Ali Radaya Ukrayna Borşu Günü təsis etməyi təklif edirlər – milli kimlik markeri kimi

Borş

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qətnamə layihəsinin müəllifləri deyirlər ki, artıq 2022-ci ildə Ukraynada ilk dəfə borş günü milli səviyyədə qeyd oluna bilər
    • Müəllif, Svyatoslav Xomenko
    • Vəzifə, BBC, Kiyev
  • Çap edildi

Ukrayna Borşu Gününün təsis edilməsinə dair qərar layihəsi Ali Radada qeydiyyata götürülüb. Bayramı hər il sentyabrın ikinci şənbəsində qeyd etmək planlaşdırılır.

Layihənin təşəbbüskarları bəyan edirlər ki, qətnamənin qəbulu Ukraynanın turizm potensialını artıracaq və borşu Ukraynanın qeyri-maddi mədəni irsi kimi tanıtmağa çalışdığı UNESCO-da Kiyevin mövqeyini möhkəmləndirəcək.

Qətnamənin qüvvəyə minməsi üçün müsbət nəticəli bir səsvermə kifayət edəcək. Sənədin yekun qəbulu üçün prezidentin imzası və ya digər hüquqi prosedurlar tələb olunmur. Ona görə də layihə müəllifləri ümid edirlər ki, artıq gələn il Ukraynada ilk dəfə milli səviyyədə Borş Günü qeyd olunacaq.

"Yumşaq güc"

Ali Radanın deputatı Yaroslav Yurçişin BBC-yə bildirib ki, ideyanın təşəbbüskarları Yevgeni Klopotenkonun başçılıq etdiyi Ukrayna restorançılarıdır.

Klopotenko borşun UNESCO-da Ukrayna qeyri-maddi mədəni irsinin obyekti kimi tanınması kampaniyasının əsas simasıdır.

Yurçişin həmçinin bildirib ki, UNESCO borşla bağlı Rusiyanın təqdim etdiyi alternativ nümayəndəliyi nəzərdən keçirir. Deputat qeyd edib ki, Ukrayna Borş Gününün təsis edilməsi Kiyevin bu mübahisədə mövqeyini gücləndirəcək:

"Russia Today" kanalında rusların bununla bağlı lağlağı etməyə çalışacaqlarını düşünürəm. Amma bu özlərinə zərər verəcək. Postmüstəmləkə ölkəsi olaraq biz daim özümüzünküləri geri almaq üçün səy göstərməliyik. Məsələn, Qoqol Rusiya yazıçısı deyil, ən yaxşı halda Ukrayna-Rusiya yazıçısı demək olar. Borş isə məhz Ukrayna mətbəxinin yeməyidir".

Qətnamə layihəsinə əlavə edilmiş sənədlərdə müəlliflər borşu ukraynalıların "milli kimlik markeri" adlandırıblar.

"Borş Ukraynanın kult yeməyidir; onu qonşularından ayıran differensiasiya nöqtəsidir... Beynəlxalq arenada borş Ukraynanın yumşaq gücü potensialına malikdir, ölkənin tanınmasını və reputasiyasını artırır" - layihəylə bağlı Ali Radanın saytındakı qeyddə belə yazılıb.

Deputat deyir ki, Borş Günü Ukraynaya həm də turizm maqniti yaratmaq üçün lazımdır: həmin gün müxtəlif borş festivalları, bu yeməyin hazırlanması üzrə master-klaslar və s. keçirmək planlaşdırılır.

Layihə müəllifləri bayramın tarixini borşun məhz turizm potensialına uyğunlaşdırıblar.

Məsələ burasındadır ki, tarixi sənədlərdə borş haqqında ilk qeyd 1584-cü ilin oktyabr ayının sonlarına təsadüf edir - Kiyevə səfər edən almaniyalı tacir Martin Gruneveg bu yemək haqqında həmin tarixdə yazmışdı.

Yurçişin BBC-yə deyib ki, Ukraynada oktyabr ayındakı həftəsonlarında digər yaddaqalan tarixlər - Ev Sahibi Günü, Vətənin Müdafiəçisi Günü və Ukraynanın Alman işğalçılardan Azad Edilməsi Günü qeyd olunur.

Bu sıxlıq diqqəti borşdan yayındıra biləcəyi üçün deputatlar əvvəlcə Borş Gününün noyabr ayına təyin olunmasını təklif ediblər, turizm sektorunun nümayəndələriylə məsləhətləşəndən sonrasa sənəddə tarix olaraq sentyabrın ikinci şənbəsini qeyd ediblər.

Ukraynalı restorançı Yevgeni Klopotenko

Şəklin mənbəyi, Ievgen Klopotenko

Şəklin alt yazısı, Ukraynalı restorançı Yevgeni Klopotenko UNESCO-nun borşu Ukraynanın qeyri-maddi mədəni irsi kimi tanıması uğrunda mübarizə aparır

"Həm Ukrayna borşunun tərkibindəki bütün məhsulları o tarixdə tapmaq mümkündür, həm də turistlər üçün müxtəlif tədbirlər keçirmək üçün hava kifayət qədər isti olur" - Yurçişin belə deyib.

Borş birləşdirir

Layihənin müəllifləri həm hakim "Xalqın xidmətçisi" partiyasından, həm də müxalifət partiyalarından olan 24 deputatdır.

Yurçişin qeyd edib ki, təşəbbüsə başqa deputatlar da qoşula bilərlər və Rusiya yönümlü "Müxalif platforma - Həyat uğrunda" partiyasından bircə nəfərin də layihəni imzalamamısı gözlənən idi.

O, sənədin Ali Radada problemsiz qəbul ediləcəyini - bu həftə parlamentin Humanitar və informasiya siyasəti komitəsindən, yanvarda ümumi səsvermədən keçəcəyini və ilin əvvəlində Ukraynada rəsmi olaraq Borş Günü təsis ediləcəyini düşünür:

"Çox ümid edirik ki, koronavirus 2022-ci ildə bu turizm maqnitini işə salmağımıza mane olmayacaq".

Layihəyə əlavə edilmiş sənədlərdə qeyd olunub ki, qətnamə qəbul ediləndən sonrakı bir ay ərzində Ukrayna hökuməti "Ukrayna Borşu Gününün dövlət səviyyəsində qeyd olunması üçün kompleks tədbirlər planı" hazırlamalıdır.

"Əminəm ki, Yevgeni Klopotenko və həmkarları Borş Gününün bürokratik və sovetsayağı bayrama çevrilməsinə imkan verməyəcəklər. Eyni zamanda, həmin gün "Dünyada ən qırmızı borş bizim borşdur" ovqatı da hökm sürməyəcək. Canlı və keyfiyyətli qastronomiya və turizm tədbirləri təşkil olunacaq" - Yurçişin belə deyib.