında Azərbaycan 44 günlük müharibədə qalib gəldikdən sonra qeyd olunan sazişə əsasən geri qaytarılıb.

O vaxtdan bəri tərəflər müxtəlif illərə aid sovet xəritələrindən istifadə edərək, aralarındakı sərhədin haradan keçdiyinə dair razılığa gəlməyə çalışırlar.

30 ildən artıq davam edən hərbi münaqişə dövründə tərəflər bu ərazilərin demarkasiyasına başlaya bilməyiblər.

Azərbaycan, Ermənistan, Qarabağ, münaqişə, müharibə, sərhəd, Azərbaycan Müdafiə Nazirliyi

Şəklin mənbəyi, Getty Images

Ermənistan mediası yazır ki, Baş nazir Nikol Paşinyan son hökumət iclasında Azərbaycanın martın 30-da "Ermənistan ərazisində mövqelər tutduğunu" bildirib.

Hələ martın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisini Laçın dəhlizi ilə birləşdirən yolun hissəsində beş nöqtədə irəlilədiyini elan etmişdi, yerli media yazıb.

"O zaman Ermənistan MTX bildirmişdi ki, Azərbaycan tərəfi qabaqcadan əldə edilmiş razılaşmanı pozaraq, düzəlişlər ediləcəyini gözləməyib və mühəndis işlərinə başlayıb, sonra hər iki ölkənin kartoqraflarının vəziyyəti nizama salması barədə razılıq əldə olunub. Daha sonra MTX bəyan edib ki, vəziyyətin bir qədər yaxşılaşdırılması mümkün olub", - yerli media yazıb.

Bunu aprelin 6-da keçirdiyi hökumət iclasında Nikol Paşinyan da təsdiqləmişdi.

Azərbaycan Müdafiə Nazirliyi martın 30-da açıqlamışdı ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

İki ölkə arasında sərhədlər müəyyənləşmədiyindən, bu yüksəkliklərin Azərbaycan, yoxsa Ermənistan ərazisində olduğu məlum deyil.