Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Astanada görüşüb

Şəklin mənbəyi, Mariya Zaxarova
Cümə günü Qazaxıstanın Astana şəhərində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında nazirlərin görüşündən foto paylaşıb.
Fotodan məlum olur ki, görüşdə hər üç ölkənin XİN başçıları və onları müşayət edən nümayəndə heyəti iştirak edir.
Avropa ittifaqının texniki qrupu Ermənistan Azərbaycan sərhədində qurumun müşahidə missiyasını yerləşdirməyi müzakirə etmək üçün bu gün Yerevana gəlib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz Twitter hesabında yazıb ki, "27 üzv dövlət Ermənistanın sorğusuna cavab vermək üçün sürətlə hərəkətə keçib".

Şəklin mənbəyi, Toivo Klaar Twitter
Onun sözlərinə görə, Avropa İttifaqının sərhədə göndərdiyi missiyasının yerləşdirilməsinin məqsədi vəziyyətə nəzarət etmək, Azərbaycan və Ermənistan arasında sabitliyi dəstəkləmək olacaq.
Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında dörtərəfli görüş olub.
Görüşdən sonra bəyan edilib ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edir.
Praqada Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər.



























