Gürcüstanda 6 ballıq zəlzələ: təkanlar Azərbaycan və Ermənistanda da hiss olunub

Çap edildi

Bazar günü gecə saatlarında Gürcüstan ərazisində 6.2 bal gücündə zəlzələ olub, təkanlar Azərbaycanın Qərb rayonlarında da hiss olunub.

"Report"un məlumatına görə, zəlzələdən Gürcüstanın Dmanisi rayonunun Şahmarlı kəndinin sakini Şaban Qocayevin evinin divarı uçub.

Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, ötən gecə saat 22:44-də baş verən yeraltı təkanların episentri Tblisidən 58 kilometr aralıda yerləşən Sameba kəndi yaxınlığındakı Kvemo Kartli bölgəsində olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Gürcüstanın paytaxtı Tbilisidə və ətraf ərazilərdə güclü hiss olunub.

Zəlzələ Ermənistanda da hiss olunub. Ermənistan rəsmiləri bildirib ki, zəlzələ Lori, Şirak, Araqatsotn rayonlarında 4-5 bal gücündə, paytaxt Yerevanda isə 3 bal gücündə hiss olunub.