Türkiyənin Gaziantep əyalətinə mərmilər atılıb, üç nəfərin öldüyü bildirilir

Türkiyə, mərmi, terror

Şəklin mənbəyi, DHA

Çap edildi

Türkiyə mediasının yazdığına görə, ölkənin Gaziantep əyalətinin Karkamış yaşayış məntəqəsinə atılan mərmilər üç nəfərin ölümünə səbəb olub.

Rəsmilər mərmilərin Suriya ərazisində Fərat çayının şərq sahilindən atıldığı bildirir.

Hadisə Türkiyənin bazar günü Suriya ərazisində "Pəncə-Qılınc" əməliyyatına başlamasından bir gün sonraya təsadüf edib.

"Üç nəfər ölüb, 6 nəfər yaralanıb"

Türkiyənin daxili işlər naziri Süleyman Soylu mərmi zərbələri nəticəsində "bir uşaq, bir müəllim olmaqla, ümumilikdə 3 nəfərin öldüyünü" bildirib.

Gaziantepin valisi Davut Gül Karkamış yaşayış məntəqəsinə düşən mərmilərlə bağlı açıqlamasında mərmilərin "terror təşkilatı tərəfindən atıldığını" bildirib.

"Terror təşkilatı tərəfindən Fərat çayının şərq hissəsindən Karkamış məntəqəsinə 5 ədəd minaatan mərmisi atılıb", - Davut Gül deyib.

O əlavə edib ki, biri ağır olmaqla 4 nəfər yaralanıb.

Atılan mərmilərin bəziləri yaşayış binalarına dəyib.

Yerli medianın bildirdiyinə görə bazar günü axşam saatlarında da həmin əraziyə mərmilər atılıb.

Hadisə yerinə çox sayda xilasedici və həkim cəlb edildiyi bildirilir.

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında müxtəlif hədəflərə hava zərbələri endirib

Şəklin mənbəyi, @TCSAVUNMA

"Pəncə-Qılınc" əməliyyatı

Gaziantep əyalətinə endirilən mərmilər Türkiyə Silahlı Qüvvələrinin bazar günü səhər saatlarında Suriya və İraqın şimalında müxtəlif hədəflərə hava zərbələri endirməsindən bir gün sonra baş verib.

Türkiyənin Milli Müdafiə Nazirliyi "Pəncə-Qılınc" adlı hava əməliyyatında ümumilikdə 89 hədəfin vurulduğunu açıqlayıb.

Açıqlamada əməliyyatın "Türkiyəyə qarşı terror hücumlarının qarşısını almaq və sərhəd təhlükəsizliyini təmin etmək" məqsədi ilə həyata keçirildiyi bildirilib.

Milli Müdafiə naziri Hulusi Akar əməliyyatın gedişini Hərbi Hava Qüvvələri Komandanlığından izləyib

Şəklin mənbəyi, MİLLİ SAVUNMA BAKANLIĞI

Əməliyyatdan əvvəl Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı general Musa Avsever və Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu Hərbi Hava Qüvvələri Komandanlığında toplaşıblar.

Hava hücumlarını buradan izləyən Akar əməliyyatın uğurla başa çatdığını bildirib.

"Məqsədimiz 85 milyonluq vətəndaşımızın və sərhədlərimizin təhlükəsizliyini təmin etmək, ölkəmizə qarşı hər cür xain hücuma cavab verməkdir", Akar deyib.

Əməliyyat zamanı mülki şəxslərin hər hansı bir zərər görməməsi üçün Akarın sözlərinə görə, "bütün tədbirlər görülüb."

"Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar dağıdılıb", Akar deyib.

"Hədəfdə yalnız terrorçular və terrorçulara aid strukturlar olub", - Türkiyə Milli Müdafiə naziri qeyd edib.